30 Dekabr 2021
11:57
22142

“Zəngəzurda üç dövlət başçısının görüşünü təşkil etmək olar” - Deputat

"Sürix sənədlərini İrəvanda "Əliyev protokolları” kimi ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək olar".

İslahat.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclası zamanı deyib.

Millət vəkili türk dünyasında yeni eranın başlana biləcəyinə diqqət çəkib:

"Türkiyə dövləti ABŞ keçmiş səfiri olmuş, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi təmsilçisi təyin edib. Ardınca İrəvan da danışıqlar üzrə öz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir. Deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən "erməni layihəsi”nin bağlanmasına fürsət açır. Göründüyü kimi, hərbi qələbəmiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər".

İslahat.az