19 Yanvar 2021
10:50
10447

Yevlax şəhərində KOB evi fəaliyyətə başlayacaq - FOTO

2020-ci ildə Xaçmaz KOB evində sahibkarlara 20 759 xidmət göstərilib.

Bu barədə İslahat.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu xidmətlərin 95 faizini dövlət-biznes ("G2B”), 5 faizini isə biznes-biznes ("B2B”) xidmətləri təşkil edib. Göstərilmiş xidmətlərdən 4 975-i (24 faiz) sənəd qəbulu, 14 210-u (68 faiz) hazır sənədin əldə edilməsi və 1 574-ü (8 faiz) məlumat xarakterlidir.

 

"G2B” xidmətlərin 70 faizi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (13 min 752 xidmət), 20,5 faizi Dövlət Vergi Xidməti (4 034 xidmət), 2,2 faizi "Azəriqaz” İstehsalat Birliyi (441 xidmət), 2,1 faizi "Azərpoçt” MMC (404 xidmət), 1,4 faizi Əmlak Məsələləri Dövlət Xidməti (268 xidmət) tərəfindən göstərilib.

KOB evinə müraciət etmiş sahibkarlar "B2B” xidmətlər üzrə daha çox "Azercell Telekom” MMC, "RabitəBank” ASC, "Prior Leasing” ASC, "Kapital Bank” ASC, Azərbaycan Beynəlxalq Bankının xidmətlərindən istifadə ediblər.

Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir. Qeyd edək ki, Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür.

Pandemiya ilə əlaqədar növbə sıxlığının aradan qaldırılması, vətəndaşlar arasında təmasın minimuma endirilməsi, eləcə də vaxt itkisinin qarşının alınması məqsədilə 2020-ci ildə Xaçmaz KOB evinə müraciət edən sahibkarlar üçün onlayn növbə sisteminin (KOB növbə) tətbiqinə başlanılıb.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Xaçmaz KOB evi 2020-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara İqtisadiyyat Nazirliyi və onun qurumları, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt” MMC, "Azəriqaz” İB, "Azərsu” ASC, "Azərişıq” ASC və s. tərəfindən 150-yə yaxın "G2B” xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri "B2B” xidmətləri göstərilir.

Yaxın vaxtlarda Yevlax şəhərində də KOB evi fəaliyyətə başlayacaq. Bakı şəhərində isə KOB evinin yaradılması istiqamətində müvafiq işlər aparılır.