05 Mart 2021
10:11
11610

Yeni zəfərlərə aparan qüdrətli söz

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yerli və dünya media təmsilçiləri ilə apardığı tarixi dialoq, dörd saat çəkən görüş həm respublika, həm də dünya ictimaiyyəti arasında böyük rezonans doğurmuş, Qarabağ probleminin həlli ilə bağlı məsələləri, Azərbaycan xalqının haqlı mövqeyini bir daha obyektiv şəkildə əks etdirmişdir.

Geniş dairədə kütləvi informasiya vasitələri ilə bu əhatəli və əhəmiyyətli görüşü əsrin müsahibəsi də adlandırmaq olar. Ümumiyyətlə Prezident İlham Əliyevin iyirmi ilə yaxın bir müddət ərzində keçirdiyi ən müxtəlif dövlət tədbirlərindəki çıxışları, mediada səslənən müraciət və nitqlərindəki məntiq, intellektual yanaşma, ardıcıllıq, cazibə xüsusi qeyd edilməyə layiqdir. Jurnalistlərlə növbəti görüş də bu mənada istisna deyil. Elə buna görə də Azərbaycanın müxtəlif siyasi dairələrinə məxsus insanlar, jurnalistlər, ziyalılar, elm adamları, düşüncəli, sadə vətəndaşlar cənab Prezidentin qlobal müsahibəsinə rəy bildirir, öz fikirlərini bölüşürlər.

Hansısa bir rəydə əlbəttə bu müsahibədəki bütün məqamlar haqqında mülahizələri ümumiləşdirmək qeyri mümkündür. Bir vətəndaş, eyni zamanda QHT təmsilçisi olaraq, Prezident İlham Əliyev tərəfindən səslənmiş bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Orada dövlətimizin rəhbəri tərəfindən səslənən tezislərdən biri belə idi ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Məsələn Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılarla ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq ölkəyik və Azərbaycanda müxtəlif xalqları nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır...

Cənab Prezidentin söylədiyi kimi, mhz belə düşüncə göstərir ki, Azərbaycan xalqı dünya ilə, eləcə də dünya xalqları ilə inteqrasiya, səmimi əməkdaşlıq prosesində bəşəri dəyərləri ən ali məqama qoyur. Xalqların sülh şəraitində, mehriban qonşuluq münasibətlərinə əsaslanaraq yaşadıqları mühitdə həmişə uğurlar var. İnsanların həyatı normal qaydada daim yaxşılaşır. Erməni başbilənlərinin səhv siyasəti, məkri, hiyləgər davranışları, xüsusilə azərbaycanlılara, türk xalqlarına qarşı apardıqları düşmənçilik siyasəti bəzən onları bağışlamağa imkan yeri qoymur. Amma budur, biz zəfər çalmağımıza baxmayaraq, yenə də ölkəmizin rəhbəri, dünyanın lider siyasətçisi yenə də fundamental dəyərlərə əsaslanaraq humanist prinsiplərdən çıxış edir. Məsələ burasındadır ki, xalqımız öz rəhbərini sevir. Onun çağırışlarını hər zaman müdafiə edir. Məhz İlham Əluyevin apardığı daxili və xarici siyasət ölkəmizi indiki mərhələyə çatdırmış, xalqımızı sıx bir yumruq kimi birləşdirmiş, bütün sahələrdə, o cümlədən Qarabağ uğrunda döyüş meydanında qələbəmizi təmin etmişdir. Lap düşmən də olsa, axı yüzillər boyu ermənilərlə azərbaycanlılar eyni coğrafiyada, yaxın qonşular kimi yaşamışlar. Azərbaycan xalqı öz vətənində, öz sərhədləri içərisində məskunlaşan, vətəndaşlığı olan hər bir insana eyni gözlə baxmışdır. Prezident İlham Əliyev xalqların birgə yaşamaq haqqını önə çəkərkən həm də azərbaycanlıların milli mentalitetinə güvəndiyini, bu meyarın bir çox problemləri çözəcəyinə inandığını nəzərə çarpdırmışdır. Çox haqlı olaraq cənab Prezident bütün dünya ictimaiyyətinə açıq alınla, tam səmimi olaraq səslənir ki, Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara sahibdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətədaşlarıdırlar, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər. Sovet dövründə bizim o bölgələrdə erməni dilində qəzetlər dərc edilirdi. Orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.

Qələbəmiz, qəsbkar Ermənistan ordusunun darmadağın edilməsi, əlbəttə, iyirmi birinci əsr tariximizin ən parlaq, ən şərəfli səhifəsidir. Lakin bir həqiqət var ki, qonşuluqdakı ən pisniyyətli xalqı da ayrı bir planetə köçürmək mümkün deyil. Əslində Prezident İlham Əliyevin konkret suala istiqamətlənən cavabı lakonik şəkildə tarixən Azərbaycanda tolerantlığın yaşam tərzinə çevrildiyini, rusların, yahudilərin, digər azsaylı xalqların nümayəndələrinin bu ölkənin hər bir vətəndaşına məxsus olan bütün imtiyazlardan tam hüquqla yararlandığını bir daha sübut edir. Digər xalqların nümayəndələrinin dini dəyərləri, etnik adət və ənənələri, dilləri həmişə Azərbaycanda ən yüksək səviyyədə qorunmuşdur. Prezident İlham Əliyevin sualları cavablandırarkən önə çəkdiyi, hər bir düşüncəli insanın razılaşdığı üç ideyanı xüsusi qeyd etmək istəyirəm. Müddəalardan bir belədir ki, indiki mərhələdə regionun inkişafını təmin edən əsas amil davamlı sülhdür. İkinci müddəa onunla bağlıdır ki, birgə yaşayış o zaman baş tutub möhkəmlənə bilər ki, onun əsasında konstruktiv əməkdaşlıq dayanır. Nəhayət, sülhün və birgə əməkdaşlığın nəticəsi mütləq qaydada inkişafı təmin edir. Cənab Prezidentimizin təqdim etdiyi bu platformanın icrası, ölkə rəhbərinin özünün dediyi kimi, yaxşı gələcəyin qarantıdır.

Mən bu rəyi hazırlayarkən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin geniş müsahibəsindən üç-dörd məqama nəzər saldım. Amma, bu qısa baxışın özü də İlham Əliyevin necə uzaqgörən, müdrik siyasətçi, dövlət rəhbəri, dünyanın idarə edən liderlərdən biri olduğunu görməyə kifayət edir. Eyni zamanda onun bu çıxışları bir daha hər bir Azərbaycan vətəndaşının qəlbində işıq yandırır ki, Qarabağ uğrunda döyüşlərdə olduğu kimi, yeni mərhələni də zəfərlə başa vuracağıq. Qarabağ öz övladlarının əli ilə dirçələcək, ümumiyyətlə isə İlham Əliyevin rəhbərliyi ilə xalqımız müasir tarixin ən parlaq səəhifələrini yazacaq.

Təranə Paşayeva,

Psixologiya üzrə fəlsəfə doktoru,

"Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin rəhbəri
 
İslahat.az