05 Aprel 2022
16:20
15355

"Uşaqlarla empatiya qurmalıyıq" - Psixoloq Rövşən Nəcəfov

İslahat.az xəbər verir ki, jurnalist Günel Musanın təqdimatında "Davamlı tənqid və müqayisə olunan uşaqları hansı təhlükə gözləyir?” mövzusu ilə bağlı Voicepress.az psixoloq Rövşən Nəcəfovun fikirlərini öyrənib.

Psixoloq Rövşən Nəcəfov Azərbaycan cəmiyyətində uşaqlara şəxsiyyət kimi yanaşmaq problemi olduğunu bildirir:

"Davamlı tənqid olunan uşaqlar yetkinlik çağında başqalarının da etdiyi bütün müsbət davranışlara neqativ yanaşacaq. Çünki, tənqid və ya buna oxşar digər anlayışlar insan üçün adiləşməməlidir.

Uşaqların davranışlarında uyğunsuzluq müşahidə etmək olar, amma məntiqsiz olduğunu düşünməməliyik. İstənilən neqativ davranışın mütləq bir səbəbi var. Uşaqlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Onun da səhv etmək haqqı olduğunu dərk etməliyik. Uşaqlarla empatiya qurmalıyıq və empatiya qurduğumuzu onlara hiss etdirməliyik. Bütün problemlərin çıxış yolu dialoqdur. İstənilən yaşda insanın fikrini ifadə etməyə ehtiyacı var. Qarşı tərəfin fikrini ifadə etməsinə qarşı olsaq, o zaman qarışıqlıq yaranacaq. Uşaq böyüdükcə yaranmış qarışıqlığın içində özünü ifadə etmək istəməyəcək və ya edə bilməyəcək.

İnsanın şəxsiyyət kimi formalaşması üçün sağlam mühit formalaşmalıdır. Ailədə uşağın şəxsiyyət kimi formalaşması üçün valideynlər həmin sağlam mühiti formalaşdırmalıdırlar. Valideynlər davranışlarında nəyi adiləşdirsələr, uşaq üçün də həmin davranışlar adiləşəcək. Yəni, hər gün şiddət görən uşaq şiddətin adi hal olduğunu düşünəcək və gələcəkdə başqalarının da həyatına şiddət göstərəcək. Uşaqları sevgi ilə böyütməyi öyrənməliyik, daha sonra isə bacarmalıyıq.”

İslahat.az