23 Sentyabr 2021
13:43
23321

Tramp qardaşı qızından 100 milyon dollar təzminat istəyir - FOTO

İslahat.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp qardaşı qızı Meri Tramp və "The New York Times” qəzetini ailələrinin məxfi vergi qeydlərinin açıqlanmasına qoyulan qadağanı pozduğu üçün məhkəməyə verib.

Söhbət 2018-ci ildə nəşr olunan bir məqalədən gedir, həmin vaxt jurnalistlər Trampın öz sərvətini qazandığı iddialarını təkzib etməyə çalışırdılar. Qəzetin öz mənbəsinə istinadən yazdığına görə, keçmiş prezidentin atası, sahibkar Fred Tramp vergidən yayınma sxemləri də daxil olmaqla oğluna 413 milyon dollar qoyub.

Meri Tramp ailəsi haqqında yazdığı "Too Much and Never Enough: How My Family”  kitabında qəzetin istinad etdiyi həmin mənbənin özü olduğunu etiraf edib.

Donald Tramp iddia ərizəsində 100 milyon dollar təzminat istədiyini bildirib. O, qardaşı qızını məlumatları qəzetə ötürməklə 2001-ci ildə məxfilik barədə gəlinən razılığı pozmaqda, jurnalistləri isə bu qadağanı bilə-bilə şəxsi mənfəətləri üçün bu məlumatları ondan almağa çalışmaqda ittiham edib.

İddiada o, Meri Tramp və jurnalistlərin şəxsi intiqam və siyasi gündəmi dəyişdirmək istəyi ilə hərəkət etdiklərinə diqqət çəkib.

İslahat.az