12 May 2022
17:13
16120

Təranə Paşayeva: "Öz arzu və xəyallarınını reallaşdırmaq üçün övladlarının həyatını qurban verən valideynlər heç də az deyil" - MÜSAHİBƏ

Azərbaycanda saatda 1-2 boşanma olur. Bu isə 2 ayda  2505 boşanma  deməkdir. Ümumlikdə bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb. Bəs boşanmalar niyə   bu qədər artıb? Əsas  səbəblər nədir? Bunun qarşısını necə almalıyıq?

İslahat.az psixologiya üzrə fəlsəfə doktoru, "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri Təranə Paşayevanın "Olaylar"a müsahibəsini təqdim edir.

-Təranə xanım,  son zamanlar ailə həyatı quran şəxslər  qısa bir zamanda boşanma qərarına gəlirlər. Buna səbəb nədir?

-Son zamanlar  demək olar ki, gündəlik həyatımızda hər gün səslənən, istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Heç də xoş olmayan hallardan biri olan boşanmaların sayının artması cəmiyyətimiz üçün həyəcan təbili çalmağı və daha diqqətli olmağı  tələb edir.

İstər aidiyyatı qurumların açıqladığı statistikalar, istərsə də gündəlik həyatımızda müşahidələrimiz son illərdə boşanma sayının kəskin şəkildə artdığını bir daha sübut edir. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır.

Diqqət edilməli olan digər məsələlərdən  biri də yeni ailə həyatı qurmuş cütlüklərin çox  keçmədən ayrılmasıdır.

Bu gün boşanmaların səbəblərini bir yox, bir neçə amillərlə əlaqələndirmək mümkündür. Müşahidələr də göstərir ki, səbəblər müxtəlif və çoxsaylıdır. Lakin daha çox qarşılaşılan hallar sırasında sosial, maddi, psixoloji və digər səbəblər üstünlük təşkil edir. Belə ki, boşanma saylarını  nisbi faizlə müqayisə edərkən daha çox səbəblər kimi ailənin maddi durumunun yaxşı olmaması, ailədaxili şiddət və zorakılıq, psixoloji problemlər, zərərli vərdişlərə aludəçilik, müxtəlif xəstəliklər və digər amillər göstərmək olar.

-Ümumiyyətlə gənclərin ailə məsuliyyəti haqqında fikirləri necə formalaşır? 

-Gənclər arasında boşanmaların sayı ildən -ilə daha da artmaqdadır və bununla əlaqədar bir sıra səbəbləri bildirdim. Bunlardan savayı bu gün gənc  ailələrin qısa zamanda ayrılıq qərarı verməsində təəssüflər olsun ki, valideynlərin də rolu az deyil. Birbaşa və ya dolayısı yolla olmasından asılı olmayaraq bəzən öz arzu və xəyallarınını reallaşdırmaq üçün övladlarının həyatını qurban verən valideynlər heç də az deyil. Təbii ki, övladının şad gününü görmək istəyən valideynləri günahlandırmaq olmaz, amma toy arzusu, nəvə istəyi ilə övladlarını, onların ailə anlayışı kimi ağır və məsuliyyətli bir vəzifənin üzərindən gəlib-gəlməyəcəyini düşünmədən nikaha sövq edirlər.

Əsas problemlərimizdən biri də məhz budur. Bu gün bir çox ailələrdə valideyn-övlad münasibətləri uçurum mərhələsindədir. Yaranan müxtəlif səbəblərdən ailə üzvləri arasında kommunikasiya, həyati əhəmiyyətli məsələlərdə valideyn-övlad müzakirələrin olmaması, tərəflərin bir-birinin fikirlərinə hörmət etməməsi, məcburiyyət və digər səbəblərdən dolayı ailə qurmaq istəyən gənclərin özləri də ailə qurmağa hazır olub-olmamasının fərqinə tam vara bilmirlər.

Tez-tez qarşılaşdığımız hallardan biri də yaxın qohum, tanış şəxslərin övladlarının arasında qurulan ailələrin çox keçmədən dağılmasıdır. "Mən onun atasını, ailəsini tanıyıram", "bizə layiq ailədirlər", "valideynləri kimi də övladları olar" və bu kimi ifadələri eşitməmək mümkün deyil. Lakin unutmamalıyıq ki, beş barmağın beşi də eyni deyildir. Valideynlərinin yaxşı insan olması, ailə məsuliyyətini anlaması onların övladlarının da valideynlərinə bənzəməsinə zəmanət vermir.

Ona görə də, sadaladığım bu məqamlarla bağlı valideynlər öz övladları ilə mütəmadi söhbətlər etməli, ailə anlayışının nə dərəcədə vacib olduğunu başa salmalı, övladlarının da fikirlərini dinləməli və ortaq nəticəyə gəlməlidirlər.

-Bildiyimiz kimi, ailə həyatında müəyyən mərhələlər  var ki, insanlar məhz həmin dönəmlərdə diqqətli olmalıdır. Sizcə ailə həyatı üçün təhlükəli dövrlər hansılardır?

-Doğrusu həyatın müəyyən bir mərhələsi yox, bütün mərhələlərində diqqətli olmaq  lazımdır. Araşdırmalar və açıqlanan statistikalar da sübut edir ki, təkcə yeni ailə həyatı qurmuş cütlüklər deyil, illərlə ailəli olmuş şəxslər arasında da yetərincə boşananlar vardır. Bu ilk baxışda qeyri-adi görünsə də, əslində qeyri-adilik yoxdur. İnsan yaşa dolduqca onun həm fiziologiyası, həm də psixologiyasında dəyişikliklər olur. İllər öncə sakit, gülərüz bir insanda illər sonra aqressivlik, stressə meyillilik müşahidə edilə bilir. Ona görə də, konkret bir mərhələ üzərində durmaq düzgün olmaz, lakin diqqət etməli mərhələlərdən biri məhz evlilikdən sonrakı ilk dövrlərdi. Əgər yeni ailə qurmuş cütlüklər ilk vaxtlardan bir-birlərini qarşılıqlı şəkildə anlayır, güvənir, ailə məsuliyyətini dərk edə bilərlərsə və bunu mütəmadi yaşam tərzinə çevirəcəklərsə, əlbəttə həmin ailə xoşbəxt, uzunmüddətli olacaqdır. Əks halda isə, tərəflər arasında anlaşılmazlıq, inamsızlıq nəticəsində ailədaxili münaqişələr, şiddət, tərəflərin bir-birinə xəsarət yetirməsi və sonunda boşanma halı baş verəcəkdir.

-Boşanmış qadınlar yenidən ailə həyatı qurmaqda çətinlik çəkirlər. Həm cəmiyyət tərəfindən onlara təzyiq olunur, həm də qarşı cinsə inamlarını itirirlər. Buna səbəb nədir?

-Qeyd etdiyiniz kimi, bəzən kişilərlə müqayisədə qadınların boşanması və onların yenidən ailə qurması ilə bağlı çətinliklər daha çox olur. Əslində bunu təkcə cəmiyyətə bağlamaq da düzgün deyildir. Təbii ki, hər bir ölkədə cəmiyyətin mövqeyi, onların hər hansı məsələyə baxışı, fikir bildirməsi normal haldır. Ölkəmizdə də daha əvvəllərdən formalaşan fikirlər sırasında bu kimi məqamlarla rastlaşırıq. Amma unutmamalıyıq ki, həyatımızla bağlı verdiyimiz qərarlar təkcə cəmiyyətin fikirləri əsasında deyil, həm də özümüzün verəcəyimiz qərarlar əsasında formalaşır. Odur ki, bu məsələlərdə diqqətli olmalı və düzgün qərar verilməlidir.

Boşanmadan sonra təkcə xanımlar deyil, bəylərin özlərində də bəzən yeni münasibətə, qarşı tərəfə inamsızlıq olması ilə bağlı narahatlıqlar yetərincə olmaqdadır. Mərkəzimizə müraciət edən, boşanan bəylərin də sayı yetərincədir. Amma onlar unutmamalıdırlar ki, daha öncə baş verən uğursuz münasibət bundan sonra da olacaqdır. Odur ki, əvvəlki problemləri araşdırmaq, daha diqqətli və düzgün qərarlar vermək lazımdır.

-Boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgündürmü?

-Ümumiyyətlə təkcə boşanmalar zamanı deyil, digər xoşagəlməz hallar zamanı da birbaşa kimisə günahlandırmaq doğru deyildir. Təbii ki, tərəflərin hər biri özünü haqlı, digər tərəfi haqsız görəcəkdir. Belə olacağı təqdirdə ortaq qərara gəlmək, problemi həll etmək mümkün olmayacaqdır. Boşanma ilə bağlı hadisələrdə də tərəflər hər zaman qarşı tərəfi ittiham edir, özlərini haqlı göstərməyə çalışırlar, amma bununla heç nə əldə edilmir. Təsadüfi deyil ki, bugün bəzi boşanmış cütlüklərin həyatlarının sonrakı mərhələlərində yaşadıqları xoş olmayan hadisələr az deyildir. Burada cinsi ayrı seçkilik etmək olmaz, səbəblər araşdırılmalı və tərəflərin qane edcəcək nəticəyə gəlinməlidir.

-Təranə xanım, yeni ailə qurmuş və boşanmaq mərhələsində olan şəxslərə nəyi tövsiyə edərdiz?

-Bir psixoloq kimi qeyd etməliyəm ki,  yeni ailə həyatı qurmuş şəxslər ailə anlayışının nə dərəcədə vacib olduğunu dərk etməli, bir-birlərinə qarşı anlayışlı olmalı, fikirlərinə hörmət etməli, hər hansı bir vacib qərar verərkən birgə müzakirə etməli, qərar verməli, ailə daxilində yaranacaq problemlərin onlarda formalaşdıracaq psixoloji fəsadlarını dərk etməlidirlər. Yeni ailə qurmuş, lakin boşanmaz mərhələsinə çatmış yetərincə cütlüklər vardır ki, onlar məhz qeyd etdiyim məqamları zamanında diqqət etməyib, istədikləri kimi davranıb və bu mərhələyə gətirib çıxarıblar.

Nəticədə isə tərəflər stress, aqressiya, özünəqapanma, depressiya, panik atak pozuntuları və digər psixoloji problemlərlə üzləşirlər. Odur ki, ailə həyatını məhv etmədən, boşanma qərarı vermədən öncə tərəflər həm özləri, həm də yaxınları ilə birgə problemlərinin səbəblərini tapmalı, müzakirə etməli və bu yaranan xoşagəlməz halı necə aradan qaldırmaq barədə həll yollarını taparaq öz ailələrini qorumalıdırlar.

İslahat.az