31 May 2021
15:26
1578

Təhlükəsizliyinə zəmanət verilməyən məhsulların satılması ilə bağlı XƏBƏRDARLIQ

Bəzi hallarda istehlak təyinatlı qeyri-ərzaq mallarının bir hissəsi ölkə ərazisinə onların təhlükəsizliyinə zəmanət verən uyğunluq sertifikatı olmadan idxal olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Döv  lət Xidmətindən İslahat.az-a verilən məlumata əsasən, bu, iri ticarət şəbəkələrində, bazarlarda, mağazalarda, marketlərdə və s. satış obyektlərində aparılan müşahidə və təhlillər, həmçinin istehlakçılardan daxil olan müraciətlər nəzdində ortaya çıxıb.

Qanunvericiliyin tələblərinə əsasən, standartların tələblərinə uyğunluğu təsdiq edən sertifikat olmadıqda texniki tənzimləmənin şamil olunduğu xarici mənşəli istehlak mallarını satmaq və istifadə etmək qadağandır. Belə malların ölkə ərazisinə idxal edilməsi üçün idxalçı tərəfindən malın təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatı təqdim edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, uyğunluq sertifikatı olmayan malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslərə isə 4 000 manatdan 6 000 manatadək cərimə tətbiq edilir.

Eyni zamanda bu cür faktlar aşkar edildiyi təqdirdə, uyğunluq sertifikatı olmayan malların idxalının qarşısının alınması məqsədilə həmin sahibkarlıq subyektləri barəsində aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılacaq.

İslahat.az