12 Fevral 2021
11:56
13434

TƏBİB: “Açıq havada tək olanda maska taxmaya bilərsiniz” - VİDEO

"Açıq havada yaxınlığınızda heç kim yoxdursa, tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.

İslahat.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxmaq məcburidir. Yəni açıq havada tək gedirsinizsə maska taxmaya bilərsiniz:

 

"Biz əgər sosial ərazilərdəyiksə, maska taxmaq məcburiyyətindəyik. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin sırf inzibati qaydada maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

TƏBİB nümayəndəsinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri ərazidən asılı olmayaraq açıq havada maska taxılmadığı təqdirə polis əməkdaşları tərəfindən cərimə tətbiq edildiyini qeyd ediblər.

Xatırladaq ki, Nazirlər Kabinetinin karantin qaydaları ilə bağlı müvafiq qərarında açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. 

Bu məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Sorğuya cavab olaraq bildirildi ki, mövzu ilə əlaqədar açıqlama veriləcək.