24 Yanvar 2022
11:22
20308

"Şuşa" adından istifadəyə məhdudiyyət qoyulacaq? - Deputatlardan AÇIQLAMA

"14 ay əvvəl Şuşa adını uca tutmaq üçün oğullar çiynində silahdaşının nəşi, yalın əllə qayalar aşmışdı. Cəmi iki ay öncə isə elə həmin Soçidə bu gün "komandamızı" diz çökdürərək "Şuşa"nı "Buta"ya dəyişməyə məcbur edənlərə İlham Əliyev Şuşa dərsi keçmişdi. Görünür, indi o dərslərdən bu "şən və hazırcavab oğlanlara" və onları Soçiyə göndərənlərə keçilməlidir”.

İslahat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adını "Buta” olaraq dəyişməsinə münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, Şuşa ağır yükdür və gərək hər yerindən duran çiynini bu yükün altına verməsin:

"Hər kəs dərsini alıb nəhayət anlasın ki, Şuşa adına iddia etmək, ən azı Şuşanı işğaldan azad etmək qədər çətin olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.1-1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə, yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz. Eyni yanaşmanı əks rakursdan, niyə tarixi yer adlarımıza tətbiq etməyək?

Mülki qanunvericiliyin prinsipləri, qanun və hüququn analogiyası bizə imkan verir ki, uğrunda qan tökülən, can qoyulan hər hansı kənd, qəsəbə və şəhərimizin, bütövlükdə, tarixi yurd yerlərimizin adından istifadə edilməsi məsələsini qanunla tənzimləyək və bu, artıq bir zərurətdir. Əgər biz adicə əmtəə nişanlarından qanunsuz istifadəyə görə məsuliyyət müəyyən ediriksə, bu məsələdə niyə normativ tənzimləmə tətbiq etməyək? Niyə və nə vaxta qədər Şuşa uğrunda qurban getmiş şəhidin anası evindən çıxıb əsgərlikdən yayınan qonşu oğlunun "Şuşa marketi”ni görməlidir? Mənşəyi bilinməyən qruplara, komandalara, dəstələrə, kafelərə, toyxanalara, marketlərə Şuşa adını rahatca yapışdırmaq doğal haqqımız olmamalıdır. Başa düşməliyik ki, arzu edən hər kəs üçün Şuşa adından istifadə etmək bu qədər rahat olanda, sonra bu adı əlcək kimi dəyişmək də çətin olmur”.

Digər deputat Aydın Mirzəzadə isə deyib ki, "Şuşa” adı hər bir azərbaycanlı üçün əziz və həssas bir məhfumdur və heç nə onun dəyişdirilməsinə əsas ola bilməz:

"Hər birimiz, hər bir yerdə bu müqəddəs adı qorumağa çalışmalıyıq. Təşkilatçılar arasından erməni əsilli bir nəfərin tələbi ilə "Şuşa" adının geri çəkilməsi isə bağışlanmaz bir səhvdir. Əgər belə bir tələb ikinci turda yarışmaq üçün şərt idisə, komanda bəyanat verərək yarışmadan imtina etməli və geri qayıtmalı idi. Azərbaycanda onları böyük hörmətlə qarşılayardılar”.

İslahat.az