"SOCAR Petroleum” QSC və "Czar International” şirkətinin birgə layihəsi çərçivəsində "SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
İslahat.az xəbər verir ki,qurumdan verilən məlumata əsasən, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məscidi yaxınlığında yerləşən "SOCAR” YDM-in ərazisində quraşdırılıb.
Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kVt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.
Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan "Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz töhfəsini vermiş olacaq.