09 Mart 2021
18:50
17009

“Səhvlərimizi müzakirə edəcəyimiz doğmalarımız olmalıdır” – Psixoloq Rövşən Nəcəfov

Psixoloq Rövşən Nəcəfov: "Biz çoxlu səhvlər etməklə öz həqiqətimizi tapmış oluruq. Həqiqətimizi isə özümüz tapdığımızda bizim olur. Başqalarına görə yaşamaq, onların fikirlərini önəmsəməklə biz, sadəcə ömrümüzü mənasızlaşdırmış oluruq”.

Ömrün ən həssas seçimi: İfrat azadlıqla şiddətin arasında

AYNA "Valideyn övladına sərbəstlik verməlidir, yoxsa daim nəzarət etmək lazımdır? Balansı qorumaq necə mümkündür?” suallarına cavab axtarıb.

İslahat.az xəbər verir ki, psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov AYNA-nın suallarını cavablandırıb.

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov valideynlərin gənclərlə münasibətdə onlara sərbəstlik vermələrinin doğru olduğunu düşünür: "Valideynlərimizin gənclərimizə yanaşması dostluq münasibətləri formasında olmalıdır. Gənclərin dialoqa, anlayışa, müzakirəyə ehtiyacı var. Bunu cəmiyyətlə edə bilməyəndə, valideynlə etməlidir, çünki, bir gəncin həyatında valideyni həm dostudur, həm də onun üçün cəmiyyətdir. Cəmiyyət birinci növbədə ailədir. Təbii ki, gənclərə sərbəstlik, azadlıq vermək lazımdır. Azadlıq verirsən ki, o, çoxlu seçimlərlə qarşılaşsın, doğrunu seçməyi öyrənsin. Bizim valideynlərimiz övladlarının səhv etməsindən narahat olurlar, amma, insan səhvləri ilə böyüyür. Səhv anlayışı bir təcrübədir. Səhv etməsək, təcrübə də qazana bilmərik. Biz çoxlu səhvlər etməklə, öz həqiqətimizi tapmış oluruq. Həqiqətimizi isə özümüz tapdığımızda bizim olur. Başqalarına görə yaşamaq, onların fikirlərini önəmsəməklə biz, sadəcə ömrümüzü mənasızlaşdırmış oluruq. Gənclər də təbii olaraq bununla razılaşmırlar”.

"Gənclik insan həyatının fərqlilik, yenilik axtaran dövrüdür. Bu dövrdə insan zehniyyəti psixoloji olaraq bütün fərqliliklərə, yeniliklərə açıq olur. Bəzən fərqlilik və yeniliklər istəyi bizi çoxlu alternativlərlə üz-üzə qoyur. Bu halda biz yeni həyatlarla tanış oluruq və bəzən öz həyatımızla müqayisə apardıqda nələrinsə doğru olmadığını görürük. Əgər həyatımızda nələrsə qaydasında deyilsə, bu müqayisə nəticəsində özümüzlə dialoqa başlayırıq. Bu, təfəkkür anlayışıdır. Təfəkkürün əsas qaydası özünə sual vermək və özünü axtarmaqdır. İnsan özünü axtaranda psixoloji gərginliklər yaranır, həyatın mənasız olduğunu, ona heç bir şans vermədiyini düşünür və bu, patoloji hala keçəndə intihar baş verir”, - deyə psixoloq bildirib.

Onun sözlərinə görə, bəzən valideynlər övladlarının həyatında hər şeyə nəzarət edə biləcəklərini düşünür, onlara çox müdaxilə edirlər: "Lakin valideynlər bilməlidirlər ki, daim onların nəzarəti altında olan övladları gələcəkdə real həyat imtahanları ilə üz-üzə qaldıqda, psixoloji olaraq həyata məğlub olacaqlar”.

Psixoloq insan həyatını çərçivəyə salmağın doğru bir tərbiyə metodu olmadığına diqqət çəkib: "Valideynlər övladları ilə dialoq qurmalı, səhv seçim etsə belə, onun yanında olmalıdırlar ki, bu təcrübədən sonra o, doğrunu tapa bilsin. Yoxsa bir insanın həyatını çərçivəyə salmaqla, tərbiyələndirmək olmur. Tərbiyə anlayışı təhsil və mədəniyyətdən ibarətdir. Təhsil və mədəniyyətin də şərtləri bundan ibarətdir ki, insan oxumalı, öyrənməli və yaşamalıdır. Yaşamaq bir peşədir və bunun peşəkarı olmaq üçün mütləq səhvlər etməliyik. Səhvlərimizi müzakirə edəcəyimiz doğmalarımız olmalıdır. Nə olursa-olsun, anlayış göstərməliyik. Bizim valideynlərdə çox təəssüf ki, empatiya hissi yoxdur. Valideynlər övladlarına "mən hər şeyi yaxşı bilirəm” zehniyyəti ilə yaxınlaşırlar. Bəzən isə bunun nəticəsi heç yaxşı olmur. Övladlarını itirəndə dərk edirlər ki, övladlarının kim olmaq, harada olmaq istədiyi ilə heç vaxt maraqlanmayıblar”.

Nəcəfov qadağaların münasibətdəki səmimiyyəti aradan götürdüyünü deyib: "Övladla valideyn arasında dialoq olmalı, valideyn övladının verdiyi qərarları dəstəkləməlidir ki, arada səmimiyyət olsun. Hər şeyə qadağa qoyanda övlad heç nəyi valideynlə bölüşmür, nəyisə soruşanda da yalan və bəhanələr olur. Əgər valideynlər övladları ilə dialoq qura bilmir, hansısa müzakirə apara bilmirlərsə, mütləqdir ki, psixoloqla görüşsünlər. Övladlarında gərginlik müşahidə etdiklərində özləri də, övladları da psixoloqla görüşməlidirlər. Uşaqlarının psixoloji dəstək alması onun suallarına özü cavab tapmasına təkan, kömək olacaq”.

İslahat.az