30 Sentyabr 2021
14:09
22489

Şahmat üzrə dünya çempionatı: Millimiz 1/4 finalda Gürcüstana qarşı - FOTO

Qadınlardan ibarət şahmat millimiz Sitcesdə (İspaniya) keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

İslahat.az-ın xəbərinə görə, A qrupunun son görüşündə dünən meydan sahibi və autsayder İspaniyaya 3,5:0,5 hesabı ilə qalib gələn qadın zəka sahiblərimiz qrupu dörd xalla dördüncü bitirib.

Komandamız B qrupunun lideri, turnirdə Rusiya kimi məğlubiyyətsiz olan Gürcüstanla qarşılaşacaq. Günay Məmmədzadə Nana Dzaqnidzeyə, Gülnar Məmmədova Nino Batsiaşviliyə, Ülviyyə Fətəliyeva Meri Arabidzeyə və Türkan Məmmədyarova Lela Cavaxişviliyə qarşı yarışacaq. Hər şahmatçı həm ağ, həm də qara fiqurlarla çıxış etmək imkanı əldə edəcək.

Digər 1/4 final görüşlərində Rusiya FIDE Amerikasla, Ukrayna Ermənistanla, Hindistan isə Qazaxıstanla qarşılaşacaq. Bütün görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İslahat.az