25 Yanvar 2022
23:28
20253

Şahin İsmayılov: Gənc nəslin öz soy-kökünə bağlılığı Vətəninə, dövlətinə bağlılığın əsas şərtidir

Müasir dünyada təhlükəli kosmopolit ideyalar kifayət qədər geniş yayılmaqdadır. Bu cür ideologiyalar ilk baxışdan zərərsiz görünsə də, arxasında böyük təhlükələr dayanmaqdadır. Belə ki, bu ideologiyalar sanki müxtəlif ölkələrdə, dövlətlərdə insanları, əsasən də gəncliyi öz milli köklərindən ayırmaq üçün yaradılıb. Azərbaycançılıq ideologiyası xalqımızı həm də bu kimi bəlalardan qoruyur, uğurlu gələcəyimizi təmin edəcək gənclərin öz milli kimliyindən ayrılmasına imkan vermir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov söyləyib.
Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev bu ideologiyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Ulu Öndər hələ sovet dövründə respublikamıza rəhbərliyi vaxtı mümkün olan bütün vasitələrlə azərbaycançılığın əsaslarını yaratdı, dirçəltdi və möhkəmləndirdi. O dövrlərdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı, milli kadrlarımızın yetişdirilməsi bunu deməyə əsas verir. Müstəqillik dövründə isə Ulu Öndər bu məfkurəni dövlət ideologiyası olaraq bərqərar etdi. Azərbaycançılığı təbliğ etməkdə Ulu Öndərin məqsədi hər bir azərbaycanlıya vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi. Bu ideologiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir.
"Gənc nəslin öz soy-kökünə bağlılığı Vətəninə, dövlətinə bağlılığın əsas şərtidir. Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir. Fikrimcə, hər bir Azərbaycan gənci bu ideyalarla yetişməli, yaşamalı və fəxr etməlidir. Ulu Öndərimiz xüsusilə gənclərlə görüşlərində bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Düşünürəm ki, xalqımız azərbaycançılıq ideologiyasının əhəmiyyətini İkinci Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördü. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Azərbaycan çoxmillətli dövlətdir və biz hər zaman bununla fəxr etmişik. Azərbaycanda yaşayan xalqlar heç zaman diskriminasiyaya uğramayıb və birgəyaşayış bizim həyat tərzimizə çevrilib. Bütün vətəndaşlarımız tam bərabərhüquqludur. Bunun əsasında azərbaycançılıq ideologiyası dayanır. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti üstün tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür”, - deyə Şahin İsmayılov vurğulayıb.
İslahat.az