22 Aprel 2022
16:20
15347

Rövşən Nəcəf: "TANAP-la 26 mlrd. kubmetrdən çox qaz nəql edilib"

İstifadəyə veriləndən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu ilin 1 aprel tarixinədək 26,13 mlrd. kubmetr qaz nəql olunub.

İslahat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Twitter səhifəsində yazıb.

"Cari ilin 1-ci rübündə isə 4,01 mlrd. kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub”, - paylaşımda bildirilir.

Xatırladaq ki, bu günə olan məlumata görə, kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

İslahat.az