Rusiyanın Ryazan vilayətində İkinci Dünya müharibəsi zamanı SSRİ-nin qazandığı qələbədə xalqımızın misilsiz xidmətlərinə həsr edilmiş "Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitab çap edilib.
İslahat.az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Həmyerlimiz Həşim Məmməd Cəfər oğlu Əliyevin tərtib etdiyi kitabda xalqımızın igid övladlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan və ölkəmizin "qara qızıl”ı olan Bakı neftinin qələbədəki xüsusi rolundan ətraflı bəhs edilib.
Kitabda görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri
Heydər Əliyevin "Əgər Azərbaycanın nefti olmasaydı, o zaman II Dünya
müharibəsində İngiltərə-Amerika koalisiyasının və SSRİ-nin alman faşizmi
üzərində qələbəsi qeyri-mümkün olardı”, Azərbaycan Prezidenti İlham Əliyevin
"Azərbaycan faşizm üzərində ümumi Qələbəmizə layiqli töhfə verdi. Müharibə
zamanı göstərdiyi şücaətə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden
və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib.
Cəbhə üçün lazım olan neftin 70 %-dən çoxu, benzinin 80 %-i, motor yağlarının
90 %-i Azərbaycanın payına düşürdü. Bu olmasaydı, Sovet ordusu düşməni məğlub
edə bilməzdi” və Rusiya Prezidenti Vladimir Putinin "Biz Böyük Vətən Müharibəsi
cəbhələrində fədakarlıqla vuruşaraq ümumi qələbəmizi qazanmış 600 min
azərbaycanlının şücaət və qəhrəmanlığını ehtiramla anırıq” fikirlərinə diqqət
cəlb edilib.
Müəllif kitabın ərsəyə gəlməsində mənəvi dəstəklərinə görə "Moskva vilayəti
azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının
idarə heyətinin üzvlərinə və fəallarına, geologiya-mineralogiya elmləri
doktoru, professor, Azərbaycan Şahmat Federasiyasının keçmiş sədri, II Dünya
müharibəsində Bakı neftinin roluna dair kitabların müəllifi Çapay Sultanovun
həyat yoldaşı Lyudmila Sultanovaya xüsusi təşəkkürünü bildirib.
İslahat.az