19 Sentyabr 2022
10:53
20129

Qazi: Ermənistanın son təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı qətiyyətlə alındı

Azərbaycan Ordusu istənilən döyüş şəraitində adekvat cavablar verməyə hazır olan peşəkar hərbçilərdən ibarətdir. Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədikləri genişmiqyaslı təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin vurulması Azərbaycan Ordusunun hər an cavab verməyə hazır olduğunun göstəricisidir.
İslahat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə Ermənistan silahlı qüvvələrinin törətdiyi son genişmiqyaslı təxribatlardan bəhs edərkən deyib.
Ölkə başçımızın müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif olunan Bəhruz Məmmədzadə qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük tarixi Qələbəni bundan sonra baş verəcək düşmən hücumlarında da təkrar edəcək və yenidən tarix yazacaq. Necə ki, tarixin yazıldığını və düşmənin revanşist hücumlarının qarşısı alındığını görürük.
O bildirib ki, Ermənistanın Qarabağa hərbçilər və silah göndərərək yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Ermənistan Azərbaycanla sərhədlərdə yeni hərbi obyektlər yaradaraq hücum planlayırdı. Digər tərəfdən Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Bütün bunların Azərbaycan Ordusu tərəfindən qarşısı alındı. "Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir ki, həm siyasi, həm də hərbi revanşa hazırlaşırdı. Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin iradəsi və qətiyyəti ilə ordumuz istənilən döyüş şəraitində düşməni məhv etməyə hazırdır. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların nəticəsində hansı ağır nəticələrin olacağı bir daha aydın göründü.
"Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə əsgərimiz Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir”, – deyə Bəhruz Məmmədzadə əlavə edib.

İslahat.az