19 Fevral 2021
14:34
14374

Qarabağ bölgəsi “Yaşıl enerji” zonası dünya üçün bir nümunə olacaq

Qarabağ bölgəsi  "Yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq.

Heç düşündünüzmü "Vətən sevgisi nədir? Vətəni niyə sevirsən?”- sualının cavabı varmı...

Vətən sevgisi intəhasız, bəhanəsiz, sorğu-sualsız, təmənnasız sevgi deyilmi?!  Məhz bu sevginin gücü deyilmi sadə bir vətəndaşı Vətənin qəhrəman oğluna çevirən?! Onun ürəyinə, canına, biləyinə Şuşanın sıldırım qayalarına bir nəfəsdə dırmaşacaq qədər güc verən. Elə bu sevgi deyilmi Vətəni alınmaz qala edən. Bu qalanı ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən, öz qanından torpağa qatan onu " Vətən” edən onun mərd oğullarıdır. Bu sevginin gücü hesabına vətən oğullarının ürəkləri qırx dörd gün ərzində bir döyündü. Onlar öz ömürlərini Vətənə bağışlayan ölməz qəhrəmanlara çevrildilər.

Bu şanlı Vətən müharibəsinin ən böyük qəhrəmanı isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevdir. Uzaqgörən siyasəti, yüksək intellekti, zəngin mənəviyyatı ilə qəlblərdə və tarixdə taxt quran, 44 günlük zəfər savaşının yolunu müzəffər edən İlham Əliyev. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı Qarabağın yenidən cənnətə çevrilməsinə yönəlmiş planlardan danışıldı. Cənab prezident xüsusilə bir məqama toxundu - erməni işğalından azad olunmuş ərazilərdə "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk "ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Nədir "yaşıl enerji zonası?”

Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır:

Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox keçmiş  illərdən bəri faydalanırlar . Taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin böyük potensialı var.

Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.

Bütün bu izahatlardan məlum olduğu kimi "yaşıl enerji” zonası Qarabağın cənnətə çevrilməsində mühüm rol oynayacaq. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 140 meqavat olacaqdır. "Xudafərin” və "Qız qalası” su elektrik stansiyalarından da əlavə 140 meqavat güc alınacaq.

 Bunları qeyd etməkdə bir məqsədim var. Görün illərdir  biz nələrdən, hansı sərvətlərdən məhrum qalmışıq. Öz cənnətimizdən, öz vətənimizdən, Kəlbəcərimizdən, Laçınımızdan, Zəngilanımızdan, Cəbrayılımızdan məhrum qalmışıq. Bu gün biz, vətən üçün yumruq kimi birləşən xalq bu torpaqlarda yarım qalmış arzuları həyata keçirməkdə dövlətə dəstək olmağa and içmişik.

İllərdir bağrımızı deşən o Vətən həsrətinin önünü heç kim kəsə bilməzdi. Yüzlərlə oğullar Ali Baş Komandanın tək kəlməsi ilə könüllülər sırasına yazıldı və əmrini gözlədi. Mən bu ölkənin  vətəndaşı olaraq böyük fəxrlə deyə bilərəm ki, birinci Qarabağ müharibəsi veteranı Kapitan Hacı Əliyevin qızıyam, ikinci Vətən   müharibəsi veteranı Ağasəf Abdullayevin həyat yoldaşıyam. Qalib ölkənin qürurlu gənciyəm. 

Leyla Sərabi nə gözəl qeyd etmişdi, ən gözəl kişilərin ömründən kəsilib,önümüzə uzanan qələbə yolundan asılır gözlərimiz. Mən bu hissləri ürəyimin hansı siyirməsinə qoyum bilmirəm. Şuşaya qovuşan Prezident kövrəlir, Qarabağa ayaq basan məmur ağlayır, kişi ağlamaz deyən ən kişi adamlar belə hönkürür. Yaşasın hürriyyət !  

Rübabə Abdullayeva,

Binəqədi rayonu, 30 nömrəli tam orta məktəbin direktoru 
 
İslahat.az