14 Aprel 2022
14:03
21979

"Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir" - Fuad Heydərli

Azərbaycan daim reallaşdırdığı uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev cənabları hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyev cənablarının bir neçə gün əvvəl gənc güləşçilərlə görüşü, ilk növbədə, Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Belə ki, Avropa çempionatında komanda hesabında birinci yerə çıxaraq yüksək nəticələr əldə etmiş gənc güləşçiləri qəbul edən dövlətimizin başçısı ölkəmizdə idmanın uğurla inkişaf etdiyini, respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin idmançılarımızın yerli və beynəlxalq arenalarda qələbələri ilə yanaşı, dövlətimizin qüdrətini nümayiş etdirdiyini vurğuladı və qeyd etdi ki, idmanın inkişafı və idman nailiyyətləri, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir.
«Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı»,-deyən dövlətimizin başçısı çıxışı zamanı bizə tövsiyələr də verdi: «Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz. Bu, sizin həyatınızda çox əlamətdar və unudulmaz hadisədir. Bu titul - Avropa çempionu, yaxud da ki, gümüş, bürünc mükafatçısı əbədi sizinlə olacaqdır. Həm də biz hamımız sevinirik. Çünki gənc nəsil yetişir, gənclər Vətəni ləyaqətlə təmsil edirlər, hərə öz yerində, idmançı, hərbçi, mütəxəssis. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir».
Bəli, İkinci Qarabağ müharibəsində müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın 30 illik erməni işğalına son qoyaraq, əzəli və əbədi ərazilərinə yiyələnən müasir Azərbaycan gəncliyi buna gözəl nümunədir. Artıq şərəf tarixinə çevrilmiş 2020-ci ildə gənclərimizin qanı ilə yazılmış qələbə salnaməsinin sətirləri əsrlərcə solmayacaq. Məhz gənclərimiz öz ata-babalarının şöhrət yolunu Vətən müharibəsində şərəflə davam etdiriblər. Cənab İlham Əliyev Bakının "Azadlıq” meydanında keçirilən Zəfər paradında bu barədə fikirlərini tükənməz iftixar hissi ilə ifadə edib: "Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi”.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursunu alqışlayır və bu siyasətin icrasında daim onun yanındadır. Sonda dövlət başçısının dediyi kimi: "2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm".
Bəli, bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq, dil savadı ilə seçilirlər və qürurvericidir ki, Liderimiz gənclərimizin daima yanındadır, biz gənclər üçün bir örnəkdir. Biz gənclər də hər bir sahədə bu etimadı doğrultmaq üçün əllərimizdən gələni əsirgəməməliyik.

Fuad Heydərli,
YAP Səbail rayon təşkilatının məsləhətçisi


İslahat.az