07 Yanvar 2022
14:16
23243

Prezident 2022-ci ili “Şuşa ili” elan etməklə Şuşanın tarixi kimliyini özünə qaytardı - Anar Məmmədov

"Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti zamanı 2022-ci ili "Şuşa ili” elan etməsi tariximizin, mədəniyyətimizin beşiyi sayılan Şuşanın milli kimliyinin, tarixi simasının qaytarılması baxımından dünyada tanınması üçün böyük əhəmiyyət kəsb edir. Cari ilin "Şuşa ili” elan olunması eyni zamanda Şuşanın Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Şəhərin 270 illik yubileyi münasibəti ilə keçiriləcək təbliğati işlər isə dünyaya səs salacaq və Şuşanın kimə məxsus olduğu aydınlaşacaq. Bu mənada Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa ili” elan etməsi olduqca mühüm qərardır.”

İslahat.az xəbər verir ki, bu fikirləri "Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

"İllər öncə ulu öndər Heydər Əliyev Qarabağın tacı olan Şuşa şəhərinin hər bir azərbaycanlı üçün dəyərini qiymətləndirərkən demişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” Bu, Şuşanın bizim üçün nə dərəcədə dəyərli olduğunun böyük ifadəsi idi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin birində "Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Şuşa mədəniyyətimizin paytaxtı, qədim Azərbaycan torpağıdır” deyən A.Məmmədov qeyd edib ki, 28 ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri işğaldan azad edildi: "Xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün – 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzalandı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.”

Deputat bildirib ki, Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır: "Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənib. Azərbaycanın alınmaz qalası,

mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir.”

A.Məmmədov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin birbaşa nəzarəti altında gündən-günə Şuşa dirçəlir, inkişaf edir, tarixi əzəmətini özünə qaytarır: "Bütün bunlar isə onu göstərir ki, tezliklə mədəniyyət paytaxtımızda həyat yenidən qaynayacaq. Dövlət rəhbəri 2022-ci ili "Şuşa ili” elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan edərək mesaj verdi. Dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyini görəcək. Azərbaycan bu torpaqlara yenidən həyat qaytaracaq, dağıdılmış şəhərlərə ruh və can verəcək.”

İslahat.az