29 Mart 2022
11:47
22254

Ombudsman 31 Mart Soyqırımı ilə bağlı bəyanat yaydı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

İslahat.az xəbər verir ki, bəyanatda bildirilir ki, "Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilib.

1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələri nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılıb. 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, ümumilikdə 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.

Bəyanatda qeyd olunub ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti mülki əhaliyə qarşı törədilmiş cinayətlərin araşdırılması, eləcə də azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı real fakt və sübutlara əsaslanan hallara münasibətdə ədalətli mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidir.

Bəyanat BMT-nin Baş Katibi, Təhlükəsizlik Şurası, İnsan Hüquqları üzrə Ali Komissarı, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə və digər beynəlxalq təşkilatlara göndərilib.

İslahat.az