30 Dekabr 2021
15:20
21547

“Nəfəs”-in ilk ildə çıxdığı yol: yüzlərlə insanlara maddi-mənəvi dəstək oldu, arzularına nəfəs verdi

Bir il ərzində yaranmış "Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi 2021-ci il böyük nailiyyətlər ilə geridə qoyur.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən, gəlir əldə etməyi nəzərdə tutmayan, fəaliyyət istiqamətini yardımlaşma və dayanışma prinsipləri əsasında həyata keçirən bu insanlıq hərəkatı bu il çıxdıqları yolda yüzlərlə insana və ailələrə maddi-mənəvi dəstək olub, onların arzularını reallışdırmağa çalışıb.

Birliyin bir illik hesabatında bildirilir:

"Məqsədimiz ölkəmizin sosial, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görərək öz dəstəyimizi göstərməkdir. Platformamız sosial problemlərin həlli istiqamətində xüsusi qayğıya ehtiyacı olan insanların həyatlarına toxunur, onlara nəfəs olmaq üçün yardımsevər insanları bir araya toplayır. Biz həmçinin, qloballaşan dünyamızda milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq və mədəniyyətimizi geniş şəkildə təbliğ etmək istəyirik.

Çox böyük ümidlərlə və qəlbimizin ən səmimi duyğuları ilə çıxdığımız bu yolda əsas məqsədimiz insanlara, heyvanlara, təbiətə, bir sözlə xüsusi qayğısı olan bütün canlı aləmə nəfəs olmaq əlimizdən gələn maddi-mənəvi bütün dəstəyi göstərmək idi. Fəaliyyət istiqamətimiz müxtəlif olsa da əsas gücümüz şəhid və qazi ailələrinə ayırdıq. Çünki ölkəmiz çox çətin və çox həssas bir dönəmdən keçdi. Doğrudur, şükürlər olsun ki, Vətən müharibəsindən, haqq savaşından qalib ayrıldıq, Qarabağımızı yenidən geri qazandıq. Lakin bu əvəzolunmaz hisləri bizə yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi olduqca narahat edirdi. Düşündük, dedik ki, madam ki, həyatdayıq, gücümüz yetir, bir şeylər etməliyik. Bu minvalla qollarımızı çirmələyib, işə başladıq”.

Qeyd olunub ki, birlik bir il ərzində 189 şəhid və qazi ailəsində evini ziyarət edib, onların həyat hekayələrini dinləyib:
"Çalışdıq ki, yalnız mərkəzdə, Bakıda yaşayan qazi və şəhid ailələrini deyil, bölgələrdə yaşayanları da diqqətdən kənarda qoymayaq. Mövcud imkanlarımız daxilində müxtəlif bölgələri ziyarət etdik, sağlamlığını itirmiş 45 qazinin müayinə və müalicə xərclərini qarşıladıq onlardan 8-nin cərrahiyyə əməliyyatını həyata keçirdik. 53 şəhid və qazi ailəsinin sosial həyatına birdəfəlik maddi dəstək göstərdik. 4 ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına kömək etdik, evlərini bütün növ mebel və əşyalarla təmin etdik. Bir şəhidimizin dünyaya yenicə göz açan övladını bir il boyunca himayəyə götürdük və bütün ehtiyaclarını qarşıladıq. Bir şəhid bacısını həkim tövsiyəsi əsasında əməliyyat etdirdik”.

"Nəfəs” İctimai Birliyi əsas gücünü bu istiqamətə ayırsa da digər sahələri də unutmayıb:

"İstər sosial, istərsə də mədəni, istərsə də ekoloji, gücümüz nəyə çatdısa ona yetməyə çalışdıq.
Bu il ərzində "Bir ağac bir nəfər” devizi altında iki böyük ağacəkmə aksiyası həyata keçirdik. Ümumilikdə 700 fidana nəfəs verdik, onları torpağa qovuşdurduq.
Təhsil də bizim üçün ən önəmli sahələrdən biridir. Gələcəyə nəfəs olaq deyərək, bu istiqamətdə fəaliyyətimizi gücləndirdik. İl ərzində sosial təminatı aşağı olan 16 tələbənin təhsil xərclərini qarşıladıq və böyük qürur hissi ilə qeyd etmək istərdik ki, onlardan 11-i qəhrəman şəhidlərimizin övladıdır və ali təhsillərini Türkiyədə davam etdirirlər.

Bununla yanaşı "Bir çanta bir sevinc” adlı kampaniyasını da həyata keçirdik və Bakı, Sumqayıt da daxil olmaqla bölgələrdə yaşayan qazilərimizin ümumilikdə 85 məktəbli övladına dərs ləvazimatlarından ibarət məktəbli çantası təqdim etdik, onlara yeni təhsil ilində uğurlar arzuladıq.

İl boyunca məktəblilərin asudə vaxtlarının səmərəli keçməsi üçün "Bonus” Gənclər Birliyi ilə birgə layihə həyata keçirdik. Yeniyetmələrdə oxu vərdişini yaratmaq, onlarda dünya görüşünü inkişaf etdirmək və xarici dilə ədəbiyyata olan maraqlarını artırmaq üçün mütaliə və danışıq klubları təşkil etdik və uğurla yekunlaşdırdıq.
Ümumilikdə 110 ailənin sosial qayğılarına maddi və mənəvi dəstək olduq. Ailə başçısını itirmiş 2 xanımın sənət öyrənməsi üçün kursa yazdırdıq, bölgələrdə yaşayan iki ailənin isə yarımçıq qalmış mənzil tikintisini tamamladıq.

Fiziki məhduddiyyətli dostlarımızı da unutmadıq.

Anadangəlmə autism xəstəliyindən əziyyət çəkən bir uşağın ürəyinə nəfəs olmaq üçün idman, psixoloq və digər prosedurlarını həyata keçirdik və olduqca müsbət nəticələr əldə etdik.
Eyni diaqnozlu bir uşağın da bu ay eyni prosedurlarına başlamışıq.
Bununla yanaşı Nərimanov rayonunda yerləşən gözdən əlillər üçün nəzərdə tutulan yataqxanada olduqca çətin şəraitdə yaşayan 15 gözdən əlil ailəsini ziyarət etdik onların sıxıntılarına ortaq olduq. Sonra da tanış olduğumuz Azərbaycan Pedaqoji Universitetinin tarix və coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi, Kamal adlı bir gəncin kəsir borclarını qarşıladıq. Dünyanı gözləri yox, könülləri ilə yaşayan bu insanları daim diqqət mərkəzində saxlamaq onların həyatların kiçik də olsa toxuna bilmək bizi xoşbəxt etdi.
Ötən aylarda xalça muzeyində təşkilinə dəstək olduğumuz "Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi satış yarmarkasını da uğurla yekunlaşdırdıq. Sərgidə fiziki məhdudiyyətli bir qrup istedadlı dostumuzun rəsm əsərəri və əl işləri nümayiş olundu.

"Nəfəs” İctimai Birliyi olaraq bir müddət ehtiyacları ilə yaxından maraqlandığımız gənc rəssam Ceyhunun da bu sərgidə iştirakı və əsərlərinə olan böyük maraq bizə ayrıca qürurlandırdı.
Sevindirici haldır ki, 3 gün davam edən sərgidəki rəsm əsərlərinin demək olar ki, böyük əksəriyyəti aksiyanın elə ilk günündəcə satıldı. Bu isə özlüyündə bir daha onu göstərdi ki, ölkəmizdə bu növ sərgilərə laqeyd yanaşılmır.
Bu il həmçinin birliyimizin maddi dəstəyi ilə iki kitab da nəşr olundu. Millli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə yazıçı Güləmail Muradın "Tovuz döyüşləri”, Rauf Bəhmənlinin "Unudulmuş Azərbaycan marşları” kitablarının təqdimat mərasimi elə birliyimizin ofisində baş tutdu.
İl bizim üçün çox gözəl yekunlaşdı, Belə ki, Nəfəs İctimai Birliyi bir neçə QHT tərəfindən müxtəlif tərifnamələr və təşəkkürnamələr ilə təltif olundu.
Yola çıxdığımız ilk ildə həyata keçirdiyimiz işlərin, nəfəsi olduğumuz insanların hər ötən ayda sayca çoxalması bizim ən böyük motivasiya mənbəyimizdir”.

Xatırladaq ki, "Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevadır.

İslahat.az