Xeber24.az-da "Paraqraf” layihəsinin bu dəfəki qonağı "İnsan Mühəndisliyi” proqramının rəhbəri, psixoloq Rövşən Nəcəfovdur.
İslahat.az həmin müsahibəni təqdim edir:
Son günlərdə ölkədə
gənc qızların intihar halları artmaqdadır. Sizcə, buna səbəb nədir?
Ümumiyyətlə, intihar hadisələrinə baxış 2 formada olur. Ya insan həyatdan bezir,
ya da cəsarət nümayiş etdirir. Bu gün bizim insanlarımız natamamlıq kompleksi
keçirirlər və bunun həyatda tamamlanması üçün valideyn ona heç bir dəstək
olmur. Xüsusən də mənəvi dəstəkdən söhbət gedir. Bizim valideynlərimiz düşünür
ki, maddi olaraq övladlarını tam təmin etsələr, onlar artıq öz missiyalarını
doğru yerinə yetirmiş olacaqlar. Amma, övladın əsas gözləntisi valideyn
tərəfindən ona olan mənəvi dəstəkdir. Yəni, övlad səhv belə etsə, valideyn onun
yanında durmalıdır. Çünki, biz öz səhvlərimizlə böyüyürük və çoxlu səhvlər
etməliyik ki, həyatda təcrübə qazanaq və öz həqiqətimizi tapaq. İstənilən
insan, istənilən kateqoriyaya uyğun olan şəxs hər zaman öz həqiqətinin
axtarışında olur və o öz həqiqətini tapması üçün bəzən dəstək istəyir. Bu
dəstəklər həqiqəti əks etdirməyəndə və bunu valideynlə müzakirə etməyəndə belə
hallar ortaya çıxır. İnsan depressiyaya uğrayır. Bu depressiya da elə bir
hadisədir ki, yüngül başlayır və bir müddətdən sonra patoloji hala keçir. Bu
hala keçəndən sonra isə intihar hadisəsi baş verir. Yəni, bir hadisə ilə
nəticələnir. Şərt deyil ki, bu intihar olsun. Həmin insan öz həyatı ilə bağlı
heç vaxt qərar verə bilməz. Və sadə dildə desək, öz ayaqları üstündə dura
bilməz. Bizim valideynlərimiz övladlarına diqqəti artırmalıdır. Yəni, bu
nəzarət diqqəti deyil, söhbət onun dinlənilməsindən, müzakirə edilməsindən
gedir. Övladının verdiyi qərarlara hörmət etməkdən gedir. Bunu etməyəndə, övlad
artıq öz həqiqətini ailəsində yox, ailəsindən kənarda müzakirə edir və bəzən bu
müzakirələr onu yanlış istiqamətlərə yönləndirir. Yanlış addımlara təhrik edir.
Sizcə ailədə valideynlərin hansı davranışları övladlarının intihara əl
atmasına səbəb ola bilər?
Konkret yanaşsaq, valideynlərin bu gün övladları ilə verdikləri qərarlar
yanlışdır. Valideyn düşünür ki, onun övladı səhv etməməlidir. Onun övladı tam
təhlükəsiz böyüməlidir. Onun övladının həyata baxışı onunla eyni olmalıdır.
Övlad isə gənc yaşlarında artıq cəmiyyət üçün addımlar atır. Özünü təsdiq,
şəxsiyyət prosesi başlayır. Və bu şəxsiyyətin tamamlanması üçün, bu portretin
yaranması üçün gənc yaşlarımızda biz hər şeylə maraqlanırıq. Bu maraqlar bəzən yanlış
maraqlar ola bilər, lakin, hər zaman insan öz maraqlarını qorumağa çalışır.
Gənc yaşda hər hansı bir musiqi növünü sevirik, bu musiqi növünü valideyn
sevmirsə, gənclə valideyn arasında mübahisə yaranır. Yəni, müzakirə yox, mübahisə.
İnsanları nəyəsə təhrik edən məhz mübahisələrdir. Mübahisə etmək olar, amma,
mübahisənin predmetləri bir az fərqlidir. Ailə ilə insan mübahisə etməz,
müzakirə edər. Yəni, debat anlayışı var və biz debatı ailəmizlə yox, cəmiyyətlə
edirik. Fərqli fikirlərlə edirik. Bu bir az başqa bir prosesdir. Amma, valideynlə
övlad arasında önəmli olan müzakirələrdir. Müzakirələr olmayanda, övlad artıq
özü istədiyi kimi davranmağa başlayır. Heç bir istiqamət götürmədən, o, düşünür
ki, bütün həqiqətlər ondadır. Və valideyn də onun həqiqətlərini, qərarlarını
qəbul etmir. Bu halda artıq kompromis yaranmır. Belə olan halda da artıq həyatı
ilə bağlı radikal addımlar atır. Fiziki intihardan əvvəl insanın birinci mənəvi
intiharı başlayır. İnsan mənəvi olaraq öldükdən sonra fiziki olaraq ölür. Yəni,
övlad artıq mənəvi ölübsə, onunla bağlı valideyn mütləq psixoloqa müraciət
etməlidir ki, övladı xilas etsin.
İntihar etmək düşüncəsində olan birinin bu addımını hansı hərəkətlərdən
sezmək olar?
İntihar etmək istəyən insanı bir neçə müşahidə metodları var. Hansı ki, bəzən
bizdə intihar deyəndə obraz belədir - o özünü tərki dünyaya aparır və o düşünür
ki, heç kim onu başa düşmür, qapalı olur və s. Əslində intiharın əsas
müşahidəsi odur ki, insan deyib, gülərək də intihar edə bilər. Önəmli olan onun
daxilində olan dialoqudur. Və psixologiyada biz buna suisidal fikirlər deyirik.
Suisidal fikirləri olan insanları mütləq diaqnostika etmək lazımdır ki, onun
hərəkətlərinin istinad nöqtələrini tapaq. Yəni, o istinad nöqtələrini
tapmadıqdan sonra, pasiyentlə müzakirə etmədikdən sonra onunla bağlı qərar
vermək olmaz ki, məhz bu davranışları onu intihara sürükləyib. Amma, bir məqamı
xüsusi vurğulamaq istəyirəm. İnsanın həyatında müxtəlif mərhələlər var ki, həmin
mərhələlərdə o insana qarşı çıxılanda, o insan addımı şüursuz şəkildə atır.
Burda 2 cür intihar yanaşması var: Bir, sən intihar etməyə qərar verirsən. Bir də
var ki, sən artıq heç nə düşünmədən, heç bir məntiqi əsası olmadan intihar
edirsən. Belə olan halda onunla psixoterapevtik söhbətlər etməsən, bilmək olmaz
ki, o nəyə görə intihar edib. Ailə daxili münaqişələr ola bilər, hər hansısa
bir şəxsi münasibətlərdə problemlər ola bilər. Və o problemlərdən çıxış yolunu
intiharda tapıb. Və yaxud da hər hansısa bir filmin, kitabın da təsiri ola
bilər. Bu artıq onun verdiyi qərardan asılıdır. Psixologiyanın birinci şərti
qarşı tərəflə empatiya qurmaqdır. Amma, o empatiyanın qurulması üçün qarşı
tərəfin var olması lazımdır. Artıq hadisə baş verdikdən sonra onunla bağlı şərh
vermək olmur. Kənardakıların fikri ilə şərh verməyə çalışacağıq. Ancaq,
kənardakıların müşahidəsi psixoloq müşahidəsi deyil. Yəni, insani müşahidədir.
O müşahidə də isə hər kəs öləndən sonra müsbət fikirlər deyilir.
Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, ancaq analar övladları ilə
danışmalı, tərbiyə verməlidir. Sizcə burada atalar necə davranmalıdır?
Ümumiyyətlə, ailə təkcə anadan ibarət deyil. Bu çox yanlış bir fikirdir ki,
övladla ana maraqlanmalıdır. Yəni, əgər ana maraqlanacaqsa, onda atanın rolu
nədir? Ancaq pul qazanmaqmı? Belə yanaşmaq olmaz ailələrə, çünki bu gün
standart Azərbaycan ailəsi bu missiyanın üzərindədir ki, ata gedir səhərdən
axşama kimi işləyir, ana da uşaqların tərbiyəsi ilə məşğul olur. Amma, bu belə
deyil. Ailə dediyimiz bütöv olmalıdır. Çünki övladın atadan da, anadan da gözləntisi
anlayışdır. Və atanın da diqqət ayırmalı olduğu nüanslar var. Məsələn, bu gün
biz cins olaraq övladları ayırsaq, qızın anası ilə dost olması, oğlanın da
atası ilə dost olması daha uğurludur. Amma, bu o demək deyil ki, qız öz atası
ilə heç nəyi müzakirə etməməlidir. Və yaxud oğlan öz anası ilə nəyisə müzakirə
etməməlidir. Bunlar bir növ dostluq münasibəti üzərində qurulmalıdır ki, övlad
etdiyi yanlışı öz anası ilə, atası ilə bölüşə bilsin. Onun həyatı ilə bağlı
növbəti addımlarında müzakirə olsun və qərar verməkdə ona dəstək olsunlar. Bu
gün ailələrdə övlad ixtisas seçimi edir. Valideynlər buna şiddətli dərəcədə
qarşı çıxır. Hətta uşaq vaxtından düşünürlər ki, mənim uşağım böyüyəndə
filankəs olacaq. Nəticəsi odur ki, sabah uşaq onu istəməyəndə, valideyn ona
təzyiq etməyə başlayır. Övladın fikrini öyrənmədən, heç vaxt onun haqqında
qərar qəbul etmək olmaz. Bizim valideynlərimizin mənfi cəhəti budur ki, öz
uşaqlarının kim olduğunu bilmirlər. Önəmli olan uşağın istəkləri, arzuları,
xəyallarıdır. Onu mütləq müzakirə etmək lazımdır. Onun elə bir istedadı ola
bilər ki, onu kəşf etmək lazımdır. Çox təəssüf ki, məktəblərdə psixoloqlarımız
uşaqları kəşf etmirlər. Peşə ilə bağlı xarakter testi edilmir. Çünki, istənilən
peşə xarakterə bağlıdır. Məsələn, bir insan həkim olmaq istəyirsə, niyə müəllim
olmalıdır?! Axı o yaxşı cərrah ola bilər. Valideyn də öz övladına o peşə
istiqamətində dəstək verməlidir ki, sabah özü həyatda olmayanda, övlad öz
sevdiyi və bacardığı işdə uğurlu ola bilsin.
Adətən bizim ailələrdə övladla intim söhbətlər etmək normal sayılmır.
Halbuki valideynin övladla bu barədə danışması, düzgün yol göstərməsi daha doğrudur.
Sizcə də belə deyilmi?
Ümumiyyətlə, intim mövzular konservativ cəmiyyətlərdə həmişə "vau"
effekti yaradır. Sosial şəbəkələrdə də müşahidə edirik ki, istənilən intim
mövzu daha çox maraq çəkir. Bu ondan irəli gəlir ki, təfəkkür konservativdir. Bu
ailələrdə də belədir. Nə məktəblərimizdə, nə ailələrdə bununla bağlı heç bir
maarifləndirmə metodologiyası yoxdur. Məsələn, biz bu gün qınaya bilərik ki, valideyn
övladı ilə niyə intim mövzuları müzakirə etmir? Necə etsin? Hansı fikirlərlə
yanaşsın? Övlad onu necə qarşılayacaq? Necə empatiya qursun? Eyni qayda da
övlad hansı fikirləri ilə valideynə yanaşmalıdır ki, biz bu mövzuda danışaq.
Məsələn, ola bilər ki, xanımlar aralarında bu mövzunu daha rahat danışa
bilərlər. Qız övladı öz anası ilə daha çox rəfiqə olur. Nəinki, oğlan övladı öz
atası ilə dost olsun. Biz bunu dəfələrlə müşahidə etmişik və görmüşük ki, qız
uşaqları anaları ilə rəfiqə ola bilirlər. Amma, oğlan uşaqlarının ataları ilə
dost olması çox çətindir. Çox çətin bariyerlər var, o bariyerləri aşa
bilmirlər. Amma, mütləqdir ki, cəmiyyəti bu sahədə maarifləndirmək lazımdır.
Yəni, intim mövzu qeyri-adi deyil, bu təbiətdir, insan təbiətinə aid olan bir
şeydir. Və hər kəsin intim həyatı var, intim həyatın tibbi tərəfi də var, psixoloji
tərəfi də var. Bunlar cəmiyyətə, şagirdlərə, tələbələrə izah olunmalıdır ki,
gələcəkdə bunun cəmiyyətdə psixoloji və fiziki fəsadları yaşanmasın.
Sosial şəbəkədə çıxışınızdan göründüyü kimi ölkədəki təhsil sistemindən
narazısınız. Təhsil sistemində hansı dəyişikliyə ehtiyac olduğunu düşünürsünüz?
Təhsil mənim ən çox müzakirə etdiyim sahədir. Ümumiyyətlə, mən xarakter olaraq
narazı insan deyiləm, narahat insanam. Ona görə narahatam ki, bu gün baş verən
hər hansısa bir proses, hansısa bir hadisə və hekayələr bu narahatlığı yaradır.
Hansı ki, bu gün Azərbaycan təhsilindən bizim hamımızın böyük gözləntilərimiz
var. Bu gözləntilər nədir? İnsanların sağlam fikrinin formalaşması. Yəni,
təhsil təkcə "Manna dövləti nə vaxt yarandı?”, "Riyazi düsturları bilirsənmi?”,
"İsmin halları” və s. demək deyil, təhsil sənin dünyagörüşünün formalaşmasıdır.
O bilgilər bizə sadəcə olaraq istinad nöqtələri yaradır. Yəni, məktəb dövrü
bitir, biz müəyyən tədrislərlə tanış oluruq, daha sonra ali məktəb dövrü
başlayır və ali məktəb dövründə o kök olmasa onu biz yetişdirə bilmərik. Və bu
zəncir qırılanda, həmin insanın gələcəkdə hər hansı bir sahədə peşəkar
fəaliyyət göstərməsinə çox böyük maneə törədir. Bu gün təhsildə çox böyük
dəyişikliyə ehtiyac var. Bu dəyişikliklər - qeyri-formal, informal təhsil
sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Ənənəvi təhsil çox gözəldir. Hər
kəs gedir, oturur, qayda var, qanun var və hamı o qaydalara tabe olur. Bir də
təhsildə azadlığa ehtiyac var ki, o azadlığı da qeyri-formal təhsil verir.
Həmin azadlıq tələbə və şagird üçün təmin edilməlidir. Bu gün bizdə qəbul
imtahanları, bütün istiqamətlərdə - bakalavr, magistr, doktorantura
imtahanlarında qəbul şərtləri uğurlu deyil. Bizim Təhsil Nazirliyi dünya
təcrübəsinə istinad etdiyini qeyd edir. Mən bunu müzakirə yox hətta mühakimə də
etmək istəyərəm. Hansı dünyanın təcrübəsi deyir ki, qəbul olunmağı bu qədər
çətin, məzun olmağı bu qədər asan etsinlər. Qəbul olunmaq çox asan olmalıdır,
məzun olunmaq əziyyətli olmalıdır. Yəni, biz o zaman aldığımız diplomun
dəyərini biləcəyik. Amma, kimsə əzbərçilik edib, bu o demək deyil ki, həmin
insan ağıllıdır. O demək deyil ki, o gələcəkdə çox uğurlu bir insana
çevriləcək. Təhsilin mənzərəsini burdan da görmək olur ki, neçə illər əvvəl də
yüksək bal toplayan insanlarımız var idi. O insanlar indi haradadır? Hansısa
bir nazirin haqqında oxuyanda, görmüsünüzmü ki, o ali məktəbə qəbul olanda 700
bal toplayıb. Belə bir uğur hekayəsi görmüsünüzmü? Çox az sayda ola bilər ki,
kimsə var, mən tanımıram, yanılıram. Və bunu təbliğ etmək, "xalxın
uşaqları"nı göstərmək sadəcə kommersiya xarakteri daşıyır. Hər kəs
imtahanlar üçün repititor yanına gedir. Bu o deməkdir ki, sənin repititora
getmək imkanın varsa, deməli sən "xalxın uşağı"san, mənim yoxdursa, demək
mən deyiləm. Təhsildə əsas təfəkkürün dəyişməsidir. Bu gün çoxlu islahatlar
edilə bilər. Təhsil nazirliyində mənim çox bəyəndiyim təşəbbüslər də var. Amma,
təfəkkür sistematik dəyişmədiyi üçün o təşəbbüslərin heç biri effekt
verməyəcək. Sadəcə müvəqqəti olaraq görüntü xarakteri daşıyacaq. O görüntüdən
də heç kim yararlana bilməyəcək.
Sosial şəbəkələrdə
və mediada intihar xəbərlərinin verilməsi və tirajlanması intihar saylarının
artmasına səbəb ola bilərmi?
Bunu çox müzakirə edirlər ki, mediada intihar xəbərləri verilsin ya yox. Bizim cəmiyyət
2 cür yanaşır. Birincisi odur ki, intihar xəbərlərinin verilməsi təbliğat
xarakteri daşıyır. İkincisi odur ki, bəs bu xəbərlər verilməsə, biz necə "SOS” elan
edəcəyik. Cəmiyyətə necə siqnal verəcəyik ki, belə hallar baş verir. Ona görə
də mən qəbul etmirəm ki, intihar xəbərləri insanları intihara təhrik edir. Amma,
o xəbərin necə verilməsi önəmlidir. Əgər xəbərin sonunda heç bir psixoloqdan,
sosioloqdan, mütəxəssisdən fikir öyrənilməyibsə və xəbərin sonuna
maarifləndirici obraz əlavə edilməyibsə, bu həm də təbliğat xarakteri
daşıyacaq. Önəmli olan o xəbərin necə çatdırılmasıdır. İnsanların o xəbəri
sosial şəbəkələrdə paylaşanda, hansı fikirləri yazmasıdır. Hətta mən görmüşdüm
ki, bir xanım intihar xəbərini paylaşaraq yazmışdı ki, "ən gözəl çıxış yolu
budur". Belə olan halda bunlar davam edəcək. Və insanlar da düşünəcək ki,
bu xəbərlər intiharı təbliğ edir. Bu qətiyyən belə deyil. Bu müzakirə
olunmalıdır. İctimai müzakirəyə çıxarılmalıdır. Müəyyən mütəxəssislər bu sahədə
fikirlər bildirməlidir. Maarifləndirici addımlar atılmalıdır. Bu sahədə
televiziyalar fəal olmalıdır. Tək intihar olanda yox, elə hər zaman müzakirə
etmək lazımdır. Valideynlər məlumatlı olsun ki, bu davranışlar yaxud övladı ilə
apardığı mübahisələr sabah başqa nüansları ortaya çıxaracaq. Sabah valideyn
övladını itirəndə artıq başa düşəcək ki, ümumiyyətlə, övladını tanımayıb.
Pandemiya dövründə
bir daha şahidi olduq ki, insanlar rəsmi xəbərlərə yox, şayiələrə daha çox
inanırlar və tirajlamağa çalışırlar. Bunun səbəbi nə ola bilər?
Bununla bağlı bir neçə dövlət qurumları ilə də müzakirəmiz olub. Ümumiyyətlə,
dövlətin bu gün informasiyaya yanaşması gətirib bu hala çatdırıb. Yəni,
informasiya kütləviləşən bir şeydir. Kütləvi olanda hərə bir şərh verir. Bəzən
insanlar hər hansısa bir hekayəni özü uydurur və paylaşır. Və hər hansısa bir
dövlət qurumuna qarşı qərəz nümayiş etdirir. Həmin kütlə də o dövlət qurumunun
fikirlərinə qərəzlə yanaşır. Məsələnin kökü buradadır. Bunun digər səbəbi odur
ki, insanlar qulaqları ilə görür. Yəni, biz hər şeyə qulağımızla baxırıq.
"Dedi-qodu" mədəniyyəti var. Hər şeyi qulağımızla görəndə, heç nə
həqiqət olmur. Çünki, sən eşidirsən, inanırsan, daha sonra eşitdiyin yalan
çıxır. Ondan sonra birdə eşidirsən, birdə yalan çıxır və gözlərini unudursan.
Bu gün biz sosial şəbəkələrdə müşahidə edirik ki, bəzən elə bir informasiyaya
insanlar müsbət reaksiya verir ki. Yəni, bir balaca empatiya qurub, məntiq
qoysaq, görərik ki, o informasiyanın heç bir əhəmiyyəti yoxdur. Amma, insanlar
ona inanır. Məsələn, bu gün dövlət hər hansısa bir statistikalar açıqlayır,
cəmiyyətdə müəyyən auditoriyası olan insanlar həmin statistikanı ya lağa
çevirir, ya da həmin statistikanın birbaşa yalan olduğunu yazır. Cəmiyyət də
buna inanır. Bu qədər bəsitdir. Bunun səbəblərindən biri də dövlət və cəmiyyət
arasında dialoq körpüsünün qırılmasıdır. Mütləq dialoq olmalıdır. Dövlətlə,
cəmiyyətlə birlikdə ölkə, vətən yaranır. Bu dialoq körpüləri qırıldıqda, artıq
insanlar şayiələrlə idarə olunur.
Son zamanlar gündəmdə olan mövzulardan biri də feminizm və feministlərdir. Bu
barədə nə düşünürsünüz ?
İstənilən ideologiyaya nifrət sərgiləmək olmaz. Müzakirə etmək olar, tənqid də
etmək olar, həm də təklif vermək lazımdır. Biz bir ideologiya ilə razılaşmaya
bilərik. Bu normaldır. Çünki, insan bütün ideologiyaları qəbul edə bilməz. Amma,
hər kəsin başa düşdüyü bir dil var. Onun adı sevgidir. Əgər sən qarşı tərəfə
sevgi ilə yanaşmayacaqsansa, o zaman qarşı tərəf sənə öz nifrətini ifadə
edəcək. Feminizm ideologiyadır və feminizmin tarixi var. Feminizm qadın
hüquqlarının qorunmasıdır. Kimsə feminizmi məişətdə ifadə edə bilər, "kişi
paltar yusun” deyə bilər. Amma, bu belə deyil, nə kişi, nə qadın paltar
yumasın. Artıq texnologiya inkişaf edib, paltaryuyan maşın var. Mən feminizmə
belə baxıram. Və bunun sadəcə bizim ölkədə sosial "bum" yaratmasının
səbəbi konservativ təfəkkürdür.
Yasəmən Hacıyeva / Xeber24.az
İslahat.az