21 Aprel 2022
19:56
18668

“Ümummilli Lider Heydər Əliyev ana dilinin böyük qayğıkeşi və hamısı idi” - Fuad Heydərli

Hər bir xalqın ana dili onun varlığının ən başlıca göstəricisi, özünütəsdiqidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün çətinliklərə baxmayaraq ana dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsidir bu gün bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır.
"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir",- ulu öndər bildirirdi ki, bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və bu gün gənclərimiz bu yolda bir olmalı, dilimizə xata gətirilməsinə imkan verməməliyik. Çünki dilimz həm də müqəddəsdir, xalqın həyatında müstəsna rola malikdir.
Ana dilimizin dövlət dili statusu qazanmasında 1978-ci il Konstitusiyasına bu barədə maddənin salınmasının çox böyük əhəmiyyəti oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə etdiyi bu böyük fədakarlığın milli dövlətçiliyimizin, xalqımızın milli varlığının bu günü və gələcəyi baxımından nə qədər mühüm olması indi daha aydın görünür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "xalqı xalq edən, milləti millət edən onun ana dilidir". Müxtəlif dönəmlərdə ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və özümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı. Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində təkmilləşdi. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. Həmin tarixi qərara əsasən Azərbaycanın dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsi, ana dilimizin öyrənilməsi və cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə, eləcə də bu işlərə nəzarətin gücləndirilməsinə əsl dövlət qayğısı öz əksini tapmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir.
Bu gün Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Lakin buna baxmayaraq hər zaman dilimizi qorumalıyıq, Azərbaycan dilinin saflığını təmin etməliyik. Çünki dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcu olmalıdır.
Fuad Heydərli,
YAP Səbail rayon təşkilatının təlimatçısı