17 Fevral 2021
14:31
15350

Millət vəkili Səbinə Xasayeva: "Seçicilərimin etimadını doğrultmağa çalışıram" - MÜSAHİBƏ

Milli Məclisin VI çağırış deputatı, Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva "Operativ24.az-a" müsahibə verib.

-Hörmətli Səbinə xanım, deputatlıq fəaliyyətinizin ilk ilini artıq geridə qoydunuz. Bu bir il ərzində Milli Məclisin üzvü kimi gördüyünüz işlər haqqında məlumat verə bilərsinizmi?

"Ötən təxminən bir il ərzində, müxtəlif sahələrdə fəaliyyət göstərən gənc nümayəndələr, ağsaqqallar, müharibə və əmək veteranları, o cümlədən şəhid ailələri, həmçinin də qazilərlə görüşlərim baş tutub.
Eyni zamanda, mənim seçicilərlə mütəmadi görüşlərim keçirilir və həmin görüşlərdə qaldırdıqları məsələləri həmişə diqqət mərkəzində saxlamışam. Və həmin məsələləri ümumiləşdirərək 24 dekabr 2020-ci ildə keçirilən Milli Məclisin plenar iclasında səsləndirmişəm. Səsləndirilən əsas məsələlərdən biri Qaradağ rayonu ilə bağlıdır. Belə ki, Qaradağ rayonunda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir. Rayonun əsasən Lökbatan, Puta və Korgöz qəsəbələrində illərdir istismar olunmasına baxmayaraq, təmir edilməyən məhəllədaxili yollarda gediş-gəlişdə problemlərə səbəb olan iri çalalar əmələ gəlmişdir. Həmçinin küçələrdə piyada səkilərinin salınması, küçə işıqlarının quraşdırılması məsələləri də bu günədək problem olaraq qalır. Bakıətrafı ərazilərdə, o cümlədən Qaradağ rayonunun Lökbatan, Korgöz və Puta qəsəbələrində internet və stasionar telefon xəttinin çəkilişi problemi də mövcuddur. Əksər qəsəbələrdəki yeni yaşayış massivlərinin internetə çıxışı yoxdur, olanlarda isə sürət həddindən artıq aşağıdır. Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayon ərazisində keyfiyyətli, dayanıqlı, yüksəksürətli internet və çoxçeşidli rabitə xidmətlərinin təşkili, həmçinin yeni texnologiyalar əsasında fiber-optik internet və stasionar telefon xətlərinin çəkilişinə ehtiyac duyulurdu.

Rayon ərazisində keçən əsrin 60-70-ci illərində qurulmuş su-kanalizasiya sisteminin istismar müddəti başa çatdığından sıradan çıxmış, eyni zamanda, yağış-kanalizasiya xətlərinə təlabatdan artıq sel və tullantı suları daxil olduğundan həmin xətlər vasitəsilə suların kənarlaşdırılması işlərində ciddi problemlər görülməkdədir. Mövcud problemlər Qaradağ rayonunda içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına, eyni zamanda, rayonun Lökbatan və Korgöz qəsəbələrindəki yeni yaşayış massivlərinin içməli su təchizatına və kanalzasiya sisteminin yenidən qurulmasına zərurət yaradıb. Buna görə də bütün əlaqədar nazirliklərdən və təşkilatlardan bu məsələlərə baxılmasını xahiş edirəm. 

İkinci mühüm məsələ qəzalı evlər və mənzil təminatı probleminə əsaslanır. Belə ki, Yasamal rayonunda hələ ötən əsrin birinci yarısında inşa edilmiş lakin tikintisi yarımçıq qalmış bir sıra binalar var. Rəsmi qurumlar tərəfindən həmin binalara baxış keçirilərək qəzalı binalar siyahısına daxil edilib. Lakin problemin köklü həlli üçün əsaslı maliyyə vəsaitinin ayrılması gərəkdir. Bu gün rayonda həmçinin dövlət dəstəyilə mütəmadi şəkildə sosial evlər inşa edilir və istismara verilir. Lakin əhalinin mənzilə, xüsusən də sosial evlərə tələbatı yüksək olaraq qalmaqdadır. 
Digər bir problem isə tamamilə yararsız vəziyyətə düşmüş Yeni Yasamal 2 və 10 saylı yaşayış binasının sakinlərinin ll binanın tamamilə yararsız vəziyyətə düşdüyü barədə etdikləri müraciətin hələ də həll yolu tapmaması ilə bağlıdır.
Bina sakinlər tərəfindən Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi aktla bağlı müvafiq tədbirlərin görülməsi barədə Nazirlər Kabinetinə ünvanladıqları müraciət müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Tərtib edilmiş layihə-smeta sənədləri əsasında bərpa işlərinin aparılması üçün müəyyən vəsaitin ayrılması zərurəti yaranmışdır.
10 blokdan ibarət binanın 4 blokunun sökülməsi, digər bloklarda isə əsaslı təmir və tamamlama işlərinin aparılması məqsədəuyğun hesab edilsə belə problem hələ də öz həllini tapa bilməmişdir. 
Məsələnin yeganə müsbət həlli çox hörmətli Baş nazir Əli Əsədovun bu məsələyə müdaxilə etməsindən və aidiyyəti dövlət orqanlarına müvafiq göstərişlər verməsindən asılıdır. Ona görə də düşünürəm ki, Baş nazirimiz, xüsusən Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə çox həssas münasibət göstərəcək və məsələnin müsbət həlli üçün bütün lazımi tədbirləri həyata keçirəcəklər.
 
 Üçüncü mühüm məsələ isə sənədsiz evlərlə bağlıdır. Bu gün Yasamal, Qaradağ və Binəqədi rayonunda minlərlə fərdi ev sənədsizdir. Ötən onilliklər ərzində qanunsuz olaraq tiklmiş bu evlər reyestr xidmətinin çıxarışına malik deyil. Problemin həll yolunun tezləşdirilməsi üçün müvafiq qeydiyyatlar aparılıb. Ona görə də toplam on minlərlə şəxsin yaşadığı həmin fərdi evlər sosial problem olaraq öz həllini gözləyir." 

Eyni zamanda Binəqədi rayonu ərazisində Xocasən, 28 May və Sulutəpə qəsəbələrində qəsəbədaxili yolların asfaltlanmasına ehtiyac vardır. Bu qəsəbələrdə kanalizasiya şəbəkələrinin olmamasını, xüsusilə R.Allahverdiyev küçəsi, 15-ci döngədə yağıntılar zamanı subasma halları ciddi fəsadlar törədir. Bunlarla birlikdə, Çiçək yaşayış massivində telefon xətlərinin, Yuxarı Sulutəpə qəssəbəsində qaz xəttinin çəkilməsinə ciddi ehtiyac vardır.

Deputat Səbinə Xasayeva həmçinin mətbuatla sıx əməkdaşlıq etdiyini də söhbətimiz zamanı diqqətə çatdırıb.

"Bundan başqa, kütləvi informasiya vasitələrində fəal iştirak etməyə çalışmışam. Belə ki, ölkənin aparıcı qəzetləri olan- "Xalq", "Azərbaycan", "Yeni Azərbaycan", "İki sahil", "525-ci" və digər qəzetlərdə, həmçinin onlarla elektron kütləvi informasiya vasitələri- "Azərtac"-da, "Sabahinfo.az"-da, "Redaktor.az"-da və digər KIV-də kifayət qədər məqalələrimə yer verilib. Bunlara müxtəlif mövzulara aid verdiyim müsahibələr də daxildir. Əlavə olaraq dəfələrlə "Lider", "Real", "Space" televiziyalarında canlı efirlərdə çıxışlarım olub."

-Parlamentə seçildiyiniz zaman "26 yaşlı deputat" kimi başlıqla tirajlanan yazılarla manşetə düşmüşdünüz. Bununla da ən gənc deputat seçilməyiniz cəmiyyət arasında təəccüb və marağa səbəb olmuşdu. Lakin qeyd edək ki, MM tarixində mərhum millət vəkili Anar Məmmədxanov 25 yaşında, Diasporla iş üzrə Dövlət komitəsinin hazırkı sədri Fuad Muradov isə 26 yaşında deputat seçilib. Amma daha çox sizin haqqınızda danışıldı. Bu barədə nə deyə bilərsiniz?

"Bildiyimiz kimi, müasir dövrümüzdə dövlətimiz şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür və onun tərəfindən gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında qalan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda canından keçməyə hər daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun tarixi zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini , müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə , milli düşüncəyə malik gənc nəsil formalaşıb.
Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır: "Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb. Mən də həmin fəal gənclərdən biriyəm. Yeni Azərbaycan Partiyasının gənc üzvü kimi 2014-cü və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Lökbatan bələdiyyəsinə üzv seçilmişəm və Lökbatan bələdiyyəsinin sədrinin müavini kimi xeyli təcrübə əldə etmişəm. Öz gücümə, intellektual biliyimə və əldə etdiyim təcrübəyə inanaraq YAP namizədi kimi VI çağırış Milli Məclis seçkilərinə namizədliyimi verərək millət vəkili seçilmişəm. Maraqlısı budur ki, bəzi insanlar düşünürlər ki, gənclər Milli Məclisə deputat seçilə bilməz. Onlar unudurlar ki, bu şansı gənclərə Azərbaycan Konstitusiyası və seçkilər haqqında qanun imkan verir. Biz gənclərin borcu isə bacardıqca bu şansdan yerində və səmərəli istifadə etməkdir. Bəzi insanları təəccübləndirən məqam isə çox güman ki, mənim xanım, həmçinin, sadə və zəhmətkeş ailəni təmsil etməyimdir. Axı mən yuxarıda qeyd etdim ki, dövlətimiz gənclərimizin karyerası üçün hər cür münbit şəraiti yaradıb. Bir daha bildirirəm ki, mən də bu şəraitdən yararlanmışam. 

Səbinə Xasayeva həmçinin üzv olduğu Regional məsələlər üzrə komitənin də fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verdi.

-Regional məsələlər üzrə komitənin üzvü kimi komitənin fəaliyyəti barədə danışmağınız məqsədəuyğun olardı. 

Bildiyimiz kimi, Regional məsələlər komitəsi yerli özünüidarə ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
Komitə ərazi quruluşu və inzibati ərazi bölgüsü, ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması, statusunun və sərhədlərinin müəyyən edilməsi və dəyişdirilməsi, onlara ad verilməsi və adlarının dəyişdirilməsi, ərazi vahidlərinin dövlət reyestrinin aparılması ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir, habelə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının fəaliyyətinə dair qərar layihələrini hazırlayır;
bələdiyyələrə seçkilər, bələdiyyələrin statusu, onların birləşməsi, ayrılması və ləğv edilməsi, bələdiyyələrin fəaliyyətinin təşkili, bələdiyyələrin maliyyəsinin əsasları, bələdiyyə qulluğu, bələdiyyələrin dövlət reyestrinin aparılması məsələlərinə dair qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.
Bələdiyyə mülkiyyəti, yerli vergilər və ödənişlər, yerli büdcə, yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf, yerli ekoloji proqramları ilə bağlı qanun layihələrini Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri ilə birlikdə hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrində yerli özünüidarə məsələlərinə dair rəy verir.
Komitənin sədri Səyavuş Novruzovovun rəhbərliyi altında komitə üzvləri, seçicilərin etimadını doğrultmaq üçün səylə çalışırlar."
-Komitənin fəaliyyəti COVID-19 pandemiyası dövründə necə tənzimlənib?

"Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin sessiyaları dövründə Regional məsələlər komitəsi yeni növ koronovirus (COVID-19) infeksiyasının Respublikamızda yayılmasının qarşısını almaq, bu istiqamətdə keçirilən mübarizə tədbirlərinə dəstəyi təmin etmək məqsədilə Komitə iclaslarının onlayn keçirilməsinə də üstünlük verilib. 
Komitənin ötən dövr ərzindəki fəaliyyətinin hesabatı və növbəti dövr üçün iş planı müzakirə və təsdiq olunub. Keçirilən iclaslarda 27 məsələ müzakirəyə çıxarılıb, 25 qanun layihəsi plenar iclaslara tövsiyə edilib və hər biri Milli Məclis tərəfindən qəbul olunub. 
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisində həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın müvafiq sərəncamına əsasən Milli Məclisdə vətəndaş qəbulunun keçirilməsi müvəqqəti dayandırılıb. Müvafiq olaraq, komitə tərəfindən ənənəvi olaraq keçirilən vətəndaşların qəbulu prosesi də məhdudlaşdırılıb."

-Bəs pandemiya dövründə vətəndaşların müraciətlərinə necə baxılıb?

Milli Məclisin 2020-ci ilin sessiyaları dövründə vətəndaşların onlayn və elektron müraciətləri üstünlük təşkil etmişdir. Komitənin [email protected] saytına daxil olan 475 müraciətin icrası təmin olunmuş və cavablandırılmışdır."

-2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planı nələri əhatə edir?

"2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Belə ki, Azərbaycan Respublikasının Prezindentinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında regional məsələlərlə bağlı təqdim etdiyi qanun layihələri və Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğun hesab edilib.
 
-Səbinə xanım, regionlarda işsizliyin aradan qaldırılması istiqamətində hansı işlər görülür?

"Prezident İlham Əliyev sosial siyasətində işsizlik probleminin aradan qaldırılmasına, əhalinin məşğulluq məsələlərinə həssaslıqla yanaşmış, regionların inkişafına xüsusi önəm vermiş və regionların sosial-iqtisadi inkişafına yönəlmiş müvafiq sərəncamlar imzalamış, Dövlət Proqramları qəbul etmişdir. Regionların sosial inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi regionların inkişafı ilə yanaşı işçi qüvvəsinin digər ölkələrə və ölkə paytaxtına miqrasiya proseslərinin qarşısını almışdır. İşçi qüvvəsinin geriyə yəni regionlara axını prosesi başlamışdır. Bu da respublika əmək bazarında tələb və təklif arasında münasibliyin yaranmasında tənzimləyici rol oynayıb. Prezident İlham Əliyev qeyri neft sektorunun inkişafına ciddi diqqət yetirir.Belə ki, rəhbərimiz ölkənin sosial-iqtisadi inkişafına aid bütün tədbirlərdə bu məsələnin aktuallığını hökumət işçilərinin nəzərinə çatdıraraq müvafiq göstərişlər verir. Ölkə rəhbəri əhalinin məşğulluq səviyyəsinin artması, insanların layiqli iş yerləri ilə təmin olunması, işsizlik səviyyəsinin aşağı salınmasında daima maraqlıdır.
Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü , hadisələrə analitik baxışları nəticəsində dünya iqtisadiyyatında mövcud mütərəqqi texnologiyaların Azərbaycan iqtisadiyyatına tətbiq olunması prosesi başlandı. Qeyri neft sektorunun inkişafı sahəsində daha çox elmi və intelektual potensialdan istifadə edərək müasir, dünya standartlarına cavab verən, rəqabətdavamlı məhsulların istehsal prosesi prioritet istiqamət kimi müəyyənləşdirildi. Azərbaycan məhsullarının bir çox ölkələrə ixracı başlandı, beləliklə Azərbaycan markasının (brendinin) dünya ölkələrində tanınmasının əsası qoyuldu. Ölkənin davamlı inkişafı üçün insan kapitalının inkişaf etdirmək kriteriyalarının ön plana çəkilməsi hökumətin diqqətinə çatdırıldı.
Məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması əmək bazarının tənzimlənməsi və qeyri məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsini təşkil edir.
Seçicilərimi təmsil etdiyim hər üç rayonda da rayon sakinlərinin, xüsusən də gənc nəslin, işlə təmini ən aktual məsələlərdən biri kimi həmişə diqqət mərkəzindədir."


-Bakalavr pilləsini Norveçşünaslıq üzrə bitirmisiniz, Norveç dilini bilirsiniz. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, eyni zamanda Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da üzvüsünüz. Cənubi Amerika ölkəsi ilə əlaqələrimiz necədir? Onlarla bizi nə bağlayır?

"Mən Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Skandinaviyaşünaslıq ixtisasını bitirmişəm. Yəni sadəcə, Norveç deyil bütün Skandinaviya region üzrə biliklərə yiyələnmişik. Lakin, Skandinaviya ölkələri arasında Norveç üzrə daha çox ixtisaslaşmışam. Çünki, Norveç dilini öyrənmişəm. Norveç dili və mədəniyyətinə daha dərindən yiyələnmək üçün Oslo universitetində kurslarda iştirak etmişəm. Hətta Norveçdə magistr pilləsində təhsil almaq üçün universitetə qəbul olmuşam. 
Hazırda Azərbaycan və Norveç arasında geniş iqtisadi əlaqələr var. Azərbaycan və Norveç arasında iqtisadi əməkdaşlıq əsasən enerji sektorunun payına düşür.Azərbaycan və Norveç neft şirkətləri 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq etmişlər. Hazırda Azərbaycanda 38 Norveç şirkəti fəaliyyət göstərir. Azərbaycanla Norveç arasında geniş mədəni əlaqələr də mövcuddur. Bu əlaqələrin, xüsusən, inkişaf etməsində tanınmış norveçli səyyah Tur Heyerdalın Azərbaycana gəlişi, həm də mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Sizin qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri İltizam Yusifovdur.
Uruqvay isə Latın Amerikasının iqtisadi baxımdan ən inkişaf etmiş və həyat səviyyəsinin ən yüksək olduğu ölkələrindən biridir. İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı maraq mövcuddur. 2018-ci ildə Uruqvayın ilk dəfə Azərbaycandan təxminən 85 milyon dollarlıq neft satın alması ikitərəfli ticarətdə diqqəti cəlb etmişdir. Nəticədə, Azərbaycan Uruqvaya ən çox neft satan 5 ölkədən biridir. 2019-cu ilin may ayında Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın Azərbaycana səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”  iqtisadi əlaqələrin normativ bazasını yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Mixail Zabelindir."

-Sizdən öncə bu komitədə Fəttah Heydərov və Arif Rəhimzadə kimi deputatlar olub. Adları çəkilən deputatlardan sonra bu komitədə təmsil olunmaq sizin üçün çətin deyil ki?

"Əlbəttə ki, heç şübhəsiz istər dünyasını dəyişmiş Fəttah Heydərov, istərsə də Arif Rəhimzadə Azərbaycan parlamentində böyük xidmətləri olmuş təcrübəli siyasi xadimlərdir. Heç şübhəsiz, belə təcrübəli insanların diqqət və qayğısı nəticəsində biz gənclər də təcrübə toplayır və onların layiqli keçdikləri həyat yolunu öz əməli fəaliyyətimizlə layiqincə davam etdirməyə çalışırıq."

-Özünüz haqda bizim bilmədiyimiz məqamlardan danışa bilərsinizmi?

"Bildiyiniz kimi, bir çox insanlar ən gənc deputatlardan biri olduğuma görə düşünürlər ki, mən olduqca imkanlı ailənin nümayəndəsiyəm. Ancaq məlumat üçün bildirirəm ki, mənim ailəm- valideynlərim və həyat yoldaşım Azərbaycan xalqının ən sadə və ləyaqətli vətəndaşlarından biridirlər.
Dayım-Hüseynov Ramiz Mürvət oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qubadlının müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.
Mənim ən əsas dəstəyim mənsub olduğum Yeni Azərbaycan Partiyasıdır. Mənim fəaliyyətimə güc verən isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Azərbaycan gənclərinə həmişə göstərdiyi diqqət və qayğıdır. Mən də Azərbaycanın fəal gənclərindən biri kimi möhtərəm prezidentimizin etimadını doğrultmaq üçün bütün gənclik enerjim və gücümlə bundan sonra da səylə çalışacaq və seçicilərimin mənə göstərdiyi etimadı layiqincə doğruldacağam."

-Asudə vaxtınızı necə keçirirsiniz? Hobbiniz nələrdir?

"Səmimi desəm, fəaliyyətimlə bağlı asudə vaxtım kifayət dərəcədə çox deyil. Mən boş vaxtlarımı, əsasən, ailə üzvlərimlə keçirməyə və iki övladımın tərbiyəsi ilə məşğul olmağa üstünlük verirəm. Qalan boş vaxtlarımı isə mütaliəyə, Norveç dilində biliyimin təkmilləşməsinə ayırıram."

Müsahibə üçün təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirik, Səbinə xanım!
 
İslahat.az