25 İyul 2021
17:20
22111

Millət vəkili müraciət etdi, vətəndaşların problemi həll olundu

İslahat.az xəbər verir ki, Milli Məclisin deputatı Şahin İsmayılov özünün feysbuk hesabında onun müraciəti əsasında Beyləqan rayonunun Təzəkənd kəndində Şəhidlərin dəfn olunduğu məzarlığa qədər olan yolun asvaltlamasına görə "Azəravtoyolservis” ASC-yə təşəkkür etməsi ilə bağlı paylaşım edib.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Təmsil etdiyim Beyləqan rayonunun Təzəkənd kəndi Vətən müharibəsi zamanı 11 şəhid vermişdir. Şəhid ailələri Şəhidlərimizin dəfn olunduğu yerdə abidə ucaldaraq abadlıq işləri görmüşdülər. Seçicilər bura qədər olan yolun təmir olunması ilə bağlı bizə müraciət etdilər. Biz də öz növbəmizdə 1 km-ə yaxın uzunluğu olan yolun təmir edilməsi və  asvalt örtüklə örtülməsi üçün "Azəravtoyolservis” ASC-nin sədri cənab Saleh Məmmədova müraciət etdik. Qurum çevik reaksiya verərək lazım olan işi qısa zamanda və keyfiyyətli şəkildə həyata keçirdi. Saleh müəllim başda olmaqla, qurumun rəhbərliyinə bu həssas məsələyə göstərdiyi diqqətə görə öz adımdan və seçicilərimin adından təşəkkür edirəm.

Rayona səfərimiz zamanı Təzəkənddə Şəhidlərimizin dəfn olunduğu məzarlığı ziyarət edib orada olan şəhid ailələri ilə fikir mübadiləsi apardıq. Onlardan bir sıra təkliflər aldıq və problemləri ilə maraqlandıq. Bundan sonra da həmin məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə səylərimizi davam etdirəcəyik. Şəhid ailələrinin qayğılarının və problemlərinin həlli ilə məşğul olmaq, istəklərini reallaşdırmaq  hər zaman fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq”.