22 Oktyabr 2021
13:33
21844

Mikayıl Cabbarov Monqolustanın xarici işlər naziri ilə saziş imzaladı - FOTO

Oktyabrın 21-də Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb. 

İslahat.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin imzalayıblar.

Sənəddə Monqolustanla iqtisadi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar videoformatda keçirilən tədbirdə Mikayıl Cabbarov Azərbaycan-Monqolustan siyasi-iqtisadi əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın inkişafında keçirilən yüksək səviyyəli görüşlərin xüsusi rolunu qeyd edib. Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Görüşdə 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər diqqətə çatdırılıb, Monqolustan şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət edilib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.

Görüşdə bu gün imzalanan Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Sazişin qarşılıqlı ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

İslahat.az