22 Sentyabr 2021
16:54
25425

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO

İslahat.az xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirildi.

Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət aldılar. Şuşa şəhərinə "Zəfər marşı”nı ifa edərək daxil olan qəhrəmanlarımızın övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və "Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatıldılar.

Şuşaya çatarkən onları İsa bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşıladı. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən Şəhid Ramiq Hacıyevin övladını hər kəs təbrik etdi. Aydın Kərimov şəhidimizin balaca balasını hədiyyə ilə sevindirdi və onun üçün Şuşada hazırlanmış tort kəsildi. Sonra tədbirə qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Zülfiyyə Xanbabayeva və Alim Qasımov birlikdə İsa bulağında şəhid övladları, şəhid anaları üçün "Qarabağın maralı” mahnısını ifa etdi.

Daha sonra tədbir iştirakçıları Gövhərağa məscidinə getdi. Orada şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua etdilər. Sonra tədbirə qatılan Olimpiya çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçirdilər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya çempionlarımız birinci yer medalı ilə təltif etdi.

Tədbirin gedişatında şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə payladılar.

Daha sonra tədbirin rəsmi hissəsi baş tutdu. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırdı.

Sonra tədbirin digər aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını çıxış üçün dəvət etdi. "Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib” - deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini dedi. O, "Mənim atam qəhrəmandır” tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov öz növbəsində şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını dedi.

Tədbirdə çıxış edən "Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirdi. Ali Baş Komandanın şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu bildirdi.

Rəsmi hissənin sonunda Aydın Kərimov və Məftun Abbasov şəhid övladlarına "XarıBülbül” döş nişanı hədiyyə etdilər.

Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa qalasının önündə olan "XarıBülbül” nişanını, əsən güclü küləklər səbəbindən tərpəndiyi üçün torpağa bərkitdilər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istədi: "Hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm” - dedi.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçirdilər. Xalq artistimiz Zülfiyyə Xanbabayeva Cıdır düzündə "Şuşanın dağları” mahnısını ifa etdi. Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamlarıyla birlikdə "Zəfər marşı”nı ifa edərək səmaya ağ göyərçinlər uçurdular və dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını verdilər. 

İslahat.az