15 İyun 2021
20:22
20669

"Mən Aztv-dən demək olar qəpik-quruş alıram" - Jurnalist Savalan Talıblı

Tanınmış jurnalist Savalan Talıblı "Facebook” sosial şəbəkəsində AzTV-də aldığı qonararla bağlı etiraz dolu status paylaşıb.

Jurnalistin statusundan bəlli olur ki, o , çalışdığı AzTV-də çox aşağı qonarar alır.Hələ bu azmış kimi məzuniyyətə çıxdıqdan sonra iki aya yaxındır ki, aldığı qonararım tam əldə edə bilməyib. Beləki, jurnalist may ayında 60 manat , iyun ayında isə cəmi 201 manat qonarar alıb.

Jurnalist yazır ki: ” Uzun illərdir orada çalışıram. Bu illər ərzində 330 manatdan artıq qonarar almamışam.Halbuki ölkədə minimum əmək haqqı 250 manatdır. Mən isə minumum əmək haqqı qədər məvacib alıram. Dəfələrlə bu barədə rəhbərliyə müraciət etsəm də heç bir nəticə əldə edə bilməmişəm.

Gənc ailəyik. Ailədə yeganə çalışan mənəm.Azyaşlı övladımın ehtiyacları, kommunal xərclər aldığım məvaciblə güclə ödəyirəm. Hələ bu azmış kimi bir neçə ay bundan öncə AzTV-də hamıdan tələb edirdilər ki, saat 9-dan 18-ə kimi işə gəlsinlər.Tələb edən şəxslərin heç biri anlamır ki, o pulla hər gün ancaq işə gəlmək olar.

Dəfələrlə rəhbərliyə müraciət etmişəm ki, verilişlərinin sayını artırın ,əlavə bir neçə veriliş edim, heç olmasa müəyyən qədər qonarar alım.Bu sözlər yalnız eşidilib.İcra edən ,əməl edən, kömək edən yoxdur.Mən nə etməliyəm?

Savalan Talıblı daha sonra yazır:

Aprel ayında məzuniyyətə çıxmışdım. Məzuniyyətdən sonra 60 manat qanarar aldım. Halbuki məzuniyyətə çıxdığım günlərdə gəlib efirə veriliş vermişəm.

Bu hadisə ötən il də təkrarlanmışdı. Bu barədə AzTV-nin maliyyə şöbəsinə yaxınlaşanda müxtəlif səbəblər göstərilmişdi. Şöbənin rəisi Anar müəllim mənə istehzayla dedi ki,300 manatla necə yaşamısansa 200 manatla da elə yaşa. Gəlib yüz manatın davasını niyə döyürsən?

Toxun acdan heç vaxt xəbəri olmadığı kimi Anar müəllim və digər aidiyyatı şəxslər də mənim kimi aşağı məvacib alan əməkdaşların dolanışığından xəbardar deyil. Əslinə baxsan Anar kimilər problemi həll etmək iqtidarında deyillər. Çünki, onlar söz sahibi deyillər.

Bununla belə Anar müəllimin və AzTV-nin digər rəhbər işçilərinin nəzərinə çatdırım ki, iki aydır mən Aztv-dən demək olar qəpik-quruş alıram . Kommunal xərcləri ödəyə bilməmişəm. Hələ azyaşlı övladımın ehtiyacları və özümün xərclərimi demirəm.

Əcəba, AzTV-də mənə gətirilən səbəblər orada yüksək qonarar alanlara gətirilirmi? Yoxsa təkcə yetim-yesirin qonararı kəsilir?! Allaha and olsun AzTV-də adam məzuniyyətə çıxmağa peşman olur. Digər idarə və qurumlarda adam balası kimi məzuniyyətə çıxırsan.Və qayıdan da maaşından heç bir tutulma olmur.Burada ildə bir dəfə məzuniyyətə çıxırsan üç ay qonarar üzünə həsrət qalırsan. Mən hələ digər çatışmazlıqları demirəm”.

Savalan Talıblının paylaşımını ürək ağrısı ilə oxuduq. Çünki, bu sadəcə bir giley-güzar deyil. Bu bir Azərbaycan gəncinin, bir atanın və nəhayət bir jurnalistin acı həyat hekayəsidir. Və bəlkədə bu onun yaşadığı acı reallıqlara qarşı bir üsyandır. Nəzər alaq ki, AzTV bu gün qanunlarla deyil, Rövşənin müəyyən etdiyi ” qaydalarla” idarə olunur. Bütün yaradıcı heyətə əmək haqqı qonarar sistemi ilə ödənilir. Yəni işə muzd. Amma bununla paralel iş rejimi günə muzd şəkildə müəyyən edilib. Yəni işin oldu-olmadı ən azı ayda 25 gün işə gəlməlisən. Ayın sonunda isə qonarar işə davamiyyətlə deyil iş əmsalı ilə ödənilir. Bu isə əmək qanunvericiliyinin ciddi şəkildə pozulması deməkdir.

Hələ onu demirəm ki, hazırlanan verilişlərə yazılan qonararların hesablanması da ədalətsizcəsinə aparılır. Məsələn ay ərzində 2 saat veriliş hazırlayan bir çox əməkdaşlar 300-400 manat qonarar alır.Amma Rövşənə yaxın olan şəxslər heç bir faydalı iş əmsalına sahib olmadıqları halda 1500-2500 arası qonarar alır.

Əslinə baxsan bu qonarar sistemi Rövşənin bir oyunudur. Çünki, AzTV-də hər bir şəxs üçün qonararı Rövşən özü müəyyən edir. Və bu zaman iş əmsalı yox, digər "kriteriyalar” nəzərə alınır. Yəniki, rəhbərə daha yaxın olanlar daha yüksək "qonarar” alır. Savalan kimi istedadlı və zəhmətkeş jurnalistlərsə 300 manata məhkum edilir. Hələ onu demirik ki, Rövşən texniki işçilərə, mühasibatlıq və kadrlar idarəsinin əməkdaşlarına da qonarar yazır. Bu hesaba da AzTV-də işləyən 2-ci, 3-cü dərəcəli işçilər yaradıcı adamlardan ən azı 2-3 dəfə çox qonarar alır. Çox təəssüf ki, Rövşənin bu özbaşnalığı 2,6 ildir ki, davam edir.

İslahat.az