Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi medianın inkişafına xidmət edən önəmli təşəbbüsdür
Xalqımızın tarixi qələbəsilə başa çatan Vətən müharibəsindən az
sonra Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında media
sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalaması, ölkəmizdə
Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında” qanun
layihəsinin hazırlanması barədə dövlətimizin başçısının tapşırıq verməsi milli
informasiya məkanında davamlı inkişafın dövlətimiz üçün prioritet təşkil
etdiyini göstərir.
Şübhəsiz ki, media islahatları, "Media haqqında” qanun layihəsinin hazırlanması
dövlətimizin siyasi iradəsinin təcəssümü, medianın inkişafı üçün yeni imkanlar
və yeni mərhələ deməkdir. Layihənin hazırlanmasında çoxsaylı media
nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılması, 800-ə yaxın media
subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi çox önəmlidir.
Qeyd edək ki, 1999-cu ildə qəbul olunmuş "Kütləvi informasiya vasitələri
haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir tələblərə cavab
vermir.
Yeni layihə isə media subyektlərinin dəqiq təsnifatını verir, jurnalistin
sosial portretini müəyyənləşdirir, sosial şəbəkələrin və blogerlərin
fəaliyyətini tənzimləyir, "vətəndaş jurnalistikası” adlandırılan və peşə deyil,
hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsindən kənarda
qalır, internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi
olmur deyə, lisenziya almayan internet TV-lər fəaliyyətlərini maneəsiz davam
etdirəcəklər, çap və onlayn medianın təsis edilməsi üçün də dövlət
orqanlarından icazə tələb olunmur.
Layihədə nəzərdə tutulan Media Reyestrinin məqsədi media subyektlərinin sayını
müəyyənləşdirmək, media subyektlərinin və onların işçilərinin hüquqlarının
müdafiəsini formalaşdırmaq, akkreditasiyanı daha sürətli və səmərəli həyata
keçirmək, fəaliyyətini stimullaşdırmaqdır.
Digər tərəfdən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist
vəsiqəsinin verilməsi könüllülük əsasında olacaq və media mühitini
sağlamlaşdıracaq. Ən əsası isə odur ki, Medianın İnkişafı Agentliyinin
jurnalist vəsiqəsi olmadan da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək.
Media subyektləri isə öz jurnalistlərinə öz redaksiyalarının vəsiqələrini verə
biləcəklər.
Layihənin tətbiqi heç bir qanuni əsas olmadan özünü media subyekti, jurnalist
kimi təqdim edən, bu statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin
qarşısını alacaq, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının
qorunmasına hüquqi təminat verəcək, media subyektləri arasında sağlam rəqabət
formalaşdıracaq, müəlliflik hüquqlarını qoruyacaq, mediada "xəbər oğurluğu”nun
qarşısını alacaq. Layihədə təsbit olunan "jurnalist” anlayışı xidməti müqavilə
əsasında işləyən jurnalistləri də əhatə edəcək ki, bu da çox müsbət haldır.
Bir sözlə, yeni Qanun layihəsi informasiya mühitini milliləşdirəcək, daxili
informasiya məkanının təhlükəsizliyini təmin edəcək, milli media məhsulunun
istehsalını stimullaşdıracaq, yerli medianın inkişafına təkan verəcək,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar
yaradacaq və ümid edirik ki, bu layihə rayon qəzetlərinin də inkişafına kömək
edəcək.
İsaməddin Əhmədov-"Əkinçi” qəzetinin redaktoru
Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq
Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat
azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin
formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu,
mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların
təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir
informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər,
ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas
elementlərdəndir.
Respublikamızda ölkə başçımızın rəhbərliyi ilə bütün sahələrdə islahatlar
aparılır. Bu islahatların aparıldığı istiqamətlərdən biri də mətbuat sahəsidir.
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət
sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan
Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında”
Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media
haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya
məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil
etməsinin göstəricisidir.
Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın,
eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq.
Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və
bir çox digər məsələləri özündə əks etdirir. Həmçinin, hərbi və fövqəladə
vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına
müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif
hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini
tapıb.
Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi,
bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının
müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha
sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin
stimullaşdırılmasıdır.
Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir:
"Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra
imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun
layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq.
Nailə Əliyeva-Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
"Media haqqında” yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır
Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu
maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin
sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib,
dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib
hissəsi kimi inkişaf yolu keçib. Ümumilli lider Heydər Əliyevin Fərmanı
əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın
inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham
Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya
vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət
mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu
keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin
məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media,
media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik
bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanda 1999-cu ildə
qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında”
qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.
Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində "Azərbaycan Respublikasında
media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək
olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum –
Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan
sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa
əsasən "Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb.
Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş
müzakirələr üçün təqdim olunubdur.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir
"Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun
Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda,
internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq: "İnformasiya
əldə etmək haqqında qanun”, "Dövlət sirri haqqında” qanun, "Reklam haqqında”
qanun – bütövlükdə bu külliyyat halında bu qanun zəngin Azərbaycan mediasını
istiqamətləndirəcək, mediamızın fəaliyyət prinsiplərini müəyyənləşdirəcək”.
Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və
bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının
təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi,
ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən
sənəddir.
"Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş
yeniliklərlə zəngindir: "Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun
tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir.
Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün
ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi
tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media
sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər
yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq”.
Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərədə tutur ki, bu da
çox önəmli məqamdır: "Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət
göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması
ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq”.
Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir:
"Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra
imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun
layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə
vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına
müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif
hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini
tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad
edəcəkləri də göstərilib. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri
də freelancer-sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn
medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma
indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan
qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, "Media haqqında” yeni qanun
məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür
Son dövrdə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan addımlar demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir. Müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: "Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”. Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
ÖLKƏDƏ MEDİANIN İNKİŞAFINA XİDMƏT EDƏN ÖNƏMLİ TƏŞƏBBÜS
"Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik
tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında
önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu
ilə nəşrə başlayan "Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin
sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli
mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.
Son 18 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin müstəqil mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə
seçilir. Görülən işlərin fonunda bir daha bu reallıq təsdiqlənir ki, Azərbaycan
dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz
iradələrini azad şəkildə ifadə etmələrinə, insan hüquqlarının qorunmasına bütün
imkanların yaradılmasının tərəfdarıdır.
Müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı,
mətbuat və söz plüralizmi hər zaman təmin olunur.
Media haqqında” yeni qanun layihəsi ölkədə medianın inkişafına xidmət edən
önəmli bir təşəbbüsdür.
Cənab İlham Əliyev Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra
media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalamışdır.
Eyni zamanda Medianın İnkişaf Agentliyinin yaradılması haqqında qanun
layihəsinin hazırlanması barədə də tapşırıqlar vermişdir. Bu da milli
informasiya məkanında davamlı inkişafa nail olunması üçün dövlət qarşısında
əsas prioritetlərdən biri kimi qiymətləndirilməlidir. Ölkəmizdə bütün sahələrdə
islahatlar həyata keçirilir və media sahəsində islahatların keçirilməsi çox
önəmli idi. Təbii ki, yeni qanun layihəsinin artıq müzakirəyə çıxarılması da
medianın inkişafında yeni bir mərhələyə qədəm qoyulur. Düzdür, media haqqında
1999-cu ildə qanun qəbul olunmuşdur, lakin həmin qanuna 70-dən çox
dəyişikliklər edilsə də ancaq müasir çağırışların tələbləri ilə uzlaşmırdı. Bu
baxımdan da yeni qanun artıq yeni çağırışlara uyğunlaşdırılıb. Bu qanun
layihəsi media sahəsində yeni, müasir islahatların həyata keçirilməsinə töhfə
verəcək. Çünki burada müxtəlif aspektlər müasir çağırışların tələblərinə
uyğunlaşdırılmışdır. Yeni qanun layihəsi çox mükəmməl hazırlanıb və bu qanun
layihəsi ölkəmizdə yeni reallığa uyğun medianın təkmilləşdirilməsinə xidmət
edəcək.
Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin "hər bir vilayətin qəzeti
gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını
gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında,
vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin
təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrinə uğurlar arzulayırıq.
KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
SİYASİ İRADƏNİN TƏCƏSSÜMÜ
Azərbaycanda "Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin
hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın
fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media
subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial
portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. "Media haqqında” qanun
layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi
mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək.
Cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu
artıqca bu münasibətərin yeni qanunlarla tənzimlənməsi də aktuallaşır.
"Media haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin ortaya
çıxması da bu zərurətdən yaranıb.
"Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında
media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Medianın
İnkişafı Agentliyinin yaradılması və "Media haqqında” qanun layihəsinin
hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırkı
mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib.
İnformasiya əlahiddə bir vasitəyə çevrilib. Bu, fərdin sosial kimliyini
formalşadıran əsas təsirlərdən birinə çevrilməklə bərabər, həm də sosial-siyasi
münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai
məsuliyyət problemi də gündəmə gəlir. Eyni zamanda, media qurumları, yaxud
təmsilçilərinin qlobal informasiya nəkanında informasiya təhlükəsizliyi
kontekstində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Media azadlığı və
məsuliyyəti tandem təşkil etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini
yaradır.
"Media haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə nəzər saldıqda
bütün bunların qanun çərçivəsində xüsisi fəaliyyət kimi təşkil olunmasının
hüquqi əsaslarını görürük.
Qanun nəzərdə tutduğu müddəalarla media məsuliyyətini artırır. Media
reyestrinin yaradılması, jurnalist anlayışının yenidən tanınması, sosial
medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda
tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə
effektiv hüquqi münasibətləri tənzimləməsi baxımından əhəmiyyətlidir. Yəni yeni
qanun layihəsi məzmun etibarilə əhatəli, hüquqi məntiq və texnika, konkret və
işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir.0
Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
YENİ İMKANLAR YARADAN QANUN LAYİHƏSİ
Vətən müharibəsindən sonra fundamental islahatların yeni keyfiyyət
mərhələsinin ilk olaraq medianı əhatə etməsi tədadüf deyil.
Maraqlıdır ki, ölkə Prezidenti İlham Əliyev yeni reallıqlar şəraitində ilk
köklü islahatlar qərarını işğaldan azad edilmiş bölgələrimizin yeni idarəçilik
sisteminin tətbiqinə və medianın hüquqi baza və praktik əsaslarının daha da
möhkəmləndirilməsinə yönəltdi. Muharibədən sonra media ilə bağlı yeni dövlət
qurumunun yaradılması və qanunun köklü dəyişdirilməsi milli informasiya
məkanında daha dayanıqlı inkişafın təmin edilməsində dövlət başçısının qəti
siyasi iradəsini bir daha nümayiş etdirdi.
"Media haqqında” yeni qanun layihəsi Azərbaycanın postmüharibə inkişaf
tendensiyalarının real tələblərinə tam uyğundur. Tanınmış ekspertlər, media
rəhbərləri, deputat və ictimaiyyət nümayəndələri layihə ətrafında müzakirələrə
sıx şəkildə cəlb olundu. Media haqqında qanun layihəsinin misilsiz ictimai
müzakirələri medianın inkişafına dövlətin prioritet baxdığını göstərir.
Azərbaycan Prezidenti media islahatlarının yeni mərhələsini başlatmaqla "güclü
dövlətin mediası da güclü olmalıdır” prinsipini əsas götürdü”.
"Media haqqında” yeni qanun layihəsi müharibədən sonra dövlət-cəmiyyət,
dövlət-media və media-cəmiyyət münasibətlərindəki keyfiyyət dəyişmələrinin
mahiyyətindən irəli gəldi.
1999-cu ildən qüvvədə olan və saysız şəkildə dəyişdirilən KİV haqda köhnə qanun
yeni reallıqların tələbinə cavab verməməklə yanaşı, mütərəqqi tendensiyaları və
media innovasiyalarını tənzimləyə bilmirdi. Azərbaycan Prezidentinin dərin və
hərtərəfli media islahatları platforması medianın inkişafında fərqli mərhələ
açacaq.Yeni qanunun müddəaları və konsepsiyası ilk olaraq dövlət-media,
media-cəmiyyət münasibətlərində hüquqi mənzərəni tam dəqiqləşdirməyə imkan
verəcək.
Postmüharibə dövründə milli informasiya məkanımızın saflaşdırılması və daha
etibarlı təhlükəsizlik mexanizmləri məhz yeni qanun kimi mükəmməl sənədin əsasında
yaradıla bilər.
Məsuliyyətli media ənənələrinin formalaşdırılması yeni qanunun mühüm
hədəflərindən biridir. Məsuliyyətli media və cəmiyyətin media savadlılığı milli
informasiya məkanında davamlı inkişafın iki mühüm şərtidir. Yeni qanun
məsuliyyətli media və savadlı media cəmiyyətinin formalaşdırılmasında
ümidverici perspektivlər açır. Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq
bəzi mühüm media kateqoriyalarının hüquqi dəqiqləşdirilməsi aparılır. Media
qurumlarının tipoloji olaraq dəqiq təsnifatlandırılması müstəqillik dövrümüzün
mühüm nailiyyətlərindən biri sayılır. Jurnalist kimə deyilir, redaksiya nədir
kimi suallardan tutmuş informasiyanın hüquqi mahiyyətinin dəqiq təyinatına
qədər bir çox məsələlərin aydınlaşması media praktikası üçün olduqca böyük
fayda verəcək. Media reyestri və vahid kartlar jurnalistlərin, medianın hüquqi
və sosial müdafiə mexanizmlərini daha da təkmilləşdirməyə imkan verəcək. Çap və
onlayn medianın ən sadə "start-up” fəaliyyət qaydaları yeni qanunu dünyada
alternativsiz üstün mövqeyə çıxarır.
Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əlıiyev Mərkəzinin fond mühafizi
Medianın inkişafında yeni mərhələ
Əsası böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən
qoyulan milli mətbuatımız hər zaman cəmiyyətin inkişafına öz töhfələrini
verməklə, milli düşüncənin formalaşmasında öz müstəsna xidmətlərini
göstərmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə senzuranın ləğv edilməsi
haqqında fərmanın imzalanması mətbuatın inkişafında yeni mərhələnin əsasını
qoymuşdu. Son illər demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu
keçən milli mətbuatımız prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bildiyimiz kimi Azərbaycan Respublikasının "Media haqqında” qanun layihəsi hazırlanıb.
Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi
əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi , ötürülməsi
qaydalarını müəyyən edir.
Sənəddə media sahəsində fikir müxtəlifliyini, fəaliyyət azadlığını təmin etmək,
ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq əsas
vəzifələr kimi göstərilir.
Layihəyə əsasən bütün media sahələri vahid qanunla tənzimlənir. Eyni zamanda
media sahəsində baş verən qanuna zidd hallara məhkəmə tərəfindən hüquqi qiymət
verilməsi sənəddə öz əksini tapıb.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.
"Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair
Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Məlumat azadlığı
haqqında”, "Fərdi məlumatlar haqqında”, "İnformasiya əldə etmək haqqında”,
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”
Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Qanun mediailə bağlı bütün məsələləri tənzimləməklə yanaşı, eyni zamanda
mühüm sivil və müasir tələbləri də özündə ehtiva edir. Belə ki, media
subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi
vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə
və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli
şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu
hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.
Həmçinin, dövlət orqanları, bələdiyyələr, digər təşkilatlar, qeyri-hökumət
təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında
informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu
əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud
başqa formalarda verirlər
Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət
orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan,
qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən
qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir. Bütün bu
yeniliklər müasir demokratik tələbləri ödəməklə bərabər, həm də media
qurumlarının və bu sahə ilə məşğul olan şəxslərin hüquq və vəzifələrini müəyyən
edən mühüm mexanizmdir.
Şəhla Eminova –əməkdar müəllim
Keyfiyyətli xəbər istehsalı
Müstəqillik dönəmindən başlayaraq Azərbaycan mediası aydınlığa
çıxmaq yolunda irəli addımlayır. Bununla bağlı islahat prosesi başlayıb və
hədəflər müəyyənləşdirilib. Bu günlərdə müzakirə mövzusuna çevrilən Media
Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi
medianın yenilənməsi, müasirləşməsi və dövrün tələblərin uyğun fəaliyyəti üçün
əsas məqamlardan biridir. Bu gün ölkə mediasında bir çox hallarda
qeyri-peşəkarlar ümumi abu-havanı korlayır, peşəkarların əməyinin qiymətini
azaldır, o cümlədən, müasir dünyada mühüm olan informasiya müharibəsini axsadır.
Media Reyestrinin tərtibi və vahid jurnalist kartlarının verilməsi ilk növbədə
mediadakı xaotik vəziyyətin qarşısını almağa, peşəkarlığı yüksəltməyə, yeni
perspektivlərin yaranmasına imkan verə bilər. Vahid vəsiqə jurnalistlərin özü
üçün əlavə imkanlar açır. Vahid jurnalist vəsiqəsi əldə etmiş jurnalistlər üçün
peşəkarlığını artırmaq üçün müxtəlif inkişaf layihələrində iştirak, o cümlədən
onların sosial müdafiəsinə yönəlmiş tədbirlərdən yararlanmaq şansı da
mümkündür.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktor
Ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüs
Proseslərin inkişaf dinamikası onu deməyə əsas verir ki, müasir dünyada medianın
rolu xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin
media sahəsində islahatlara start verməsi gözlənilən addım idi. Görülən işlərin
məntiqi nəticəsi olaraq” Media haqqında Qanun” mediamızın adekvatlıq dərəcəsini
artıracaqdır. Eyni zamanda milli və dövlət maraqlarının media sahəsində nəzərə
alınmasına kömək edəcəkdir. Media Agentliyinin fəaliyyəti medianın
fəaliyyətinin hüquqi mexanizmlərini təkmilləşdirəcək və mediamızı
təsadüfçülükdən qoruyacaqdır.
Bu qanun mediamızın fəaliyyətinin hüquqi olaraq tənzimlənməsində yeni imkanlara
səbəb olacaqdır. Media haqqında qanun eyni zamanda, media sahəsində səviyyə
tələbkarlığı baxımından zəruridir. Belə ki, bu və ya digər mexanizmlər ölkədə
plüralizmin daha da inkişafına töhfə verəcəkdir.
Post müharibə dönəmində media ilə bağlı islahatların aparılması dövlətçilik
baxımından da əhəmiyyətlidir. Müasir dünyada dövlətlər və millətlərin haqq
səsi, tarixi həqiqətləri ancaq güclü media ilə dünyaya çıxa bilər. Zəruri
hüquqi əsaslar, sağlam mexanizm və kadrların əzmi mediamızı daha da yüksək
səviyyədə inkişaf etdirəcəkdir.
Aqil Məmmədov -Rayon Təhsil şöbəsinin baş məsləhətçisi
"Medianın inkişafında yeni mərhələ
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 12-də "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında”
Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında medianın
inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam
etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və
innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi” publik hüquqi şəxs yaradılıb. Qeyd edək ki, yaradılmış yeni qurumun
– MEDİA-nın Nizamnaməsi də təsdiq olunub.
Medianın inkişafı hər zaman ölkə Prezidentinin diqqət mərkəzində olub. Dövlət
başçısı tərəfindən imzalanmış Fərman media sahəsində islahatların aparılması və
yeniliklərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan mediasının daha yüksək inkişafı üçün bu sahədə əsaslı islahatlar
aparılmasına zərurət yaranmışdı. MEDİA jurnalistika sahəsində keyfiyyət
dəyişikliklərinə olan ehtiyacları tamamilə təmin edəcək. Eləcə də yeni
mərhələdə peşəkarlığın artırılması istiqamətində də əsaslı addımlar atılacaq.
MEDİA-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində
inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda
isə aidiyyəti üzrə məlumat vermək də var ki, bu da jurnalistlərin öz peşələrinə
daha məsuliyyətli və peşəkar yanaşmasını təmin edəcək.
Fərmanda KİV-in fəaliyyətini tənzimləyən qanunun yenidən işlənib hazırlanması
məqsədi də qoyulur. Eyni zamanda, jurnalistlərimizin peşəkarlıq səviyyəsinin
daha da artırılmasında, beynəlxalq jurnalistika prinsipləri əsasında xarici
ölkələrdə fəaliyyətində mühüm addımlar atılacaq. Möhtərəm Prezidentimiz hər
zaman medianın inkişafını diqqət mərkəzində saxlayır. Bu tədbir də növbəti
addımdır
Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru
İslahat.az