15 Yanvar 2021
15:53
12576

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şairlə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair, Qubadakı "Ay işığı” ədəbi məclisinin qurucusu, oxucular arasında "Bayraq şairi” mənəvi ünvanı ilə tanınan Ramiz Qusarçaylı ilə Mədəniyyət Komitəsində görüşüb, şairin sənət tərcümeyi-halı və uğurları ilə bağlı ətraflı söhbət edib.

İslahat.az xəbər verir ki, Komitə sədri məmnuniyyətlə vurğulayıb ki, şairin "Azərbaycan bayrağı” şeiri VIII siniflər üçün "Azərbaycan dili” dərslik kitabında, ali məktəblər üçün "Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyində, bir çox metodiki tövsiyyədə yer alıb: "Sizin "Azərbaycan bayrağı” şeiriniz 2005-ci ildən etibarən dillər əzbərinə çevrilib, ölkənin bayram, mərasim və tarixi günlərində əksər elm-təhsil müəssisəsində, o cümlədən Azərbaycanın bütün telekanallarında mahnı və kompozisiyalar şəklində müntəzəm olaraq səsləndirilir. Fərəhli haldır ki, şanlı ordumuzun möhtəşəm "Zəfər Paradı”nın AzTV-də canlı yayımı məhz sizin "Azərbaycan bayrağı” şeirinizlə açılıb.
Sizin "Çörəyim daşdan çıxır”, "Ömür qapıları”, "Bir çiçək axşamı”, "Nə gözəldi yolun, Allah”, "Almalı kitab”, "Gedəsən dünyanın axırınacan”, "Sevgidi dünyaya qəsdim” adlı şeirlər, "Göyəm ağacı” adlı tərcümə kitablarınız, tərtibçisi olduğunuz "Quba” foto-albomu, "Ay işığı” adlı almanaxlar oxucuların marağına səbəb olub. Şeirləriniz ingilis, rus, ukrayna, qazax, qırğız, özbək, fars və Dağıstan xalqlarının dillərinə çevrilərək dərc edilib, haqqınızda kitablar yazılıb.

Komitə sədri əlavə edib ki:

"Sizə yaradıcılığınızda və ictimai fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Siz "Sən Şuşada sancılan daşa pir deyəcəyəm, çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan Bayrağı” deyə inamla şeir yazmısız, inamınız öz təsdiqini tapıb. Ona görə də, üzərində "Şuşa Azərbaycandır!” yazılmış qol saatını sizə bağışlayır, qəbul etməyinizi xahiş edirəm. Bilirəm ki, bu saat sizinçün xüsusi anlam daşıyır. Sizi tarixi zəfər münasibəti, yeni təqvim ili münasibəti ilə bir daha təbrik edirəm.”

Sonda R.Qusarçaylı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

İslahat.az