23 Aprel 2021
11:27
11326

Laqeydlik də virus qədər qorxulu bəladır...

Təranə Paşayeva: Maskasız gəzən, sosial məsafəni gözləməyən, qaydaları pozan şəxslərə qarşı laqeyd yanaşmaq olmaz

Ramazan ayı vaksinasiya prosesinə necə təsir edəcək? Bununla bağlı nələri bilməliyik, nələrə diqqət etməliyik?

"İki sahil”in suallarını "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva cavablandırıb.

– Təranə xanım, pandemiyaya görə ölkəmizdə kütləvi mərasimlər keçirilməsinə məhdudiyyətlər qoyulub. Ramazan ayında bu qaydalara əməl edilməsinə daha çox ehtiyac var. 

– Bir çox İslam ölkələrində olduğu kimi,  Azərbaycanda da  insanlar hər il ənənəvi olaraq Ramazan ibadətlərinə əməl edir, oruc tutur, xəstələrə, maddi sıxıntı çəkənlərə yardım göstərir, daha çox savab işlər görməyə çalışır, iftar süfrələri açırlar.

Azərbaycan dövləti hər zaman insanların dini inanclarına hörmət və ehtiramla yanaşır, mərasimlərin keçirilməsinə, yüksək səviyyədə təşkilinə imkan yaradır. Amma indi bütün dünyanı cənginə alan  COVID-19 pandemiyası ilə əlaqədar hər kəsdən mövcud şəraiti nəzərə almaq tələb olunur. Bu işdə dini qurumların, din xadimlərinin də üzərinə ciddi vəzifələr düşür.

Bu günün şərtləri mərasim keçirməyə uyğun deyilsə, elə məhz bu mübarək ayın xatirinə dözüm nümayiş etdirmək lazımdır. Müharibədə qazi olan nə qədər yaralı əsgər və zabitlərimiz, mənəvi və maddi ehtiyacı olan şəhid və itkin övladı olan ailələrimiz var. Onlara yardım etmək ən böyük ehsan və savab əməl olar.

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi olaraq öhdəmizə düşən vəzifəni yerinə yetiririk. Yalnız Ramazanda deyil, ümumiyyətlə, ilboyu, şəhid və qazi ailələrinə, onların övladlarına təmənnasız xidmət göstəririk. Bu, bizim ən ali məqsədlərimizdəndir.

Mövcud durumu nəzərə alaraq KİV-lər, radio və televiziyalar din xadimlərinin çıxış və tövsiyələrinə bu ayda daha çox yer ayırmalıdırlar. Əhali pandemiya ilə mübarizə dövründə Ramazan ayin və ibadətlərini necə icra etmək barədə mütəmadi olaraq məlumatlandırılmalıdır.

– Bütün dünyada olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi həyata keçirilir. Bəziləri vaksinə inanmır. Bununla bağlı fikriniz necədir?

– Vaksinasiya xəstəlikdən qorunmağın hələ ki, ən vacib şərtidirsə, buna əməl etmək hər kəsin borcudur. Ona görə də tələb olunan qaydalara sözsüz əməl edilməlidir. Hər birimiz, sağlam, virusun olmadığı mühitdə yaşamaq istəyirik. Vaksinasiya vacibdir. Əgər, şərtlər yenə ciddi karantin qaydalarının tətbiqini tələb edərsə, o halda vaksin vurduranlar üçün imtiyazlar müəyyənləşdirilə bilər.

-Təranə xanım, bəzən insanlar düzgün olmayan məlumatlara inanırlar. Bu da bəzi karantin qaydalarının pozulmasına gətirib çıxarır. Bu məsələdə maairfləndirmə və ictimai qınaq nə dərəcədə önəmlidir?

-Bəli, həqiqətən bir çox hallarda sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumatlar yayılır və bu tipli məlumatlar bəzi insanlarda çaşqınlığa, panikaya səbəb olur. Bu işdə də yenə əsas məsuliyyət  müvafiq qurumların əməkdaşları və media qurumlarının üzərinə düşür. Ümumilikdə belə həssas məqamlarda dövlət orqanları, KİV-lər, QHT-lər, həmçinin vətəndaşlar bütövlükdə cəmiyyətin sağlamlığına, təhlükəsizliyinə xidmət edən ümumi işdə bərabər çalımalıdırlar. Toplum içində maskasız gəzən, sosial məsafəni gözləməyən, müvafiq qaydaları pozan şəxslərə qarşı laqeyd yanaşmaq olmaz. Hər birimizin vətəndaşlıq borcumuz var. Qaydaları pozanlara qarşı hər birimiz diqqətli olmalı, münasibət bildirməli, onları başa salmalıyıq. Laqeydlik də virus qədər qorxulu bir bəladır.

– Cəmiyyətdə narahatlıq yaradan məsələlərdən biri də ölkədə yas və toy mərasimlərinə qoyulan qadağalardır. Bu məsələdə vətəndaşlar necə davranmalı və nə etməlidir?

– Toy-nişan, şənlik arzularımız var. Gənclər ailə qurmaq, sevincli anlarını yaxınları, dostları ilə paylaşmaq istəyirlər. Bunlar təbii hisslər, gözəl arzulardır. Amma təntənəli toy, nişan mərasimi keçirməyi arzulayanlar vəziyyətin düzəlməsini gözləməlidirlər.  Mövcud durum bunu tələb edir. Qaydalar hər kəs üçün keçərlidir. Təbii ki, səbr edib gözləmək istəməyənlər üçün də yollar var. Rəsmi nikah qeydiyyatından keçib, ailə quran gənclərimiz də az deyil. Əsas məsələ gənclərin bir-birini sevməsi, anlaması, valideynlərin xeyir-duası, ailə dayaqlarının möhkəmliyidir.