25 İyun 2021
11:43
23070

Kənd təsərrüfatı naziri İnam Kərimov İzmirdə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisinin açılış mərasimində iştirak edib

İzmirdə 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi fəaliyyətini davam etdirir.  AgroExpo Mərkəzində keçirilən sərgiyə 80 ölkədən 1050 rəsmi qonaq qatılıb. 4 gün davam edəcək sərginin işini 400 minə yaxın ziyarətçinin izləyəcəyi gözlənilir. Türkiyənin ən böyük kənd təsərrüfatı sərgisi sayılan Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisini 10 mindən artıq xarici iş adamı da izləyəcək. Bu il sərgidə ikitərəfli danışıqlar nəticəsində kənd təsərrüfatına dair 1 milyard dollar həcmində qarşılıqlı müqavilələrin imzalanacağı gözlənilir.
Sərginin açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Heyət üzvləri pavilyonları ziyarət edib, innovativ yeniliklərin nümayiş olunduğu stendlərlə tanış olublar.
Sərginin açılış mərasimindən sonra iki ölkənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın sürətlə inkişafından məmnunluq ifadə olunub, martın 17-də Bakıda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsində nəzərdə tutulan istiqamətlər üzrə işlərin davam etdiyi vurğulanıb. Tərəflər qısa müddət ərzində Türkiyədə aqrar sahədə istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanları ilə bağlı təcrübə mübadiləsi aparıldığını, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli fermer və mütəxəssislərə təlimlər keçirildiyini xatırladıblar. Hər iki nazir kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb, bunun üçün böyük potensial olduğunu qeyd ediblər.
Nazir İnam Kərimov sərgi çərçivəsində Şimali Makedoniya Respublikasının kənd təsərrüfatı, meşə və iqtisadiyyat naziri Arjanit Xoca ilə görüşüb. Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
İzmir 16-cı Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisi sentyabrın 27-dək davam edəcək.
İslahat.az