08 Sentyabr 2021
11:10
21461

Kabildən çarter uçuşları təşkil edilir - “Taliban” ABŞ-a verdiyi sözü tutacaqmı?

ABŞ-ın dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Austin Qətərin paytaxtı Dohaya səfər ediblər.
 
İslahat.az xəbər verir ki, Qətər əmiri Təmim bin Həməd əl-Taninin qəbul etdiyi nazirlər görüşdə Əfqanıstanda baş verənləri müzakirə ediblər.

Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında danışan Antoni Blinken "Taliban”ın onlara səfərlə bağlı sənədləri olan Əfqanıstan vətəndaşlarının ölkəni tərk etmələrinə mane olmayacaqları ilə bağlı söz verdiyini açıqlayıb.

Dövlət katibi beynəlxalq təşkilatların nəzarəti ilə "Taliban”ın verdiyi sözə xilaf çıxmayacağını gözlədiklərini bildirib.

Antoni Blinken ABŞ Dövlət Departamentinin Əfqanıstanı tərk etmək istəyənlər üçün Kabildən əlavə çarter uçuşları təşkil etmək istiqamətində "Taliban”la birlikdə çalışdığını sözlərinə əlavə edib.

Əfqanıstanda hələ də 100-ə yaxın ABŞ vətəndaşının olduğu barədə məlumatı bölüşən A.Blinken ölkəsinin taliblərin verdiyi söz istiqamətində müşahidələrini apardıqlarını qeyd edib.

O, yaxın saatlarda "Taliban” rəsmiləri ilə təmasda olduqlarını və əlavə uçuşlar üçün tənzimləmə işlərinin aparıldığını diqqətə çatdırıb.

ABŞ rəsmisi bildirib ki, Kabil Hava Limanının yenidən açılması üçün Türkiyə və Qətərlə əməkdaşlıq edirlər və hər iki ölkənin səylərini yüksək qiymətləndirirlər.
 
İslahat.az