21 Yanvar 2022
15:08
20385

İşsizlərin nəzərinə: Bu halda pul ödəniləcək

İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb.

İslahat.az xəbər verir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb.

Dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan 30 aya endirilib.

Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi 3 halda ödənilir:

İşəgötürən ləğv edildikdə;

Ştat ixtisar edildikdə;

Müddətli əmək müqaviləsinin müddəti bitdikdə.

İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq "Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.

Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Qeyd edək ki, 2020-ci ildə də qanunvericiliyə dəyişiklik edilərək işsizlikdən sığorta ödənişi müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərə də şamil olunub.

Məlumat üçün bildirək ki, son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

İslahat.az