20 Sentyabr 2021
16:16
20322

İrandan Azərbaycana təhdid: Dindarlarımız niyə susub? – AÇIQLAMA

İranın ali rəhbərinin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Ameli Azərbaycan, Türkiyə və Pakistanın son hərbi təlimlər keçirməsinə fikir bildirib.

O qeyd edib: "Biz İranın Milli Təhlükəsizlik Şurasından istəyirik ki, bizim əzəmətli "SEPAH”a (İslam İnqilabının Keşikçiləri Korpusu) icazə versin ki, sərhədin bu tayında "İranın gücünün bir zərrəsini” nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz”.

İranın ali rəhbərinin nümayəndəsinin təhdid dolu açıqlaması Azərbaycanda müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı Azərbaycan dindarlarının reaksiya verməməsini  qınayıb. 

İslahat.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, Ərdəbilin cümə imamı İran dövlətində mövcud olan fikri insanlara çatdırıb: "İran Həsən Ameli vasitəsilə Azərbaycana mesaj verir. Azərbaycan dindarları bu barədə açıqlama vermirlər”.

İlahiyyatçı qeyd edib ki, Azərbaycan öz din modelini müəyyənləşdirməlidir: "Əgər bu gün işğaldan azad edilmiş torpaqda ermənilərə dəstək olan insanlar Azərbaycan dindarlarının başına keçib namaz qılırsa, bunun artıq özü təhlükədir. Əgər Azərbaycandakı dindarlar İrandakı şəxslərin sözlərini özləri üçün əsas seçirlərsə, bunun artıq özü təhlükədir. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri deyirsə ki, İranın dini liderinin fətvası ilə Azərbaycan əraziləri işğaldan azad edilib, bunun özü təhlükədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün ağzına su alıb oturmamalıdır. Komitə sadəcə dini icmaların qeydiyyatdan keçirib-keçirməməklə, hansı kitabları ölkəyə buraxıb-buraxmamaqla bağlı danışmamalıdır. Dini Komitənin qadağan etdiyi mənim kitabım İranın yanaşmalarına qarşı bir zərbədir. Təəssüf ki İran tərəfdarları Dövlət Komitəsi vasitəsilə mənim kitabımı ölkəmizdə qadağan etdilər. Türkiyədə çap olundu.

Ölkəmizdə nə qədər insan var ki, dini əqidə, etiqad baxımından İranın dini liderini təlqin edir. Bu gün ölkənin dini rəhbəri kimi təqdim olunan Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri faktiki olaraq özünə İranın ali dini liderini özünə rəhbər olaraq qəbul etmiş şəxsdir. Bu barədə onun müsahibələri var. Həmin müsahibələrə internetdə baxmaq olar. Ona görə bu məsələyə birtərəfli deyil, çoxtərəfli baxmaq lazımdır.

Televiziya kanallarına çıxarılan dindarların çoxu İranın dini liderinin tərəfdarlarıdır. İranda deyilənləri həmişə qəbul edirlər. Onlar buna təqiyyə deyirlər.

Azərbaycan dini düzgün şəkildə təqdim etməlidir. Ali təhsil müəssisəsinin ilahiyyat fakültəsi bu istiqamətdə işlər aparmalıdır. Mütəxəssislər yetişdirməlidir. Amma etmirlər. Çünki onlar da əmir quludurlar, kimlərisə təlqin edirlər”.

İslahat.az