15 İyul 2022
12:24
22107

"İntihara qədər hadisənin ictimai yükü olmur" - Psixoloq Rövşən Nəcəfov

İntihar qərarına gəlmiş şəxs necə davranır? – "Səssiz olurlar, ətrafdakılara mesaj verirlər ki..."

Psixoloq Rövşən Nəcəfov: "Hər kəsin özünü öldürmək üçün səbəbi ola bilər. Amma intihar edən şəxs başqaları ilə uzun müddət ünsiyyətdə olub, onlardan kömək gözləyir". 

Son zamanlar mətbuatda xüsusilə azyaşlı övladları olan, yaxınları tərəfindən "deyib-gülən”, "həyatında heç bir problemi olmayan” kimi xarakterizə edilən şəxslərin intiharı ilə bağlı xəbərlərlə rastlaşırıq. Özündən başqa üzərində övladlarının məsuliyyəti olanların, ciddi probleminin olduğu görülməyənlərin intihara cəhdi isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Rövşən Nəcəfov deyib ki, intihar etmək qərarına gələn şəxsin psixologiyası digər insanlarla müqayisədə səssizdir:

"Şəxsin mənəvi ölümü onu intihara təhrik edir. Bütün sosial hadisələrin əsas meyarı insanın yaşamaq həvəsidir. Bunun üçün sadə oğurluqdan tutmuş, başqasını öldürməyə qədər müxtəlif davranışlar edə bilər. İnsan əlverişsiz şərtləri dəyişdirmək üçün hər şeyi edə bilən canlıdır, amma intihar etmək istəyən şəxslər həyatla mübarizə yollarından əl çəkərək yaşamlarına qarşı hərəkətə keçirlər. İntihar edən şəxsin psixoportreti beləcə səssizliyə məruz qalır. Hər kəsin özünü öldürmək üçün səbəbi ola bilər. Amma intihar edən şəxs başqaları ilə uzun müddət ünsiyyətdə olub, onlardan kömək gözləyir”.

Müsahibimiz bildirib ki, intihar etmiş şəxs addımı atmamışdan əvvəl niyyətlərini bilavasitə və ya dolayısı ilə ətrafındakı insanlara bildirirlər:

"İnsan psixikasından asılı olaraq hər kəs problemlərə fərdi yanaşır, amma fərqli olduğunu düşünmür. Mühit heç vaxt mənfi emosiyalara bağlı qalmır. İntihar qərarı vermiş şəxsin davranışlarını müşahidə edərək onun psixikasını müəyyən etmək olar. Kollektiv şüur olaraq qəbul etsək, intihar reallaşandan sonra ictimailəşir. İntihara qədər hadisənin ictimai yükü olmur. Bu tendensiya dəyişməlidir. Mənəvi böhranları olan şəxslər başqalarından empatiya gözləyirlər. Bəzən şəxsin ətrafında olan insanlar istəmədən şəxsi intihara təhrik etmiş olurlar. İnsanlar ətrafında olan digər insanlarla münasibətdə həssaslıqlarını ifadə etməkdən çəkinməməlidirlər”.

Günay Rəsulqızı – "Sfera.az”