18 Yanvar 2021
12:15
14645

“İnsanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu” – Sosial sahibkar Fidan Nizamova (MÜSAHİBƏ - FOTOLAR)

Düşüncə tərzini dəyişmək, hadisələrə fərqli situasiyadan yanaşmaq o qədər asan olmur insanlar üçün.

Sosial sahibkar Fidan Nizamova: "Gənclər anlamalıdır ki, bu gün zaman sərf etdikləri şeylər gələcəkləri ilə birbaşa əlaqəlidir. Yəni, çalışmaq istədikləri sahə üzrə bu gün maariflənmirlərsə, bu gün o sahə ilə bağlı nələrəsə vaxt ayırmırlarsa, daha çox əyləncə xarakterli və yaxud digər maraqlara yönəlirlərsə, təbii ki, bu onların göstərəcəyi fəaliyyət növünə uğurlu təsir etməyəcək.”

Sosial sahibkar, təlimçi, "PHI Creative Agency” şirkətinin təsisçisi Fidan Nizamovanın "AMVPRESS.AZ” informasiya portalına müsahibəsini təqdim edirik.

Şəxsi inkişaf və uğurlu fəaliyyət üçün hansı addımlara ehtiyac var?

Gənclər anlamalıdır ki, bu gün zaman sərf etdikləri şeylər gələcəkləri ilə birbaşa əlaqəlidir. Yəni, çalışmaq istədikləri sahə üzrə bu gün maariflənmirlərsə, bu gün o sahə ilə bağlı nələrəsə vaxt ayırmırlarsa, daha çox əyləncə xarakterli və yaxud digər maraqlara yönəlirlərsə, təbii ki, bu onların göstərəcəyi fəaliyyət növünə uğurlu təsir etməyəcək. Çünki, zaman çox tez gedir və insanların gənc olmaq şansı cəmi bir dəfə olur. Ona görə də vaxt ayırmaq - özünə, öz inkişafına və öz sahənə. Daha çox maariflənmək, təcrübə yığmaq, o sahəyə aid insanlarla daha çox təmasda olmaq, daha çox ünsiyyətdə olmaq və yeniliklərlə maraqlanmaq – yalnız bunlar olduğu halda insanlar öz sahəsində çalışan digər insanlardan üstün ola, daha tələbatlı bir işçi ola bilərlər. 

Bu sahədə qarşılaşdığınız hansı çətinliklər inkişafınıza mane olub?

Göstərdiyim sahə üzrə çətinliklər o qədər də ciddi çətinliklər olmur. Əsasən bu insanların müxtəlif mövzulara olan reaksiyası olur. Çünki, mənim fəaliyyətim daha çox insanların düşüncə tərzinə təsir etmək məqsədi daşıyır. Düşüncə tərzini dəyişmək, hadisələrə fərqli situasiyadan yanaşmaq o qədər asan olmur insanlar üçün. Yəni, bu günə kimi inandığı şeylərə digər tərəfdən baxmaq, hər zaman öyrəşdiyi düşüncə ilə yox, başqa bir düşüncə ilə yanaşmaq çox çətin olur. Əsas çətinliyim bundan ibarətdir.

Sosial sahibkar kimi hansı risklərlə qarşılaşmısınız?

Ən böyük riskim sosial şəbəkə dili ilə desək "hater”lərə rast gəlməkdir. Bayaq dediyim kimi bir sahə üzrə bəzən insanlar razı olmurlar o fikirlə, yaxud da razı olurlar, amma, başqa tərzdə, başqa formada buna "hər kəs kimi düşünürəm” göstərmək xətrinə fikirlər bildirirlər. Yaxud da digər insanın düşüncəsinə "mənim kimi düşünmürsənsə, yalnışsan” fikrini anlatmağa çalışırlar. Hər paylaşım, hər video çəkiliş, toxunduğum hər bir mövzu mənim üçün riskdir. Çünki, əksər toxunduğum mövzular həssas, heç kimin toxunmadığı mövzular olur. Mövzular əsasən ailə, məişət, cəmiyyətə aiddir hansı ki, bunlar da kifayət qədər riskli mövzulardır.

Təlimlərinizdə hansı mövzulara daha çox toxunursunuz?

Ən sevdiyim mövzu münasibətlərdir. Ümumiyyətlə, düşünürəm ki, insanlara daha çox bu sahə üzrə verə biləcəyim informasiya var. Daha çox özümün marağım var ki, bu sahə üzrə inkişaf etməyə kömək edim insanlara. Əsas mövzular valideyn-övlad münasibətləri, kişi-qadın münasibətləri, peşəkar münasibətlər, yəni, ümumi götürsək, daha çox gənclərə yönəlik mövzulara daha çox toxunuram. Və daha tələbatlı olduğunu düşünürəm. 

Fəaliyyətiniz əsas məqsədi nələrdir? 

Fəaliyyətimin əsas məqsədi odur ki, gənclərimizin, cəmiyyətimizin daha sağlam, daha müasir düşüncəli olmaqları, daha dəyərli, daha möhkəm münasibətlər qurmaqları, ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir. Gördüyüm işlərlə insanlara çatdırmaq istədiyim odur ki, bəzən hər şey biz istədiyimiz, biz gördüyümüz kimi olmur. Hər bir hadisənin digər tərəfi, digər baxış bucağı var. Və hər kəsin mənim kimi düşünməsini istəmirəm. Məqsədim bu deyil ki, hər kəs mənim kimi düşünsün, mənim kimi baxsın. Sadəcə bu tərəfdən də düşünənlər, bu tərəfdən baxanlar da var. Hər 2 tərəfi dinləmək şansı olsun insanlarda. Hər tərəfdən hadisələri görmək bacarıqları olsun istəyirəm. 

Təlimçi olmaq xüsusi istedad tələb edir yoxsa istənilən şəxs bu sahədə fəaliyyət göstərə bilər?

Təlimçi olmaq xüsusi istedad yox, bacarıqlar tələb edir. Məsələn, auditoriyaya danışmaq bacarığı. Bu bəzi insanlarda doğuşdan olan qabiliyyət, bacarıq olur. Bəziləri isə bunu sonradan öyrənir. Yəni, hər 2 halda çətin bir şey olduğunu düşünmürəm. Auditoriyada səni dinləyib, görmələri üçün mövzular faydalı olmalıdır. Danışıq qabiliyyəti, insanları dinləmək, danışdığın mövzu haqqında bilgili olmaq, səbrli olmaq və dünyagörüşlü olmaq lazımdır ki, hər bir insanla, hər bir sualla işləmək asan olsun.

Sosial problemlərin həllində hansı metodlardan istifadə edilməlidir?

Sosial problemlərin həllini maariflənmədə və maarifləndirməkdə görürəm. Bu kiçik yaşlarından, ailədən gəlməlidir. Uşaqları maarifləndirmək üçün təbii ki, gərək valideynlər və cəmiyyət bilgili olsun. Dediyim kimi, hər bir sahəyə hərtərəfli baxmağı bacarsınlar. Özləri yaşadıqları problemləri sonrakı nəsillərə ötürməsinlər. Bəzən biz nədənsə narazı oluruq, nədənsə əziyyət çəkirik. Amma, bunun qarşısını almaq üçün heç bir şey etmirik. Düşünürük ki, bunu biz etməli deyilik. Bu onsuzda dəyişən deyil. Amma, əslində hər kəs özünü, ətrafını yenilənməyə, dəyişməyə çalışsa, təbii ki, bir nəticəyə gətirib çıxaracaq.

Ölkəmizdə sosial sahibkarlığın gücləndirilməsində hansı yeniliklərə ehtiyac var?

Düşünürəm ki, cəmiyyətimiz özü maarifləndirmə ilə məşğul olan insanları, hər kəsin deyə bilmədiyini deməyə çalışan, bizi narahat edən mövzulara toxunan insanlar və bu sahədə işlər görən hətta təmənnasız işlər görməyə çalışan insanları dəstəklədikcə, təbii ki, bu sosial problemlərin həllində az da olsa, uğurlar qazanılacaq. Çünki, özümdən də deyə bilərəm ki, sosial problemlərin həlli üzrə nələrsə edəndə cəmiyyət tərəfindən dəstəklənmək, gördüyün işlərinin dəyərini gördükdə təbii ki, bunu boşuna etmədiyini və bunun bir nəticəsi olduğuna insan sevinir. Və yeni nələrsə etməyə daha həvəsli, daha ürəklə yanaşmağa davam edir. Çünki, cəmiyyətimiz də anlamalıdır ki, biz nələrinsə dəyişməyini istəyiriksə, nələrinsə başqa cür olmasını istəyiriksə, zamanımızı daha əyləncə xarakterli, daha baş qatan nələrəsə deyil, daha faydalı şeylərə yönəlməyə yönəlmək lazımdır. Problem nə qədər ciddidirsə, bir o qədər ciddi yanaşmağa çağırıram cəmiyyətimizi. Bu sahədə çalışan və nələrsə etməyə çalışan insanlara dəstək olmalarını arzulayıram.

Uğurlu olmağın sizin üçün qaydası varmı? Həmin qaydaları bölüşərdiniz, zəhmət olmasa.

Bu hər kəsi maraqlandıran sualdır. Amma, düşünürəm ki, insanlar öncə xoşbəxt olmalıdır, sonra uğurlu. Çünki, uğur hər zaman xoşbəxtlik deyil. Uğur anlayışı insanlar üçün fərqlidir. Kiminsə üçün kariyera qurmaq, uşaqlıq arzusunu reallaşdırmaq uğur hesab olunur. Kiminsə üçünsə sadəcə ailə həyatı qurmaqdır uğur. Və heç kim deyə bilməz bunun hansı doğrudur hansı yanlış. Ona görə də bir qayda tətbiq etmək çox çətindir. Xoşbəxt olmaq özü bir uğurdur. Arzu edirəm ki, insanlar uğur arxasınca qaçarkən, xoşbəxtliyi unutmasınlar.

Səma Qurban

AMVPRESS.AZ