12 Aprel 2021
12:01
12760

“İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!” - AÇIQLAMA

"Üç il öncə Azərbaycanda prezident seçkilərində qalib gələn cənab İlham Əliyev ölkəmizdə yeni bir dövrün başlanmasını elan etdi. Bu dövr islahatların sürətlənməsi, şəffaflığın artması, qeyri-qanuni fəaliyyətlərlə sərt mübarizə, əhalinin sosial qayğısının gücləndirilməsi kimi mühüm hədəflərlə başladı”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, görülən işlər nəticəsində 2015-2016-cı ildə baş verən iqtisadi geriləmə aradan qaldırıldı, sürətli iqtisadi artıma keçid təmin olundu.

 

"Minimum əmək haqları, pensiyalar iki dəfəyə yaxın artırıldı, kölgə iqtisadiyyatının həcmi azaldı, iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələ başladı. Paralel olaraq ölkədə siyasi islahatlar aparıldı, parlament seçkilərində deputat mandatı qazanmış müxalifət partiyasından olan şəxslər parlamentin və komitələrin rəhbərliyində təmsil olundular, siyasi partiyalarla yeni dialoq platforması yaradıldı”, - deyə T.Mirkişili əlavə edib.

Onun sözlərinə görə, bütün bu görülən işlər Azərbaycan dövlətini daha da gücləndirdi və onu əsas hədəfinə addım-addım daha da yaxınlaşdırdı.

"2020-ci ildə bütün dünyanı bürüyən pandemiya ilə mübarizədə dövlət başçısının göstərişi ilə Azərbaycan operativ tədbirlər gördü. Koronavirsa qarşı mübarizə uğurla aparıldı, iqtisadi subyektlərə və əhaliyə mühüm dövlət dəstəyi göstərildi və biz bu mübarizədən minimum itkilərlə çıxdıq”.

Deputat qeyd edib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun işğal altında olan ərazilərimizi düşmənlərdən azad etməsi tariximizin, bu günümüzün və gələcəyimizin ən parlaq səhifəsidir.

"Belə bir möhtəşəm qələbəyə ölkəmiz məhz cənab İlham Əliyevin rəhbərliyi, güclü iradəsi, vətən sevgisi və öz ətrafında bütün Azərbaycan xalqını, onun dostlarını birləşdirməsi sayəsində nail oldu. Beləliklə, son üç ildə görülən işlər, əldə edilən qələbə tarixi nailliyyətlərdir! Mən əminəm ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq!”,-deyə T.Mirkişili fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilib.

 

İslahat.az