22 Aprel 2021
14:38
15720

Hüseynbala Mirələmov vəzifəsindən qovuldu

"Bəli, təəssüf ki, biz də görüntüləri sosial şəbəkələrdə gördük”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yayılan görüntülər izləndikdən sonra Hüseynbala Mirələmov ADNSU-nun rektorunun müvafiq əmri ilə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:

 

"O, bu gün səhər saatlarında işdən azad olunub. O həmçinin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərirdi. Bu gündən etibarən onun universitetlə bütün əlaqələri kəsilib”.

Xatırladaq ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.

Qeyd edək ki, H.Mirələmov 1983-cü ildən bu ali təhsil ocağında çalışır, 2007-ci ildən isə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. 

 

İslahat.az