08 Fevral 2021
13:34
14837

Heydər Əliyev Fondu 18 yaşadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edir - FOTO

Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.

Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünət Ömərova bu il dünyada diabet cəmiyyətlərinin insulinin kəşf olunmasının 100 illiyini qeyd edəcəyini bildirib:

 

"İnsulinin 1 əsrdir mövcud olmasına baxmayaraq, dünyada insulinlə təminatın lazımi səviyyədə olduğunu demək mümkün deyil. Bu nöqteyi-nəzərdən ölkəmizdə uşaqların ən keyfiyyətli "Tresiba” insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Uşaqların "Tresiba” insulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir.

Bununla yanaşı, layihənin icrası Beynəlxalq Diabet Federasiyasının devizinin həyata keçirilməsi deməkdir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə biliklər əldə etdilər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar. Bütün diabetli uşaqlar, onların valideynləri, Azərbaycan Diabet Cəmiyyətinin adından Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.