02 Oktyabr 2018
17:26
12440

“Gözəl yaşamaq üçün yemək lazımdır” – MÜSAHİBƏ

Talegül Əliyeva (Gulya xanım): "Həyatlarını dəyişmək istəyən insanlar ilk olaraq beynindən başlamalıdır. Yəni, hər bir insan həyatında doğru olmayan, doğru olduğunu hesab etmədiyi şeylərin fərqinə varmağı bacarıb, bunu həqiqətən də dəyişməyi qərara alıbsa, demək onun qarşısında heç bir qüvvə dayana bilməz.”

"Qadın Gücdür” layihəsinin rəhbəri, "fitmomazerbaijan” Instagram səhifəsi ilə sağlamlıq və idman marafonları keçirən Talegül Əliyevanın (Gulya xanım) AMVPRESS.AZ informasiya portalına müsahibəsini təqdim edirik.

Suallarımıza cavab verməmişdən əvvəl Gulya xanım özünü bizə belə təqdim etdi: "Mən Əliyeva Talegül 24 yaşım var. Ailəliyəm, bir oğlum var. Bakalavr ixtisasım olaraq ingilis, fransız dilləri üzrə tərçüməçiyəm. Hazırda magistr təhsili alıram. Azərbaycan Dillər Universiteti Linqvistika fakültəsində dissertasiya müdafiə edirəm bu il.”

Niyə öz sahəniz üzrə çalışmadınız?

Təhsilimin bu sahə ilə bağlılığı yoxdur. Öz sahəm üzrə çalışmamağımın səbəbi bu sahəni sonradan, 3-cü kursdan başlayaraq sevməyim və bu sevginin öz peşəmə olan sevgidən daha artıq olduğunu görməyim oldu. Bu sahəyə olan sevgim məni daha da bu sahədə irəliləmək üçün peşəkarlaşmaq arzusu qazandırdı və bu arzunun səbəbidir ki, mən Hollandiyanın "Wageningen" Universitetindən "Macronutrients Nutrition" kursunu aldım, eləcə də, "Stamford" Universitetindən "Fundamentals of Healthy Eating" kursunu uğurla bitirdim. Hazırda qeydiyyatdan keçdiyim "American Council on Exercise” beynəlxalq və dünyada bütün ölkələr tərəfindən tanınan sertifikasiya agentliyindən idman trainerliyi barədə də sertifikat almaq üzrəyəm.

Fitmom olmaq üçün hansı səbəbləriniz var?

Fitmom olmaq üçün savad və peşəkarlıq nöqteyi nəzərindən adını sadaladığım, aldığım təhsil, öyrəndiklərim, əldə etdiyim sertifikatlar və edəcəyim trainerlik - beynəlxalq trainerlik setifikatı mənim Fitmom olmağıma təhsil baxımından böyük səbəbdir. Yəni, bütün bunlar alnıaçıq formada mənə güc verir ki, mən həqiqətən də Fitmom olmağı bacarım, amma, işin mənəvi tərəfinə baxsaq insan hər zaman əgər güzgüyə baxarkən fit olmasa belə içindəki o fit, o güclü qadını görə bilirsə, deməli həmin insan çox güclüdür və fitdir. Nə olursa olsun hansı dönəmdə hansı mərhələdə olursa olsun fit olacaq.

Daha yaxşı bədən üçün pəhriz yoxsa idman?

Daha yaxşı bədən üçün sırf pəhriz yaxud da sırf idman ayrı-ayrılıqda olmamalıdır. Gözəl, fiziki və estetik cəhətdən çox gözəl bir bədən arzulayırıqsa, əlbəttə ki, hər ikisinin sintezi burda vacib rol oynayır. Hər ikisi paralel şəkildə bir-biri ilə qırılmaz, zəncirvari bir formada peşəkarcasına yerinə yetirilməlidir ki, gözəl bir nəticə əldə edəsən.

Bariatrik (Mədə kiçiltmə) əməliyyata münasibətiniz...

Briatrik əməliyyata münasibətim əslində birmənalı deyil. Ümumiyyətlə, bütün insanların etdikləri və  verdikləri qərarlara hörmətlə yanaşma prinsipi ilə yaşayıram. Hər bir insan dilədiyini və istədiyi, çox arzu etdiyi bir şeyi etməkdə sərbəstdir. Ancaq mən deyərdim ki, kifayət qədər özünü tanıyan, insanlığın ən böyük xüsusiyyətlərinin nə olduğunu dərk edən heç bir insan belə bir əməliyyatı seçməz. Estetik formada edilən bu əməliyyatları ancaq o formada qəbuledilən hesab edirəm ki, bir insan tutalım obez bir insan 100 neçəsə kilodan aşağı düşübsə, yəni, çəki atıbsa və bu atdığı çəkinin nəticəsində sadəcə olaraq estetik formada yaranan dəri sallaqlığı və digər problemləri estetik əməliyyatlarla düzəldə bilər, qaydasına qoya bilər. Yəni, bu elə bir şeydir ki, artıq bunu əməliyyatsız etmək mümkün deyil. Bu halda bu tip əməliyyatlar əlbəttə ki, çox yaxşıdır. İnsanın özgüvənini, gözəlliyini və daha da doğru desək qətiyyətliliyini sübut etmiş olur.

Həyatlarını dəyişmək istəyən insanlar ilk olaraq hardan başlamalıdırlar?

Həyatlarını dəyişmək istəyən insanlar ilk olaraq beynindən başlamalıdır. Yəni, hər bir insan həyatında doğru olmayan, doğru olduğunu hesab etmədiyi şeylərin fərqinə varmağı bacarıb, bunu həqiqətən də dəyişməyi qərara alıbsa, demək onun qarşısında heç bir qüvvə dayana bilməz. Bunun üçün də, sadəcə olaraq qətiyyətlə həmin qərarı verə bilməyi bacarmaq lazımdır. Çox vaxt xanımlar mənə müraciət edir ki, mən arıqlamaq istəyirəm siz məni arıqladacaqsınızmı, tipli suallar alıram. Mən edə biləcəyim işi ən peşəkar formada edirəm, lakin, əgər bir insan bunu öz istəyi, öz şəxsi məntiqi ilə, tamamən ruhuna hopacaq şəkildə qəbul etməyibsə, mənim hansı formada yazmağımdan asılı olmayaraq yazılan, tərtib olunan hətta mənim etdiyim motivasiya belə o insana təsir etməyəcək çünki həmin insan beynində xırda formada şübhə, inamsızlıq və yaxud da qətiyyətsizlik üçün yer qoyubsa, bu insan həyatında nələrisə dəyişə bilməyəcək, sadəcə olaraq dayanmadan, səbirlə eləcə də, böyük bir güclə, beyinlə qərar vermək lazımdır.

Nə qədər müddət sonra dəyişikliyi görmək olur?

Ritual olaraq belə deyilir ki, 3 həftə sonra sən özün özündə olan dəyişikliyi tam formada dərk edib, qavrayırsan. Ətraf-aləm bunu hiss edə də bilər. Lakin, bütün olanları həm sənin həyatındakı həyat rejimin, özünü hissetmə şəklin, bütün bunlar 3 həftə içində tamamilə baş vermiş hesab olunur. Lakin, 6 həftə sonra artıq sənin ətrafındakı insanlar bu dəyişikliyi tamamilə gözləriylə görüb sənə bunu bildirirlər. 12 həftə sonra isə artıq sən hər bir şeyinlə özünü sübut etmiş formada dəyişikliyə sahib ola bilirsən.

Xanımların ən çox şikayətləri nə olur?

Xanımların ən çox şikayətləri təbii ki, qarın olur. Hətta deyərdim ki, bu qarın problemi nəinki kilosu çox olan insanda, hətta kilosu tam yerində olan, hətta kilosu normadan aşağı olan insanlarda belə qarın problemləri olur. Mənə dəfələrlə bu mövzu barəsində, deyərdim 90 faiz xanımların şikayətləri arasında qarın problemi mütləq orda yer alır. Bunun səbəbi isə odur ki, kilosu normal hətta normadan aşağı olan xanımlarda olan qarın problemi təbii ki, qeyri-sağlam formada qidalanmaq, eləcə də, qeyri-aktiv formada həyat tərzi sürməkdən qaynaqlanır. Yəni, insan, fərq etmir normadan az kiloda olsa belə o insanın gündəlik yediyi şeylər sağlamlıqdan tamamilə kənardadırsa və bu insan həddən artıq çox passiv bir həyat tərzi keçirirsə, onda qarnın olmamaq kimi bir durumu olmur. Yəni, ona görə də ən çox müraciətlərdə ən böyük yaralı yer qarın olur.

Keçirdiyiniz marafonları təkmilləşdirmək üçün nələrə ehtiyac var?

Keçirdiyim marafonları əlbəttə ki, təkmilləşdirməyi düşünürəm. Növbəti marafonlarda qeydiyyat sistemini tamamilə başqa cür formada keçirəcəyəm. Həmçinin xanımların marafon müddətində bir-biri ilə sırf marafon və motivasiya xarakterli danışmaqlarını təmin edəcəm, yəni, bunun üçün xüsusi qaydalar tətbiq etməyi düşünürəm. Eləcə də, yəni, işin texniki tərəflərini daha gözəl bir formaya gətirib ərsəyə çıxarmaq istəyərdim. Növbəti marafonlar daha gözəl formada təqdim ediləcək.

Özünüzü transformasiya etməyiniz yekunlaşıbmı?

İnsan hər zaman daha irəli getmək istəyir, daha da gözəl olmaq istəyir, daha da mükəmməl olmaq istəyir və bu proses hər zaman davam edir, yekunlaşmır və bitmir. Əslində insan həyatının bütün mərhələlərinə aiddir. İnsan həyatı bu şəkildə irəliləməlidir. İnsan inkişaf etməlidir və bu inkişaf hər zaman onu bu yolun yolçusu etməlidir. Bir yerdə dayanmaq insan həyatına, insanın özünə etdiyi ən böyük yanlışlıqdır. İngilis dilində də belə bir gözəl söz var: "Imperfection is perfection”. Yəni, mükəmməlliyimiz əslində qeyri-mükəmməlliyimizi bilməyimizdir. Əslində biz əgər bunu biliriksə hər gün dünənkindən daha yaxşı olduğumuzu bilib sabah bundan da yaxşı olmaq istəyiriksə, deməli biz həqiqətəndə mükəmməllik yolunda doğru formada addımlayırıq.

Qadınlarımızın yeməyə həvəsi niyə bu qədər çoxdur?

Çox maraqlı mövzudur bu. Əslində bunu onunla əlaqələndirirəm ki, çox vaxt insanlar xüsusən də qadınlar müəyyən bir bəlli yaşdan sonra özləri üçün məşğuliyyət seçmirlər. Yəni, boş vaxtlarında məşğul olacaqları bir şey olmur. Əgər işləyirlərsə işə gedib-gəlirlər, evdə oturarkən bir məşğuliyyət olaraq yemək yeməyə, atışdırmağa başlayırlar. Bu da sonradan yemək yeməyə olan bağlılıqla nəticələnir. Ən böyük çıxış yolu ondadır ki, bütün insanlar özlərinə kifayət qədər maraqlı, öz diqqətlərini cəlb edən məşğuliyyət sahələri tapsalar, yemək onların bəlkə də yadlarına düşəcək ən son şey olar. Sadəcə olaraq ac qalmamaq üçün, öz bədənlərini düzgün qidalarla qidalandırmaq məqsədilə yemək yeməlidirlər. Bizə də lazım olan budur ki, insan yeyərkən sadəcə olaraq anlamalıdır ki, yemək üçün yaşamaq yox, yaşamaq üçün yemək lazımdır. Gözəl yaşamaq üçün yemək lazımdır.

Sağlam qidalanmaqla nəticə olaraq nə əldə etmək olar?

Sağlam qidalanmaqla nəticə olaraq sən mənəvi olaraq - çox gözəl bir gücə sahib olduğunu, çox böyük bir hüzur, özünə qarşı böyük bir sevgi, böyük bir dəyər, hörmət və rəğbət hissi və çölə, ətrafa çıxarkən çox rahat bir formada addımlama tərzi əldə edəcəksən. Ətraf-aləm bundan xəbərsiz olsa belə, sənin içindəki o gözəllik və gözəl hiss səni dünyanın xoşbəxti edəcək.

Fitmom-un həyat yoldaşı kişilər üçün nəsə yaratmağı düşünübmü?

Fitmom-un həyat yoldaşı, düzdür, hər zaman idmanla məşğuldur və hər zaman ətrafdakı kişiləri - dostlarını, tanışlarını idmanla məşğul olmağa, rejimlə sağlam formada qidalanmağa çağırsa da, sosial olaraq nəsə etməyi planlaşdırmır.

Kişilər müraciət edirmi sizə?

Kişilər az hallarda müraciət edirlər. Hətta bu yaxınlarda maraqlı bir olay baş vermişdi. Hərbi sahənin bir işçisi mənə yazıb kömək istəmişdi və bunu qəti şəkildə heç bir formada paylaşmamağımı istəmişdi. Mən də təbii ki, paylaşmadım. Bu əslində mənim üçün maraqlı idi. Lakin bir tərəfdən də həmin şəxsin özü üçün biraz qəribə idi. Bir xanımdan kömək istəməyi sanki onun üçün yolverilməz hal idi. Və belə düşündüyü üçün bunu paylaşmağımı istəməmişdi. Ancaq belə düşünmək tamamilə səhvdir, çünki, bu sahədə düzdür, mən qadınların sağlam olmağını daha çox istəyirəm, çünki, qadın təməl qüvvədir bu dünyada. Lakin kişilər də bu sahədə müraciət edə bilərlər. Çünki aldığım, sahib olduğum az-çox informasiya ilə hər kəsə, o cümlədən həyat yoldaşıma da və digər kişilərə də (çox az hallarda baş versə də) kömək edirəm.

Sizin fəaliyyət sahəsində addımlamaq istəyən şəxslərə hansı tövsiyyələriniz var?

Mənim fəaliyyət sahəmdə addımlamaq istəyən şəxslərə tövsiyyəm ancaq bundan ibarətdir ki, bu işi professional formada öyrənmək lazımdır. Çünki, mən Azərbaycanda bu sahə ilə tamamilə uzaq olan bir vaxtlarda idman edərkən, yəni, o vaxtlar uşaq vaxtı zala gedərkən fərqinə vardım ki, bizim ölkədə, bizim idman sahəsində çox böyük bir boşluqlar var və bunun səbəbi həmin sahədə müəllim, məşqçi olmalarına baxmayaraq, qəti formada elmi savadı olmayan insanların dediyi səhv düşüncələrlə insanlarımız səhv istiqamətlənirlər və buna görə də bu sahədə addımlamaq istəyən şəxslərə dönə-dönə demək isəyirəm ki, keyfiyyətli bir formada, ölkədaxili deyil, ölkəxaricindən yaxşı kurslar alsınlar və ondan sonra bu sahədə irəliləməyə başlasınlar.

AMVPRESS.AZ