29 Sentyabr 2021
15:53
22373

Gülşən Orucova: “Dünya “evdə qal” deyəndə Azərbaycan əsgəri düşməni Qarabağdan qovaraq, doğma evinə qayıtdı”

İslahat.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Şuşa şəhər Dövlət Qoruğunun və "Fire Land Production”ın təşkilatçılığı ilə təşkil olunan "Mənim atam qəhrəmandır”, "Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Şuşada tanınmış simalar Alim Qasımov, Nurəddin Mehdixanlı, Rasim Balayev, Zülfiyyə Xanbabayevanın iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın təhsil sisteminin layiqli nümayəndələri - Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 82 nömrəli məktəbin direktoru Leyla Fətiyeva və 20 nömrəli məktəbin direktoru Esmira Ağayeva da iştirak ediblər.

Tədbirdə iştirak edən Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova Şuşa təəssüratları ilə bölüşüb. "Vətənin ərazi bütövlüyü uğrunda, Vətən müharibəsində canından, qanından keçmiş vətən oğullarının analarına, xanımlarına, övladlarına dəstək olduq. O uşaqların əllərindən tutub, anaların məğrur baxışları ilə Qarabağ torpağına qürurla addım atmaq, aydın, azad Azərbaycan torpağına, arzuların şəhəri Şuşaya qəhrəman övlad anaları və şəhid övladlari ilə getmək bizə fəxarət hissi yaşatdı.

Cəmiyyətin üzvi olaraq hər zaman şəhid övladlarının, şəhid analarının yanında olmaq, belə möhtəşəm layihədə iştirak etmək hər birimizin borcudur. Körpə balalar, bu torpağın igid, mərd oğul anaları şəhidlərimizin bizə qoyduğu əmanətdir. Onların yanında olmaq, dastana dönən qəhrəman oğulların yadigarları üçün təşkil olunmuş belə layihədə iştirak etdiyim üçün qürur duyuram. Biz Qarabağımıza mübarizə gücü ilə, polad ürəklə, mehriban qəlbimizlə, şəhidlərimizin can qoyduğu vətən torpaqlarımıza şəhid anaları və balaları ilə birlikdə qayıtdıq.

Dünya "evdə qal” deyəndə, Azərbaycan əsgəri silaha sarılaraq, düşməni Qarabağdan qovaraq, doğma evinə qayıtdı. Budur mənim ölkəmin birliyi, əzmi!”.

İslahat.az