30 Yanvar 2021
13:42
13500

Ginekoloq Xumar İsmayılova: "Sağlam gələcək sağlam ailədən başlayır" - MÜSAHİBƏ

Moskvada ginekoloq sahəsində fəaliyyət göstərən həmyerlimiz Xumar İsmayılovanın AMVPRESS.AZ informasiya portalına müsahibəsini təqdim edirik.

Özünüzü necə təqdim etmək istəyirsiniz, zəhmət olmasa, bizə bildirin.

Xumar Sərvər qızı olaraq müraciət edilməsinə üstünlük verərdim.

Ginekologiya sahəsinə marağınız necə yaranıb?

Tibb sahəsinə maraq məndə uşaq ikən başlamışdı. Bu ilk öncə bizim dəyərlimiz, mənim üçün hər zaman yeri başqa olan Terapevt  Abbasov Mübariz həkimdən qaynaqlanmışdı. Mübariz doktoru hər zaman özümə nümunə görürdüm. Ginekologiya sahəsinə isə marağım 3-cü kursda praktikalardan sonra daha da artdı, geniş və maraqlı sahə olduğu üçün daha da diqqətimi çəkdi. 6-cı kursda olarkən isə mərhum ginekoloq Səbinə Mirzəyevanın bir müsahibəsi mənim ginekologiyaya olan sevgimi daha da artırdı. Müsahibədə Səbinə xanım deyirdi ki, "Mənə iki ana eyni anda övladını etibar edir və göydə Allah, yerdə sən deyir”. "Mən işimi sevməsəydim, bu qədər enerji tapmazdım özümdə" - bunlar Səbinə xanımın sözləridir və mənim o qədər xoşuma gəldi ki, ondan sonra Səbinə xanımın bütün məqalələrini oxumağa, müsahibələrini izləməyə başladım və bəlkə də qərarımın dönüş nöqtəsində mənə stimul verdi. Mən də gələcəkdə Səbinə xanım kimi savadlı, işini sevən, işinin peşəkarı və insanlara yardım etməyi sevən bir həkim olacağam, deyə özümə söz verdim. Səbinə xanım mənə ilham oldu deyə bilərəm.

Çalışdığınız sahənin çətin və məsuliyyətli tərəfləri hansılardır?

Hər bir sahə kimi bizim də sahəmiz nə qədər maraqlıdırsa, bir o qədər də məsuliyyətlidir. Hər xəstəmin anamnezinə diqqət yetirdikdə, artıq onun gələcəyi haqqında təsəvvürlər yaranır və tətbiq edəcəyimiz müalicə metodları, terapiyalar haqqında düşünməyə başlayıram. Əgər o pasiyentim mənə ehtibar edərək gəlibsə, mən də ona əlimdən gəldiyi qədər yardım etməyə çalışıram. Çünki, bu mənim borcumdur. Bu yolda addımlamağı seçmişəmsə, hər bir pasiyentim üçün əlimdən gələni etməyə hazıram.

Bu sahə üzrə hansı fərqlilik və yenilikləri etmək istəyirsiniz?

Tibb elmi elədir ki, daim inkişaf edir. Yeni xəstəliklər, yeni dərman preparatları və.s
Bacardığım qədər hər bir həkim kimi mən də sahəm üzrə araşdırmalar aparıram.
İstərdim ki, ilk öncə hər bir qadın ana olsun, daha sonra isə doğulan hər bir uşaq sağlam və qüsursuz doğulsun. Yenilik olaraq etmək istədiyim isə əgər hər hansı bir körpədə qüsur varsa, patoloji problem varsa, onu daha tez ana bətnində müalicə etmək, doğularkən anaya sağlam körpə vermək olardı. Yəni, uşaqda olan qüsuru bacardığım qədər tez fərqinə vararaq, müalicə etmək üçün çalışardım və təbii ki, düşündüyümü də həyata keçirməyə çalışıram.
Fərqlilik isə səmimi cavab verim, fərqlilik axtarışında deyiləm. İşimi fərqli görmək deyil də, gördüyüm işi daha yaxşı görməyə çalışmışam və çalışacamda.

Ailədə sonsuzluğun yaranmasının əsas səbəbləri nələrdir?

Sonsuzluğun yaranmasının bir çox səbəbləri ola bilər. Qohum evlilikləri, irsi faktorlar başda olmaqla bir çox səbəb göstərmək olar. Məsələn, geniş yayılmış səbəblərdən - yumurtalığın disfunksiyasi, boru sonsuzluq faktoru, spermanın aşağı keyfiyyəti, zəif idarə olunan sistem xəstəlikləri, şəkərli diabet, iltihabi bağırsaq xəstəliyi və s. kimi bir çox problemlər saya bilərik. Bu barədə daha geniş və ətraflı məqaləm olacaq yaxın zamanda.

Selektiv aborta münasibətiniz?

Abort müasir cəmiyyətin ən aktual problemlərindən biri sayılır. Ümumiyyətlə, mən abortun tərəfdarı deyiləm. Selektiv aborta qarşıyam. İndiki zamanda belə əgər uşağın cinsiyyəti qızdırsa, bir çox valideynlər selektiv  abort düşünürlər. Əksər hallarda qadını selektiv aborta məcbur edən onun yaxın qohumları və ya həyat yoldaşı olur.

Bizim cəmiyyətimizlə həkimlərimiz arasında hansı körpüləri inşa etməliyik?

Bizim cəmiyyətimiz və həkimlərimiz arasında körpü inşa etsəm, körpünün adını "inam" qoyardım. Çünki, pasiyentlərimiz ilk öncə özlərinə inanmalı, güvənməlidirlər. Əgər inanaraq, qarşısına məqsəd qoyaraq gəlirsə, yanımıza bu müalicənin yarısı deməkdir.

Əmək fəaliyyətinizdə insanların həyatından müxtəlif hekayələrlə tanış olursunuz. Hansı hekayə və ya hekayələri hər zaman xatırlayırsınız?

Əmək fəaliyyətimin ilk günündən xəstələrimlə həm yaxın dost olmağa çalışmışam, həm də həkimi olaraq onlara müalicələr tətbiq etmişəm. Əlbəttə, unutmadığımız çox hekayələr olur bunlardan birini misal göstərim. Ailə ilk öncə sevgi üzərində qurulur, daha sonra övlad dünyaya gəlir, sevgi paylaşılır, paylaşıldıqca artır. Ən əsası odur ki, azalmasın. Bir cütlüyümüz var idi. İllərlə övlad həsrəti çəkmələrinə baxmayaraq bir-birinə hər zaman dəstək olaraq, tutunmuşdular. İllər sonra hamilə qalan xanımın övladını dünyaya gətirdiyimiz gün övladını onun qucağına verərkən onun yaşadığı sevinci heç nə ilə ifadə edə bilmirəm. Nə də əvəz etmək mümkün deyil. Bu sevincləri gördükcə, insanın yaşamağa həvəsi o qədər artır ki, yəni, bəzi hadisələrin izahı olmur. Ona görə də hər qadına bu sevinci yaşamağı arzu edirəm.

Pasiyentlərinizlə işlədiyiniz zaman əsas meyar kimi hansı məqamı xüsusi götürürsünüz?

Pasiyentlərimlə işləyən zaman mənim üçün əsas olan problemini mənə düzgün şəkildə ifadə etməsi və mənim onun problemini ona anlayacağı dildə anlatmaqdır. Yəni, mənim yanımda özünü rahat hiss etməsi mənim üçün önəmlidir.

Dünyada bu sahədə hansı fərqliliklər  və yeniliklər var? Azərbaycanla müqayisədə inkişaf etmiş ölkələrdə hansı üstünlüklər mövcuddur?

Dünyada bir çox inkişaf etmiş ölkələrdə yeniliklər çoxdur. İstərdim ki, gələcəkdə Azərbaycan da bir çox sahədə olduğu kimi bu sahədə də inkişaf etmiş ölkələr sırasında olsun.

Azərbaycanda bu sahədə hansı yeniliklərə ehtiyac duyursunuz?

Əlbəttə ki, hər sahə inkişaf etdikcə, daha da genişlənir. Bu barədə öncədən açıqlamaq istəmirəm. İnşallah gələcək zamanlarda Azərbaycanda olduğum müddətdə planlarımı həyata keçirməyi düşünürəm.

Gələcək həmkarlarınıza hansı tövsiyyələri qeyd etmək istəyərdiniz?

Gələcək həmkarlarıma məsləhət görərdim ki, ilk olaraq seçdikləri sahəni sevsinlər. Əgər bir işi sevgi ilə etsəniz, o işdə mütləq uğur qazanacaqsınız. Ona görə də Tibb və ya başqa sahə olsun, seçməzdən öncə düşünüb, qərar versinlər, "Mən bu sahəni istəyirəmmi?", "Mən özümə güvənirəmmi?", "Mən bunu bacararammı?" - sualını versinlər özlərinə.  Məncə, hər şey buna bağlıdır və əgər həqiqətən də bu üç sualın cavabını bilirlərsə, həqiqətən də seçdikləri sahədə uğur qazanacaqlarından əminəm. Sadəcə özünüzə güvənin və işinizi sevin.

Bizə və oxucularımıza hansı mesajınız var?

Sizə təşəkkür edirəm maraqlı suallarınız üçün.

Sizə və oxucularınıza isə mesajım ondan ibarətdir ki, sağlıqlı olun, özünüzə və sevdiklərinizə diqqət edin. Sağlam gələcək sağlam ailədən başlayır. Əyri bünövrə üstündə düz bina durmaz. Sağlamlığınızı ön planda edin hər zaman.


Səma Qurban
AMVPRESS.AZ