13 İyun 2021
12:44
21313

Ermənistanın 97 min minanı özündə əks etdirən xəritəni təqdim etməsi Azərbaycanın bölgədə yaratdığı yeni reallığın nəticəsidir

Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi daha bir diplomatik qələbəmiz – Ali Baş Komandanın qətiyyətli iradəsinin nəticəsidir.

Bu sözləri Ermənistan tərəfinin Azərbaycana Ağdam rayonu üzrə mina xəritəsini təqdim etməsi ilə bağlı açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.

"Bundan əvvəl Azərbaycan tərəfinin erməni əsirlərinin qaytarılması ilə bağlı gördüyü işlər humanist dəyərlər və siyasətimizdən irəli gəlirdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarı qəbul etməsi ilə ermənilərin ümidləri  puç oldu. Beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını görən düşmən bir daha bizimlə anlaşmağa, tələblərimizi yerinə yetirməyə məcbur oldu” – deyə Ş.İsmayılov qeyd edib.

Deputat həmçinin əlavə edib ki, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhllükəsizliyi və həyatının bizim üçün dəyərli olmasını göstərdi. Anlaşma eyni zamanda tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün böyük töhfə verəcək. Ümid edirəm ki, bütövlükdə cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əssasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəkdir. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq.

İslahat.az