10 Fevral 2021
19:52
13431

Erkən nikahların yaratdığı Ginekoloji və Psixoloji problemlər

Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir.

Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.

Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır.

Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq və psixoloqun mövqelərini məzmuna əlavə etdik.

Ginekoloq Xumar İsmayılova qeyd edir ki, qızların erkən yaşda ailə qurması onların sağlamlığına olduqca ağır zərbələr vurur: "Yeniyetmə qız uşaqları ilk menstruasiyadan sonra hamilə ola bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa çatdırılmasına və doğuşa hazır olmur".

Ginekoloq mövzu ilə bağlı ətraflı məlumat verərək əlavə edir:

"Erkən yaşlarda hamilə qalmaq qadınlar üçün risk faktoru hesab olunur. Ailə qurmaq üçün qızların orqanizmi müəyyən qədər formalaşmalıdır və bədənin hormonal funksiyası tamamlanmalıdır. Hələ 17 yaşı tamam olmayan qız ərə gedən zaman orqanizmdə reproduktiv sistem və endokrin orqanlar hələ öz funksiyalarını başa çatdırmamış vəziyyətdə olurlar. Erkən yaş doğumlarında ana və uşaq ölümləri, əlil uşaq dünyaya gətirmə riski daha böyükdür. Həmçinin, qızlarda hamiləlik zamanı böyrək problemləri də ortaya çıxır.

Hamiləlik vaxtı orqanizmdə dövr edən qanın həcmi təxminən iki dəfə artır. Bu da o deməkdir ki, ürək iki dəfədən də artıq işləməlidir. Ürək-damar sistemi formalaşmamış azyaşlı hamilə üçün isə bu iki və üç dəfədən artıq yük deməkdir.

Əksər hallarda erkən nikaha daxil olan qızların bu yaşda ana olmağa fizioloji olaraq tam yetişməməsi, çanaq sümüyü və doğuş kanalının hələ kifayətqədər inkişaf etməməsi doğuşu çox çətinləşdirir. 15 yaşından kiçik zahılarda müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımi müalicə aparılmadıqda bu problemlər qalıcı əlilliyə, sidik ve nəcisi saxlaya bilməməyə, müxtəlif yoluxucu xəstəliklərlə nəticələnir. Belə nəticələr bir qadının həyatının sonuna kimi qalır. Həmçinin azyaşlı qızların subay qızlara və 20 yaşından sonra evlənəcək qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma riski yüksəkdir. Bu risk təkcə ananın deyil, həm də uşağın sağlamlığını təhlükə altında qoyur. Azyaşlı anaların uşaqlarında tez-tez immunitet çatışmazlığı olur və 18 yaşından kiçik anaların yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski daha yüksəkdir.”

"Erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər, erkən hamiləlik və onunla bağlı baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar risk göstəriciləridir. 20 yaşadək qadınlararasında doğum etmiş və doğuşdan sonra olmuş uşaqların sayı çoxdur. Qadınların yumurtalıq funksiyalarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Qadınların doğuş qabiliyyətinə təsir edəcək hər hansısa bir problem olmadığı təqdirdə 35 yaşına qədər rahat bir şəkildə hamilə qala bilər”, - ginekoloq Xumar İsmayılova vurğulayıb.

Ginekoloq sonda uşaqların öz uşaqlıqlarını yaşadıqdan sonra ailə qurmalarını tövsiyə edib: "Uşaq uşaqlığını yaşamadan evləndirildiyi üçün ailənin nə olduğunu dərk etməyə zamanı belə olmur, uşağın tək özü deyil, orqanizmi də böyümədiyi üçün ana ola bilmir. Bəzən isə buna görə erkən qurulan ailə elə erkən də dağılır və bir növ tez boşanmaya yol açır."

Ginekoloji problemlər qədər psixoloji problemlər də bu məsələdə vacib məqamdır.

Psixoloq, "İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov erkən nikahları insan həyatında psixoloji terror adlandırır. O qeyd edir ki, günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi cəmiyyətin mənəvi cinayətkarlığıdır.

Psixoloqun fikrincə, erkən və məcburi nikaha təhrik edilmiş uşaqların həyata baxışı müstəqil və yaradıcı deyil. İnsan həyatına mənəvi terrorun edilməsi köləlik psixologiyasıdır: "Ailənin təhsilsiz olması və dırnaq arası adət-ənənə adlanan stereotiplərin mövcudluğu valideynlərin övladlarını erkən nikaha təhrik etməsinin psixoloji müşahidəsidir. Günümüzdə daha çox qız uşaqlarının erkən nikaha təhrik edilməsi isə cəmiyyətin mənəvi cinayətkarlığıdır. Yaranmış mənzərəyə psixoloji yanaşsaq, aydın görmək olur ki, erkən nikaha təhrik edilmiş qız uşaqlarının sosial xarakteri dərin depressiyaya və intihar kimi hallara gətirib çıxarır. Bəzən valideynlər bunu iqtisadi və ya sosial həyatları ilə əlaqələndirirlər. Amma, insanın iqtisadi və sosial həyatı uşaqdan asılı deyil. İstənilən halda bir insanın taleyini məhv etmək bir cəmiyyətin taleyini məhv etməkdir.”

Psixoloq mövzu ilə bağlı ətraflı fikirlərini əlavə edir:

"Konservativ ailələrdə qız uşaqlarına "evdə qalacaqsan”, "bəxtin bağlanıb”, "yaşın keçir”, "ailə qur və uşaq dünyaya gətir” kimi psixoloji təsir ifadələri işlədilir. Alternativ seçimləri olmayan qız uşaqları valideynlərinin qərarlarına qarşı çıxa bilmirlər. Ailə qurandan sonra da müxtəlif fikirlər psixoloji təsir kimi fərqli formada ifadə edilir. Psixoloji təzyiq öz mahiyyətini dəyişmir. Erkən nikah uşaqların uşaqlıqlarını əlindən alır, həmyaşıdlarından uzaqlaşdırır, təhsil həyatını yarımçıq saxlayır və gələcəkdə həmin uşaqlar şəxsiyyət kimi formalaşmırlar. Erkən evliliyə təhrik edilmiş qız uşaqları hər cür istismarla qarşılaşırlar. Fiziki və psixoloji hazır olmadan, evlilik həyatına başlayan xanımlar şiddət və cinsi zorakılığa məruz qalırlar. Təhsilsiz və sosial fəallığı olmayan xanımlar məruz qaldığı bütün fiziki və psixoloji şiddətlə mübarizə apara bilmirlər.”

"Erkən evlilik həyatına başlamış xanımların ailə qurmaqdan əvvəl fikri öyrənilmədiyi kimi, ailə qurandan sonra da heç bir məsuliyyətli qərarların verilməsində də fikri öyrənilmir. Bütün qərarların verilməsində kişi zehniyyəti xüsusi rol oynayır. Tibbi olaraq biliklərə yiyələnməyən ailələrdə qızların istənməyən hamiləlik riskini artırır. Fiziki və psixoloji hazırlığı olmayan insanın uşaq dünyaya gətirməsi onun üçün faciəyə çevrilir. Belə olduğu halda insanda postnatal depressiya müşahidə olunur. Analıq statusunun məsuliyyətini dərk etməyən uşağın öz həyatı ilə bağlı bütün sualları cavabsız qalır. Hər şeyin əvvəlki kimi olmayacağını düşünən şəxs öz həyatında fəaliyyətsizliyi qərarlaşdırır. Bu isə həyatın növbəti mərhələlərində daha çətin psixoloji problemlərə çevrilir”, - psixoloq Rövşən Nəcəfov vurğulayıb.

Psixoloq sonda cəmiyyətdəki bu problemin həlli üçün başlıca amilin təhsil, maarifləndirmə olduğunu xüsusi qeyd edir:

"Erkən və məcburi nikahlara qarşı mübarizəmizin əsasını maarifləndirmə fəaliyyətləri təşkil edir. Qanunun aliliyi ilə erkən və məcburi nikahlara səbəb olan şəxslər cəzalandırılmalıdır. Cəmiyyət olaraq isə erkən və məcburi nikahlara qarşı ictimai qınaq yaratmalıyıq.

Biz cəmiyyət olaraq erkən və məcburi nikahlara yox deməliyik. Övladlarımıza iqtisadi yük kimi deyil, cəmiyyətin dəyərli üzvləri kimi baxmağı öyrənməliyik. Hər bir ölkənin gələcəyi gənclərdir. Gələcəyimiz üçün övladlarımızın təhsilli, sağlam və yaradıcı olması vacibdir."

Səma Qurban 

AMVPRESS.AZ