Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşüb.
"Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ukrayna və Türkiyə əməkdaşlığının bütün spektrini- sərbəst ticarət sahəsindən hərbi-texniki əməkdaşlığa qədər müzakirə etdik. Əlaqələrimiz daha da konkretləşir və praktiki layihələrlə doludur”, - deyə Ukrayna lideri "Twitter” hesabında yazıb.
Vladimir Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakterini və siyasi, iqtisadi-ticarət, hərbi-texniki və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər Qara dəniz bölgəsində sabit təhlükəsizlik vəziyyətinin saxlanılması məsələsini nəzərdən keçiriblər.
Rəcəb Tayyib Ərdoğan Strateji Əməkdaşlıq Şurasının 10-cu iclasında iştirak etmək üçün Ukraynaya getmək təklifini qəbul edib.
İslahat.az