07 Aprel 2021
11:24
13233

Elnur Allahverdiyev: “Müşahidə şuralarının yaradılması dövlət müəssisələrinin işini müasirləşdirəcək”

Dövlətə məxsus müəssisələrin idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Müşahidə şuralarının yaradılmasına fərqli aspektlərdən baxılmaqdadır. Müşahidə şuralarının səlahiyyətləri, görəcəyi işlərə dair hətta ekspertlər səviyyəsində belə, suallar ortaya qoyulur. Dövlət müəssisələrinin korporativ idarəetmə formasına keçidinə dair maraq doğuran məsələləri millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Elnur Allahverdiyevlə müzakirə etmişik. 

- Elnur müəllim, dövlət müəssisələrində Müşahidə şuralarının yaradılması hansı zərurətdən doğur? 

- Burada bir zərurətdən danışmaq olar. O da budur ki, dövlət ona məxsus müəssisələri daha effektiv, gəlirli, rentabelli görmək istəyir. Dövlət bu müəssisələrin sahibidir. Onlara külli miqdarda vəsait yatırır, subsidiyalar ayırır. Özü də bu müəssisələr gəlir verməli olan müəssisələrdir, ölkə iqtisadiyyatının aparıcı sferalarını təmsil edirlər. Yəni müəssisələrin sahibi sadə dillə desək, qoyduğu pulun qarşılığını görmək istəyir. Dövlətin istəyi təbiidir. 

 

Sahibkar yatırdığı kapitalın gəlir verməsini istəyir. Özəl sektorda olduğu kimi, dövlət sferasında da belədir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, dövlət sektoru daha məsuliyyətli davranmağı tələb edir. Məsələn, sahibkar hansısa vəsaiti uğursuz qərar nəticəsində itirə bilər və bu, yalnız onun sərmayəsidir. Qərar da özünündür, məsuliyyət də, itki də. Dövlətdən söhbət getdikdə isə istənilən itki və israfçılıq xalqın cibindən çıxmış puldur. Bu baxımdan, şəxsən mən hesab edirəm ki, dövlət müəssisələrində yaradılmış Müşahidə şuraları həm onların daha effektiv işləmələrinə, həm də dövlət vəsaitinin idarəolunması prosesinə öz müsbət təsirini göstərəcək.

- Uyğunsuzluq alınmır? Dövlət müəssisəsinin rəhbərliyi dövlət tərəfindən təyin olunur. Eyni zamanda, Müşahidə şuraları da dövlət tərəfindən formalaşdırılır. İkisi də dövlət...

- Burada heç bir ziddiyyət yoxdur. Gəlin bir az sadələşdirək. Dövlət bu müəssisələrə kapital yatırır. Müşahidə şuraları bu vəsaitin xərclənməsinə nəzarət edəcək. Eyni zamanda, ortaya yeni və effektiv idarəetmə forması qoyulur. Yəni, dövlət müəssisələrində yeni yaradılan idarəetmə modeli dövlətin əlində olan funksiyalarını ayırır. Tənzimləyici və səhmdar kimi funksiyalarının bölüşdürülməsi, qərarların qəbul edilməsi və icra olunmasına nəzarət üçün maraqların toqquşmasının qarşısının alınması baş verir. Strateji, uzunməqsədli qərarların qəbulu, onların icrası və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Əvvəllər qərarları bu müəssisələrin icra orqanları özləri qəbul edirdilər. İndi qərarı Müşahidə Şurası qəbul edəcək, icra orqanı isə onun həyata keçirilməsi ilə məşğul olacaq. Dövlət həmçinin Müşahidə Şurası vasitəsilə icra prosesinin effektivliyinə nəzarət edəcək. 

Bu orqanlar arasında dəqiq və işlək səlahiyyət bölgüsü olacaq. Bu bölgü imkan verəcək ki, müəssisə həm şəffaf işləsin, həm də itkiyə yol verməsin. Əvvəlki modeldə icra orqanı müəssisənin necə işləməsinə dair qərar verir və özü də bu qərarı icra edirdi. Təbii ki, bu, effektiv yol deyil. Şəffaflıq prinsipi pozulur. Hazırda isə icra orqanı Müşahidə Şurası tərəfindən qəbul edilmiş qərarın keyfiyyətlə həyata keçirilməsinə cavabdehdir. Bu, dövlət tərəfindən ayrılan vəsaitin doğru-düzgün xərclənməsi ilə yanaşı, müəssisənin gəlirlilik səviyyəsinə çıxmasını da şərtləndirəcək dəyişiklikdir. Nə vaxta qədər dövlət bu qurumlara pul verəcək və qarşılığını görməyəcək?

- Belə çıxır ki, Müşahidə Şurası həm qərarların qəbul olunmasına, həm də nəzarət funksiyasına malikdir?

- Bilirsiniz, bir məqamı aydınlaşdırmalıyıq ki, istənilən halda dövlət müəssisələrində icraedici də, qərarverici də dövləti təmsil edir. Yəni burada bir ziddiyyət yoxdur. Müşahidə Şurasının yaradılması müasir idarəetmə fəlsəfəsi və korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi məqsədindən doğur. Bunu bir reallıq kimi qəbul etməliyik ki, dövlətə məxsus müəssisələr də müasir idarəçilik prinsiplərinə cavab verməlidirlər. Sözügedən halda Müşahidə Şurası ümumi nəzarəti həyata keçirir, müəssisənin strategiyasını müəyyən edir, icra orqanlarının fəaliyyətini qiymətləndirir, ancaq cari əməliyyat prosesini idarə etmir. 

- Siz qeyd etdiniz ki, dövlət müəssisələri onlara yatırılan investisiyanı qaytarmalı və gəlirlilik səviyyəsinə qalxmalıdırlar. Necə bilirsiniz, tətbiq edilən modellə buna nail olmaq mümkün olacaq?

- Bu müəssisələrin qeyri-effektiv fəaliyyətini şərtləndirən iki mühüm amili qeyd etmək istəyirəm. Birincisi, idarəetmə, yəni qərarların qəbulu və icrası prosesinin müasir olmaması. Özəl sektor tam fərqli idarəçilik fəlsəfəsinə malikdir. Zatən özəldir. Dövlət isə iqtisadi islahatlar həyata keçirir, iqtisadiyyatın rentabelliyini artırmağa çalışır, ancaq dövlət müəssisələri bu prosesdən geri qalırlar. Müşahidə Şurasının fəaliyyəti ilə korporativ idarəçilik mədəniyyəti və fəlsəfəsində dəyişikliklərin baş verəcəyi şübhəsizdir.
İkincisi, əvvəlki modeldə cari rəhbərlik qərar qəbul edirdi və özü də icraçı idi. Bu, şəffaf model deyil, fikrimcə, maliyyə itkilərinin böyük bir qismi məhz bu mərhələdə yaranır. Eyni zamanda, Müşahidə Şurası qərar qəbul edərkən təsisçi ilə razılaşdıracaq. Beləliklə, dövlət tərəfindən ayrılmış sərmayənin xərclənmə mexanizmi şəffaf forma alacaq. 

- Onda qayıdaq bir daha məsuliyyət amilinə. Müəssisənin əsas məsuliyyəti kimin, daha doğrusu, hansı orqanın üzərindədir?

- Mən bu məqama artıq toxundum, bu orqanlardan hansı nə işi görürsə, o işə görə də məsuliyyət daşıyıcısıdır. Hazırki halda icra orqanı, yəni cari rəhbərlik icra prosesinə, Müşahidə Şurası isə qərarların qəbulu və işin gedişatına nəzarətə edir. Bir məqamı da qeyd edim ki, Müşahidə Şurası fəaliyyətində təsisçi, yəni dövlət qarşısında məsuliyyət daşıdığı kimi, onun üzvləri də qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyıcısıdırlar.

Yeri gəlmişkən, mən bir əlavə də edim. Müşahidə Şurasının fəaliyyətə başlaması müəssisənin işini müasirləşdirməklə, ümumi prosesin gedişinə yardım edəcək. Ən əsası, qərar qəbul etmə və icra prosesinin ayrılması düzgün strateji qərar vermə, habelə rəqabətə dözümlülük, maliyyə şəffaflığı və sabitliyinə səbəb olacaq. Şəffaflığa ancaq hesabat verməklə nail olmaq olar. Hesabatlılıq daxili idarəetmə prinsiplərinin təkmilləşməsi ilə nəticələnəcək. Daxili işlək səlahiyyət bölgüsündən doğan təkmilləşmə ona imkan verəcək ki, dövlət müəssisələri daha effektiv və sərt rəqabət apara bilsinlər. Bu isə gəlirlilik amilinə müsbət təsir göstərəcək. Mən məhz bunları nəzərə alaraq hesab edirəm ki, yeni model uğurlu nəticələr verəcək.

 

İslahat.az