11 Yanvar 2022
13:41
23065

Dövriyyədə olan nağd pulun həcmi kəskin artıb

Ötən ilin dekabrında manatla pul bazasının həcmi 3,658 milyard manat və ya 25,6 faiz artıb.

İslahat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımdan sonra bazanın həcmi 17,938 milyard manata yüksəlib.

2021-ci il ərzində isə pul bazasının həcmi 4,376 milyard manat (32,3 faiz) artıb.

Qeyd edək ki, pul bazası pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsidir. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul bazası pul kütləsinin aktiv hissəsi olduğundan onun həcminin artması bazarlarda tələbin artmasına, bu dəyişiklik isə qiymət artımlarına səbəb olur. Ötən ilin son ayında və bu ilin yanvarında qiymətlərin sürətlə artmasının əsas səbəbi məhz pul bazasının həcminin kəskin artmasıdır.

Buna görə də Mərkəzi Bank qiymət artımlarını zəiflətmək üçün növbəti aylarda bazanın həcminin azaldılması üçün tədbirlər görəcək.

İslahat.az