09 Aprel 2021
17:13
14079

Dünya çempionatını keçirməyə namizədlərdən biri Azərbaycandır - FOTO

2021-ci ildə kikboksinq üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə seçiminin son mərhələsi yaxınlaşıb.

İslahat.az-ın xəbərinə görə, WAKO Təşkilat Komitəsinin üzvü, WAKO Avropanın baş katibi Srcan Buqarçiç Bakıya gəlib.

O, 2021-ci ildə keçirilməsi planlaşdırılan böyüklər və veteranların dünya çempionatını təşkil etməsi üçün namizədliyini irəli sürən Azərbaycan Kikboksinq Federasiyasının (AKF) göndərdiyi təklifləri yoxlamaq üçün inspeksiya məqsədilə paytaxtımıza səfər edib. Səfər zamanı S.Buqarçiç müxtəlif görüşlər keçirərək, eyni zamanda AKF tərəfindən təklif olunan və dünya çempionatı üçün nəzərdə tutulan otellərlə, həmçinin mötəbər yarışın keçirilmə yeri kimi nəzərdə tutulan Heydər Əliyev İdman və Konsert Kompleksinin şəraitilə tanış olub.

 

Gənclər və İdman Nazırliyində keçirilən görüşdə nazir müavini İsmayıl İsmayılov, İdman şöbəsinin rəisi Fərid Mansurov, S.Buqarçiç, AKF prezidenti Orxan Əliyev, AKF-nın I vitse-prezidenti Ehram Məcidov və federasiyanın baş katibi, milli komandanın rəisi Sadıx Bağırov iştirak edib. Görüş zamanı S.Buqarçiç dünya çempionatının ev sahibliyi edəcək ölkə seçiminin son mərhələsinin yaxınlaşması barəsində məlumat verib, 10-a yaxın namizəd ölkənin müxtəlif səbəblərdən növbəti mərhələyə qatıla bilməyəcəyini bildirib. 

Srcan Buqarçiç artıq dörd namizəd ölkənin son seçmə mərhələsinə qatılacağını, onların arasında Azərbaycan, Niderland, İtaliya və Monteneqro olduğunu elan edib. O, Niderlandın paytaxtı Amsterdamda şəraiti yoxladıqdan sonra Bakıya gəldiyini vurğulayıb. Qonaq həmçinin 2009-cu ilin dünya çempionatının lou-kik üzrə 81 kq çəki dərəcəsində final döyüşünü xatırladaraq Ehram Məcidovu kikboksinqin "Brilliant döyüşçüsü” adlandırıb.

Qeyd edək ki, WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) İdarə Heyəti aprelin 17-də keçirəcəyi növbədənkənar iclasında ev sahibi barədə yekun qərar verəcək. Dünya çempionatı noyabrın sonlarına planlaşdırılır.