26 Mart 2019
13:57
1606

"Diqlas"dakı yanğından dəhşətli görüntülər... FOTOLAR - VİDEO

Bakının 8-ci kilometr bazarının yaxınlığında yerləşən Diqlas Ticarət Mərkəzi yanır. 

Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

İslahat.az xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

"Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Hadisə baş verən kimi Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

İslahat.az